AFFA U-16 Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Rekord.az xəbər verir ki, “Neftçi” Futbol Mərkəzində üçüncü yer uğrunda oyun, “ASCO Arena”da isə final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Sabah” üzərində 2:1 hesablı qələbə qazanan “Zirə” komandası yarışı üçüncü sırada tamamlayıb.

Finalda isə “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Neftçi” çempion olub. “Qarabağ” gümüş medallara yiyələnib.

Oyunlardan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 56 qol vuran “Neftçi”nin hücumçusu Elnur Abdullayev ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Əli Qazibəyov isə mövsümün ən yaxşı oyunçusu seçilib.

Mükafatları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər.