"Neftçi" üçün normal hadisələr
- 2020-06-06 13:46
- 4590
“Neftçi” nə üçün çempion olmalı idi ki?!” kimi maraqlı və unudulmaz açıqlamanın müəllifi Ceyhun Sultanov bu günlərdə yenə quşu gözündən vurub. “Xalq komandası”nın idman direktoru “komanda.az” saytına müsahibəsində “Neftçi”də son günlər baş verən prosesləri normal adlandırıb, xüsusi heç nəyin baş vermədiyini deyib. Yazının sonunda bu “normal proseslər” məsələsinə qayıdacağıq, heç yerə ayrılmayın, birlikdə davam edək.
Təsəvvür edin ki, ölkənin ən qocaman klubu 3-5 legionerin əlində aciz qalıb. Geydikləri formanın dəyərini bilməyən əcnəbilər dabanlarına tüpürüb, “Neftçi”dən qaçmaq üçün sıraya düzülüblər. Koronavirus pandemiyası dövründə klubun kirayələdiyi lüks mənzillərdə kef-damaq içində yaşayan gəlmələr mayın 31-i tamam olan kimi bütün mənəvi dəyərləri bir kənara tullayıb, “oynamaq istəmirik, müqaviləmiz bitib” deyirlər. “Bir şəhər düşünün, ağ və qara. Bu şəhərin bircə ağası var” deyən Gerye artıq “Neftçi” ilə yollarını ayırıb, qalan səkkiz oyunda komandaya kömək etməyəcəyini qətiləşdirib. İnsafsız haitilinin sentyabrda bağladığı müqavilənin mürəkkəbi heç qurumamışdı. Özü də onunla 1+1 şərtiylə müqavilə bağlanmışdı, tərəflərin razılığı ilə işbirliyi daha bir illiyinə uzadıla bilərdi.
Görün klubdaxili atmosfer 30 yaşlı futbolçunun ürəyini nə qədər sıxdı ki, heç nəyi gözə almadan iki ayağını bir başmağa dirəyib, “mən getdim” dedi.
Gerye tək olsaydı, mən günahı təkcə futbolçuda axtarar, “Neftçi” rəhbərliyi neynəsin axı” deyərdim. Məsələ ondadı ki, “Neftçi”dən qaçmaq üçün alışıb-yanan təkcə Gerye deyil. Dabo da startda dayanıb, hətta uzun müddətdi ki, Cənubi Kiprin “Apollon” klubu ilə him-cim edir. İyunda keçirilən oyunlarda yarıxoş-yarızor oynayacaq, sonra isə “Neftçi” salamat qal, duman salamat qal” deyəcək. Biz Dabonun könülsüz oynamasının nə demək olduğunu yaxşı bilirik. Roberto Bordinlə münaqişə yaşayan fransız hücumçu cari mövsümün startını meydanda ayaqlarını sürüməklə yola verir, imkan düşən kimi həyat yoldaşıyla birlikdə bahalı restoranları, qumlu çimərlikləri gəzirdi. İdman rejimi, “Neftçi”nin uğursuz nəticələri heç vecinə də deyildi. İmkan tapan kimi “Instagramm”da “Neftçi”ni də, onun azarkeşlərini təhqir etməkdən də çəkinməmişdi.
Dabodan sonra Soni Mustivar da gedəcək. Buna heç şübhəm yoxdu. Həmin Mustivardı ki, “Neftçi”yə gələnə qədər uzun müddət ayağına top dəyməmişdi. Ceyhun bəy özünü Robert Prosineçki kimi aparıb, “ondakı gizli istedadı təkcə mən görürəm, siz görə bilməzsiz” deyirdi. Buyurun, bu da “gizli istedadı” olan futbolçu. Gəldi, gününü keçirdi. Həm özü qazandı, həm də onu “Neftçi”yə calayanlara qazandırdı. İndi də yeni macəralar arxasınca gedir. “Vəhşi” adıyla “Neftçi”yə sırınan Kvame Karikari də onun kimi.
Birdimi, ikidimi? Hanı italyan veteran Canluka Sansone? Vətənində indi onu heç xatırlayan da yoxdu. Gətirdilər, yüksəlişdə olan Mirabdulla Abbasovu ehtiyata göndərdilər, gənc azərbaycanlını ruhdan saldılar. Yeri gəlmişkən, Kamran Quliyevin Avropa səviyyəli, “Neftçi”ni Çempionlar Liqasına yüksələdəcək mütəxəssis gözüylə baxdığı Roberto Bordin tezliklə İtaliyanın C seriyasında işləməyə başlayacaq, yəni ki, 3-cü divizionda! Su axıb, çuxurunu tapıb...
Görün, “Neftçi” yüzminlərlə, milyonlarla avroları kimlərə yedizdirib. Sözsüz ki, bunu əcnəbilər təkbaşına etməyib, onların elə klubun içində yetərincə havadarı (ortağı) var. Elə ona görə də digər 7 klub mövsümün finişinə hazırlaşarkən, “Neftçi” təlatümlərlə çalxalanır, Füzuli Məmmədov oynatmağa futbolçu axtarır. Bəli, cənab Sultanov. Kamran Quliyevlə sizin haldan-hala saldığınız “Neftçi” üçün bütün bunlar normal haldı. Sükanı belə saxlayın!