Azərbaycan Premyer Liqasında gedişat yenə gözlənilən məcraya düşür. Qış fasiləsinə qədər “Neftçi” zirvədə qərarlaşır, qış fasiləsindən sonra “Qarabağ” tempi artıraraq, yenidən zirvəni ələ keçirir, aprel ayına kimi çempionluğu böyük ölçüdə təmin edir. 2021-ci il də başlar-başlamaz eyni ssenari təkrarlandı. “Qarabağ” “Səbail”lə ehtiyatda qalan oyundan qalib ayrılaraq, 2 xallıq fərqlə “Neftçi”nin önünə keçdi. İndi yenə hamını bir sual düşündürür: öncəki illərdə yaşanan tendensiya bu dəfə də təkrarlanacaqmı?

 

“Qarabağ” favoritdi, sözsüz. Oturuşmuş və stabil heyət, psixoloji üstünlük. Xüsusilə ikinci məqam çempionluq mübarəzində həlledici olur. Düşünürəm ki, “Neftçi” ilk növbədə məhz bu mübarizədə Ağdam klubuna məğlub olur. Yəni komanda qış fasiləsindən sonra “Qarabağ”ı özündən irəli buraxır, daha sonra bunun şokundan çıxa bilmir, sanki ruh düşkünlüyünə düçar olur və 1-2 oyunda da xal itirməklə aradakı fərqin açılmasına şərait yaradır. Hazırda arada 2 xallıq fərq var.  İndiki durumda “Neftçi” ilk növbədə “Qarabağ”ı yox, öz üzərində olan psixoloji basqını məğlub etmək haqda düşünməlidir.  Əgər 2 xallıq fərqə görə psixoloji gərginlik yaşansa, bu basqı altında oyuna çıxsa və daha bir oyunda xal itirib fərqi daha da açsa, o zaman “Neftçi” növbəti dəfə ən yaxşı halda, ikinciliklə kifayətlənəcək. Yox, əgər 2 xallıq fərqin təsiri altına düşməsə,  hansısa psixoloji basqı altına oyunlara çıxmasa, o zaman çempionluğa ümid edə bilər. Bir sözlə, çempion olmaq istəyirsə, “ağ qaralar” ilk növbədə özləri özlərinə qalib gəlməlidir.

 

Anar XANLAROV