Dünən saytımızda "Xəyal Nəcəfov "Neftçi" ilə müqaviləsini dondurub?" başlıqlı xəbər getmişdi. Xəyalın keçən yay "Neftçi" ilə qüvvədə olan müqaviləsini dondurub, icarə əsasında "Turan Tovuz"a gəlməsindən bəhs olunmuşdu və bu cür prosedurun hüquqi baxımdan mövcud olmaması səbəbindən ortaya suallar çıxmışdı. Hər halda, məlumatı "Səbail"lə oyundan sonra "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasovun açıqlaması "donduruilmuş müqavilə" ifadəsinin ciddi qəbul edilməsinə zəmin yaratmışdı. Rekord.az məsələ ilə bağlıı "Neftçi"nin mövqeyini öyrənib. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev dondurulmaq söhbətini təkzib edərək, belə bir şeyin mümkünsüzlüyünü qeyd etdi: "Təhsildə belə bir prosedur mümkündür. Kimsə təhsilini dondurub hərbi xidmətə gedə, sonra qayıdıb təhsilini bərpa edə bilər. Amma idmanda, futbolda belə bir şey hüquqi baxımdan yoxdur. Təbii ki, hüquqi baxımdan olmayan şeyi biz də tətbiq edə bilmərik, çünki qanun buna yol vermir. Bəli, Xəyal bizimlə 2021-ci ildə 2 illik müqavilə bağlamışdı. Lakin keçən biz onunla müqavilənin müddətini daha 1 il uzadıb "Turan Tovuz"a icarəyə verdik. Hazırda Xəyalın "Neftçi" ilə qüvvədə olan 1 illik müqaviləsi var".