Qadın və kişi voleybolçuların Azərbaycan çempionatında bürünc medalçılar bəlli olub. "Rekord.az" bu gün GİN-in Voleybol Mərkəzində üçüncü yerlər uğrunda oyunlar keçirilib. İlk olaraq meydançaya kişi voleybolçulardan ibarət MOİK və “Neftçi” klubları çıxıblar. 3 set davam edən görüş “Neftçi”nin qələbəsi ilə yekunlaşıb. 
Beləliklə, bu matçda 3:0 hesabı ilə qalib gələn “Neftçi” Yüksək Liqanın bürünc medalına sahib çıxıb. MOİK isə çempionatı dördüncü yerdə başa vurub.
Daha sonra qadın voleybolçulardan ibarət “Gəncə” və “Murov Az Terminal” klubları arasında üçüncülük oyunu start götürüb. Gərgin mübarizədə keçən bu qarşılaşmanı “Murov Az Terminal” 3:0 hesabı ilə öz xeyrinə başa vuraraq çempionatın bürünc medalını qazanıb. Yüksək Liqanın debütantı “Gəncə” klubu isə dördüncü yeri tutub.
Qeyd edək ki, aprelin 22-də kişilərin, 23-də isə qadınların final qarşılaşmaları baş tutacaq. Oyunlar Bakı İdman Sarayında təşkil olunacaq.

Azərbaycan çempionatı 
Yüksək Liqa
Üçüncü yer uğrunda oyunlar
20 aprel
Kişilər
MOİK - “Neftçi” 0:3 (11:25, 15:25, 13:35)
Qadınlar
“Gəncə” - “Murov Az Terminal” 0:3 (24:26, 18:25, 16:25)