Əlcək atmağın nə olduğunu bilirsiz. Söhbət əlcəklərin sözün əsl mənasında götürülüb, kiməsə atılmasından getmir. Çar Rusiyasının dövründə kimsə bir başqasını duelə çağırmaq istəyirmişsə, onun önünə ağ əlcəklər atırmış. Sonra da bu iki şəxsin arasında tapançalı duel keçirilirmiş. Kim cəld və dəqiq atəş açırmışsa, o da dueldən qalib çıxırmış. Uduzan isə sözsüz ki, o dünyalıq olurmuş. O vaxtdan bəri “əlcək atmaq” ifadəsi yaranıb. Haqq-hesab çürütmək üçün görülən hansısa iş, əməl əlcək atmaq kimi qiymətləndirilir...


Bu həftəsonu Azərbaycan Premyer Liqasındakı üç həftəlik fasilə başa çatır. Sözsüz ki, 3-cü turun afişasında ən cəlbedici qarşılaşma “Neftçi” – “Qarabağ” görüşüdü. “Ağ-qaralar” ötən mövsümkü çempionluğun təsadüf, yaxud da kənar təsirlərin nəticəsi olmadığını isbatlamalıdı. Hiss etmək çətin deyil ki, “xalq komandası”na könül verən azarkeşləri də bu cür söz-söhbətlər təngə gətirib, onlar da sevimli komandalarının meydana çıxıb döyüşməsini, belə iddialara son qoymasını arzulayır. Samir Abasovun və onun çalışdırdığı komandanın isbat etməli olduğu məsələ təkcə bu deyil. “Qarabağ” ardıcıl səkkizinci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmaqla səviyyəsini bir daha ortaya qoydu. “Köhlən atlar”ın bu möhtəşəm uğuru neytral azarkeşlərin də qəlbini fəth edir, “Neftçi” azarkeşlərini qıcıqlandırır.
“Neftçi” üçün builki avrokubok mübarizəsi isə tam bir fiaskoya çevrildi. Azərbaycan çempionu təkcə “Dinamo”nu məğlub etməyi bacardı. Gürcülərdən sonra yolu “Neftçi”ylə kəsişən komandaların üçü də mübarizədən qalib ayrıldı. “Olimpiakos”, HİK və “Makkabi” birləşib “Neftçi”ni avrokuboklardan qovdular. Bu uğursuzluğun fonunda “Qarabağ”ın ardıcıl səkkizinci dəfə qrup mərhələsinə vəsiqə qazanması xüsusiylə parlaq nəticə kimi görünür. “Aberdin” üzərindəki möhtəşəm qələbə isə “Qarabağ”ın səviyyəsini bir daha ortaya qoydu.


Maraqlısı odu ki, bu uğursuzluqdan sonra “Neftçi” transfer bazarında xeyli fəallaşdı. Azarkeşlər mövsüm bitəndən bəri “hücumçu alın” çağırışları səsləndirib, fəryad etdilər. Bu çağırış avrokubok mübarizəsi bitəndən sonra eşidildi. Qısa müddət ərzində “Neftçi” iki braziliyalı hücumçu transfer edib. 30 yaşlı Ramon Maçado “Neftçi”də 91 nömrəli formanı geyinəcək. 34 yaşlı Tiaqo Bezerra isə “ağ-qaralar”ın yeni “9” nömrəsidi. Klub rəsmisi Rüstəm Allahverdiyev argentinalı futbolçu Xorxe Korrea ilə anlaşdıqlarını, tezliklə Bakıya gələcək futbolçuyla rəsmi sözləşmə imzalanacağını bildirib. Bu isə o deməkdi ki, “Neftçi” qısa müddət ərzində üçüncü əcnəbi transferini reallaşdırmaq olacaq. Bütün bu transferlər isə daxili çempionatdakı mübarizəyə hesablanıb.


Fikrimizi bir az da konkretləşdirək. Azərbaycan çempionatıyla az-çox maraqlanan hər kəs bilir ki, son üç transfer olmasaydı belə “Neftçi” Premyer Liqanın “Qarabağ”dan savayı digər təmsilçilərindən güclü idi. Deməli, konkret hədəf “Qarabağ”la çempionluq yarışına girişməkdi. “Köhlən atlar”ın qışa qədər iki cəbhədə mübarizə aparacağını, qrupdan çıxmaq perspektivini də nəzərə alsaq, “Neftçi”nin həvəslənməsi heç də təsadüfi deyil. “Xalq komandası” əsas rəqibin başının avrokuboklara qarışmasından yararlanıb, ardıcıl ikinci dəfə çempion olmağı hədəfləyib. Bunun nə dərəcədə real olmasını isə bu bazar günü biləcəyik. Axşam 22:30-da çempionluğa iddialıların ilk qarşılaşması başa çatacaq və “Neftçi”nin “Qarabağ”a əlcək atmağı bacarıb-bacarmayacağı məlum olacaq.