Bir neçə gündür ki, ölkənin futbol ictimaiyyətinin diqqətində olan məsələ U-17 liqası çərçivəsində "Neftçi" ilə "Vətən" arasındakı matçda baş verən biabırçılıqdır.  Belə ki,  görüşün 69-cu dəqiqəsində oyunda qalmaqal yaşanıb, sonradan bu qalmaqal əlbəyaxa davaya çevirilib və nəticədə "Neftçi"nin baş məşqçisi Asif Ələsgərov "Vətən" klubunun əməkdaşı tərəfindən zərbə alıb. "Vətən" rəhbərliyi isə məsələ ilə bağlı açıqlama verərək, zərbə vuran şəxsin onlara aidiyatı olmadığını, "Vətən"də işləmədiyini diqqətə çatdırır. Bəs görəsən, davanın əsl səbəbi nə olub, günahkar kim olub, necə olub ki, məsələ bu həddə çatıb, biz də Rekord.az olaraq bunu araşdırdıq, ortaya kifayət qədər maraqlı məqamlar çıxdı. 

Məlum olub ki, oyunun gedişində futbolçular arasında bir neçə dəfə mübahisə yaşanıb. Bu mübahisələrin birində isə "Vətən"in baş məşqçisi Elvin Səmədov epizoda müdaxilə edib və "Neftçi"nin futbolçusuna irad bildirib. Futbolçu isə baş məşqçiyə "bu, futbolçular arasında olan məsələdi, siz niyə hər dəqiqə kənardan müdaxilə edirsiniz?" deyərək etirazını bildirib. Bu sözdən əsəbləşən "Vətən"ın baş məşqçisi isə "Neftçi"nin futbolçusunun ünvanına "səsini kəs ə, küçük, gəlib başını əzərəm" ifadəsini işlədib. Rəqib baş məşqçinin futbolçunun ünvanına dediyi sözü isə "Neftçi"nin baş məşqçisi Asif Ələsgərov həzm etməyib və həmkarına ciddi şəkildə etirazını bildirib. Nəticədə tərəflər arasında mübahisə yaşanıb və bir-birinin ünvanına qeyri-etik sözlər deyiblər. Bu zaman kənarda dayanan və "Vətən"in geyim dəstində olan şəxs olaya müdaxilə edib və Ələsgərovu qucaqlayaraq "Neftçi"nin ehtiyat oyunçular skamyası tərəfə aparıb. Bu zaman isə "Neftçi"nin baş məşqçisi "Vətən"in baş məşqçisini ünvanına növbəti qeyri-etik ifadəni işlədib və nəticədə həmin şəxs də Ələsgərova başı ilə zərbə endirib.. Bundan sonra isə ara qarışıb. Həmin "Vətən" formasında olan və klub rəsmisi olduğu iddia olunan şəxsin kimliyinə gəlincə, onu da araşdırdıq və məlum oldu ki, həmin şəxs rəsmi şəkildə həqiqətən də "Vətən"ə aidiyatı olmayan şəxsdir. Amma qeyri-rəsmi şəxs kimi komandanın bütün oyunlarında olur və inzibati işləri görür. Deyilənə görə, "Vətən"in baş məşqçisi Elvin Nəsibovla da dostular. Artıq burdan gerisini də AFFA-nın aidiyatı qurumu araşdırsın görək, adı rəsmi protokolda olmayan və rəsmi şəkildə kluba bağlılığı olmayan şəxs necə olur ki, texniki zonaya daxil olur, rəqib məşqçiyə kəllə atır.