Hazırda Antalyada tək klublarımız yox, həm də Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları da var. Onlar klublarımızın yoxlama oyunlarını canlı yayımlamaq üçün bu şəhərə ezam olunub. Lakin Rekord.az-a daxil olan məlumata görə, sözügedən qurum "Neftçi"nin oyunlarını yayımlamayacaq. Buna səbəb isə "Neftçi"nin buna razılıq verməməsidir. Belə ki, "ağ qaralar"ın rəhbərliyi öz oyunlarının yalnız "Neftçi" TV ilə yayımlanmasını istəyir. İstəyirlər ki, ilk növbədə öz tv-lərinin baxış, abunə sayı artsın, insanları daha çox bura cəlb etsinlər. Biz isə məsələnin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevlə əlaqə saxladıq. Abdullayev qurumla klub arasında yaranmış vəziyyəti belə izah etdi: "Yox, bu il, ümumiyyətlə, belə bir söhbət olmayıb. Yəni biz heç müraciət də etməmişik. Əslində biz heç kimin oyununu məcbur şəkildə də yayımlamırıq. Kim istəsə, razılıq versə, onların oyunlarını yayımlayırıq. Açığı klubların özünə də bu cür sərf edir. Çünki əziyyətli işdir, biz də bu əziyyətə qatlaşırıq. Amma "Neftçi" ilə fərqli olmuşdu. "Neftçi" TV yeni yarananda onlar bildirdilər ki, öz oyunlarını ancaq "Neftçi" TV-də yayımlanmasını istəyirlər. Biz də təbii ki, kimisə nəyəsə məcbur edən deyilik. Yənnu bu söhbət bir neçə il qabaqdan olmuş söhbətdi. O üzdən də bu il heç müraciət eləmədik".