“Neftçi” silkələnməlimi, silkələnməməlimi?
- 11 Noy 2022 14:03
- 1975
Təxminən 4 ay bundan əvvəl “Neftçi” üçün avrokubok mövsümü başa çatdı. “Rapid”ə Vyanada uduzan “ağ-qaralar” Konfrans Liqasında irəliləmək, azarkeşlərini də sevindirmək arzularını azı bir illiyə təxirə saldı. Mən də həmin vaxt dəyərli “Rekord.az” oxucuları üçün “Regekampfın canı qurtardı” sərlöhvəli bir yazı qələmə almışdım. Samir Abasovun yerinə təyin olunan rumın “hə-hü” edənə qədər vədə yetişmişdi, avrokubok sınaqları başlamışdı. “Neftçi”nin Konfrans Liqasında yolu nə qədər uzaq olsaydı, Premyer Liqada vəziyyət o qədər də mürəkkəbləşəcəkdi, uğursuzluq ehtimalı artacaqdı.
Bu baxımdan “Rapid” səddinin aşılmaması Regekampfın işinə yaramalıydı. Rumıniyalı mütəxəssis həm komandasının potensialını daha yaxından öyrənmək, həm də çətin mövsümə yaxşı hazırlaşmaq üçün fürsət qazanmışdı. Birdən-birə “iki cəbhə”də mübarizə aparmaq nə onun bacaracağı iş idi, nə də “Neftçi”nin. Çempionluğun aşkar favoriti “Qarabağ” bunu ona görə bacarır ki, ortada illərin təcrübəsi, oturuşmuş sistemi var. “Köhlən atlar” bir növ bu cür ağır qrafikə öyrəncəlidilər. Diqqət yetirirsizsə, Qurban Qurbanov komandasını çempionatın az qala hər turuna fərqli heyətlə çıxarır. Amma yenə də “Qarabağ”ı büdrətmək mümkün olmur. Ağdam təmsilçisi həm psixoloji, həm də fiziki baxımdan bu gərgin mübarizəyə, ağır qrafikə hazırdı.
“Neftçi”dən və Regekampfdan isə bu tələb olunmurdu. Yeganə tapşırıq yerli çempionata hazırlaşmaq, “Qarabağ”ın başı “Frayburq”, “Nant” və “Olimpiakos” kimi rəqiblərlə mübarizəyə qarışmışkən daha çox xal toplamaq idi. Siz təsəvvür edin, “Qarabağ” hələ bir ayağı Avropada, bir ayağı Tovuzda bu cür oynayır, heç kimə xal vermir. Bu komanda yalnız Azərbaycan çempionatında oynasa, gücünü yalnız bizim Premyer Liqanın oyunlarına qoysa nə olar?! “Neftçi”nin də həmin reallığı qəbul edəcəyini, fürsəti dəyərləndirəcəyini gözləyirdim. Elə “Regekampfın canı qurtardı” deyəndə də bu məqamı nəzərdə tuturdum ki, rumıniyalı mütəxəssis əlavə əziyyətdən xilas oldu.
Etiraf edirəm ki, yanılmışam. Nə rumıniyalı mütəxəssis mənim düşündüyüm qədər hazırlıqlı və peşəkar imiş, nə də “Neftçi”nin heyəti gücləndirmək üçün ağ-qara forma verdiyi əcnəbilər. Misli Premyer Liqasında 13 oyun keçirən “ağ-qaralar” beş dəfə büdrədilib. Heç-heçələr “Turan Tovuz” və “Sumqayıt” kimi zəiflərlə oyunlarda qeydə alınıb. Halbuki, əsas rəqiblər “Qarabağ”la “Sabah” bu iki komandanı öz yolundan asanlıqla kənarlaşdırıb. Elə əsas məqamlardan biri də odu ki, “Neftçi” əsas rəqiblərinə hər üç oyunda uduzub. Yəni, özünün itirdiyi xalları əsas rəqibin qazanmasına şərait yaradıb. Regekampfa hər şeyi bağışlamaq olardı. Amma adam da “Qarabağ”la oyundan əvvəl vətəninə gedib, orda özünü şou-biznes ulduzu kimi apararmı? “Neftçi”nin vəziyyəti məhz həmin qarşılaşmadakı məğlubiyyətdən sonra pisləşib. Buna da əsas səbəb kimi də məşqçinin məsuliyyətsizliyini görürəm.
Qarşıdan “Qəbələ” ilə oyun gəlir. Bəli, rəqib “asan yem” deyil. Tale elə gətirib ki, bu gün “Qəbələ” də “Neftçi”nin yerinə göz dikib, əyalət təmsilçisi “Bakcell Arena”da qələbə qazansa, 3-cü pillədən onları cəmi üç xal ayıracaq. Bu qarşılaşma “Neftçi”nin medal qazanması üçün ciddi sınaqdı. Qələbə halında “Neftçi”nin azı bürünc medal qazanacağına şübhə demək olar ki, qalmayacaq. “Neftçi” silkələnməli və ayılmalıdı. Silkələnə bilməsə...