“Neftçi” üçün Ramin Musayev fərqi YAZI
- 24 İyn 2020 15:00
- 1388
Hardasa 7-8 ilin söhbətidir. Hansı oyundan sonra olduğunu xatırlamaqda çətinlik çəkirəm. Amma “Dalğa Arena”da keçirilən avrokubok matçından sonra idi. Elə deyəsən “Neftçi”nin oyunu idi. “Ağ qaralar”ın o vaxtkı prezidenti Sadıq Sadıqov jurnalistlərlə söhbətləşirdi. Bir qədər hakimlikdən gileyləndi. Mən də qayıtdım ki, Sadıq müəllim, hansı klubu dindirirsən, hamı hakimlikdən şikayətlənir. Qayıtdı ki, “dədə, “Neftçi”nin adı ağırdı”.
Həqiqətən də “Neftçi”nin adı çox ağırdı. Adı da, məsuliyyəti də. Deyək ki, eyni hadisə digər klublarda da baş versin, amma “Neftçi”də baş verəndə daha çox danışılır, daha çox müzakirə olunur. Çünki bu klub ölkənin ən köklü klubudur, uzun illər ölkənin əsas komandası olub. SSRİ vaxtı bütün ölkə üçün bir növü milli komanda idi. Ona görə, bu klubda çalışmaq hər zaman böyük məsuliyyət tələb edib. Təəssüf ki, son illər bu məsuliyyət hissi itib. Klub AFFA-nın, icraçı-vitse-prezident-baş katib Elxan Məmmədovun nəzarətinə keçəndən sonra bir növü poliqona çevirilib. İndiyə kimi heç beş nəfəri idarə etməyə qadir olmayan insanları “Neftçi”yə prezident təyin etdilər. İnsaf naminə, Kamran Quliyev Sadıq Sadıqovdan sonra təyin olunan prezidentlər arasında ən yaxşısıdır. Ən azı komandanı bataqlıqdan çıxardı, uzun fasilədən sonra avrokuboklarda 2 mərhələ keçdi, “Qarabağ”la başa-baş oynamağa başladı. Niyə çempion ola bilmir? Bu artıq başqa və uzun müzakirə tələb edən mövzudur. Mənim toxunmaq istədiyim mövzu bu deyil.
Son zamanlar “Neftçi” Dabo məsələsi ilə gündəmə gəlib. “Qəbələ”də parladıqdan sonra “Neftçi”yə keçən fransız burada da aparıcı futbolçu olunca şıltaqlığa başladı. Ötən mövsüm sosial şəbəkədə paylaşdığı foto ilə azarkeşləri təhqir etdi. Növbəti dəfə isə daha böyük hörmətsizlik etdi. Belə ki, “Neftçi”nin əzəli rəqibi olan “Qarabağ”ın formasını geyindi və bu fotosunu sosial şəbəkədə paylaşdı. “Neftçi” formasını geyinən bir futbolçunun bu cür hərəkət etməsi, “Neftçi”yə, onun tarixinə, atributlarına, azarkeşlərinə qarşı təhqir idi. Adətən köklü klublarda bu cür hallar olmur. Çünki futbolçu transfer edəndə ona klubun tarixini, adının məsuliyyətini anladırlar. Görünür “Neftçi”də bunu Daboya ya anlatmayıblar, ya da yaxşı anlatmayıblar. Ona görə bu biabırçılıq baş verdi. Çıxış yolu nə idi? Dabonu “Neftçi”dən qovmaq. Adam bu jesti ilə onsuz da “Neftçi”də oynamaq istəmədiyini ortaya qoyur. Hələ qınamasanız deyərdim ki, apreldə sərt karantin dövründə “Neftçi”nin gizlin məşqini çəkib instagrama yerləşdirməkdə də Dabo məqsədli addım atmışdı. “Neftçi” rəhbərliyi neylədi? Futbolçuya pul cəzası kəsdi? Gülməli cəza. Bəziləri deyəcək ki, qovsa təzminat ödəmək lazımdı filan. Olsun. Heç bir təzminat klubun tarixindən, atributundan, formasından üstün ola bilməz. Bunu etməyə ürək lazımdı, ürək. Fikir verdiyim bir məsələ də bu olayın “Neftçi”nin hazırklı rəhbərliyi ilə keçmiş rəhbərliyini də üz-üzə qoyması oldu. Tərəflər mətbuat vasitəsi ilə dəfələrlə bir-birinin bostanına daş atıblar. Amma mənim bu məsələdə bir başqa mövqeyim var. Məhz forma məsələsində hər iki tərəf sussa yaxşıdır. Hazırkı rəhbərliyin səhvini dedim. Daha əvvəlki rəhbərliyə də bir xatırlatmam var.
2010-cu il olmalı idi. Sadıq Sadıqovun “Neftçi”də ilk prezidentlik ili və ilk çempionluğu idi. Mövsümün oyunlarının birində baş məşqçi Arif Əsədov Rail Məlikovu əvəzləyir. Məlikov isə bu qərara bərk əsəbləşir və meydanı tərk edən zaman əynindəki formanı çıxardıb yerə atır. Texniki heyət həmin formanı tez yerdən götürüb görüntünü gizlətməyə çalışsa da canlı yayımın gözündən heç nə qaçmır. Düzdür, sonradan “Neftçi”nin məşqçilər korpusunu çempionluq münasibəti ilə o vaxt çalışdığım “Çempion”un ofisinə qonaq çağıranda bu məsələyə görə böyük mübahisə yaşadıq. “Neftçi”nin məşqçiləri israrla bildirirdi ki, Rail formanı yerə atmayıb, ehtiyat oyunçular skamyasına qoyub. Halbuki Məlikov formanı çıxardanda və yerə atanda heç meydançanı tərk etməmişdi. Həmin vaxt o epizodla bağlı yazı yazmışdım və görüşdə şəxsən Arif Əsədova və Bəxtiyar Musayevə də dedim ki, o hərəkətinə görə Rail “Neftçi”dən qeyri-şərtsüiz qovulmalı idi. İnsaf naminə Əsədov çox dərinə getmədi və hiss elədim ki, o da mənimlə razıdır. Yəni sözümün canı odur ki, “Neftçi”nin o vaxtkı rəhbərliyi də forma məsələsində qətiyyət nümayiş etmirməmişdi.
Hər iki tərəfə xatırlatmaq istədiyim bir nümunə var, Ramin Musayev nümunəsi. Çünki onların dövründə də analoji hadisə yaşanmışdı. Oyunların birində əvəzlənən Elşən Qəmbərov da buna etiraz edərək formasını çıxarmış və yerə atmışdı. Özü də həmin vaxt Elşən “Neftçi”də aparıcı futbolçulardan sayılırdı. Lakin buna baxmayaraq “Neftçi”nin o vaxtkı rəhbərliyi, konkret vitse-prezident postunu tutan Ramin Musayev bu hərəkəti Elşənə bağışlamadı. Elə həmin oyundan sonra şələ-küləsini qoltuğuna verib “Neftçi”dən göndərdilər. Bax, Rail Məlikov və Dabo məsələsində də o cür davranmaq lazım idi. Klubun formasını təhqir etmək bir yana, ona hörmətsizlik edən ən əvəzedilməz futbolçu belə, klubdan qovulmalıdır!!!
Anar XANLAROV