![photo](https://www.rekord.az/storage/news/2025_02_08/neftci_palms_sports_1739032900.jpg)
“Neftçi”də inkişaf üçün “səhra küləyi”, yoxsa ölkə futbolunda yeni era?
- 20:33
- 174
“Neftçi”nin “Palms Sports”la
dünənki müqaviləsi ölkə futbolu üçün Milad olsa da, diqqətdən kənarda qaldı.
Klubun o qədər irili-xırdalı sponsoru var ki, “bu da onlardan biridir” deyib
üstündən keçildi. Amma bu sponsorluq tam ciddi ifadə ilə “heç keçiləsi şey
deyil”.
Hər şeyin başında pul
dayanır. Və dünənki müqavilənin gələcək pulun məbləği də ciddidi. Əminliklə
söyləmək olar ki, bu, futbol tariximizdə xarici şirkətlə bağlanan ən böyük anlaşmadı.
Əvvəla, baxaq, görək nə
müqavilədi.
Rəsmi press-relizdə deyilir:
“Neftçi” PFK ilə
“International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında
beşillik sponsorluq müqaviləsi imzalanıb. 2025-2030-cu illəri əhatə edəcək bu
müqaviləyə əsasən, “Palms Sports” “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzinin
adlandırma hüquqlarını əldə edib. Yeni adlar tərəfdaşların ortaq qərarı ilə müəyyən
ediləcək və xəritələr, naviqasiya əlavələri ilə bütün rəsmi platformalarda
yenilənəcək.“Neftçi” PFK-nın A komandasının 2025-2030-cu illər arasındakı bütün
rəsmi və yoldaşlıq oyunlarında “Palms Sports” loqosu 2025-2026 mövsümünün
başlanğıcından etibarən formaların ön tərəfində yer alacaq. Loqolar oyun
formalarından əlavə, məşq ləvazimatlarında və azarkeş məhsullarında da istifadə
olunacaq. Bu sponsorluq müqaviləsi yalnız “Neftçi” PFK-nın maliyyə
davamlılığını artırmayacaq, həmçinin klubun beynəlxalq miqyasda daha çox
tanınmasına kömək edəcək. Uzunmüddətli iş birliyi modeli həm brendlər, həm də
klubumuz üçün möhkəm təməllər atmağı hədəfləyir.
“Palms Sports” International Holding Company (IHC) şirkətinin bir müəssisəsi olaraq 2011-ci ildə yaradılmış və mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən idman menecmenti və təlim şirkətidir. IHC-Palms Sports son illərdə bir çox yeni strateji tərəfdaşlıqlar imzalayaraq brendin idman və biznes sahəsində nüfuzunu dəfələrlə artırıb”.
Rəsmi hissə ilə tanış
olduq. İşin qeyri-rəsmi, görsənməyən, deyilməyən tərəfinə baxaq.
Relizdə qeyd edildiyi kimi,
ad sponsoru olacaq “Palms Sports” IHC-nin (International Holding Company) bir
müəssisəsi, qoludu. IHC kimdir? Birləşmiş Ərəb Əmirlikləri mərkəzli bu şirkət səhmdar
kapitala, səhiyyə, qida məhsulları, daşınmaz əmlak, tikinti, informasiya
texnologiyaları, rabitə, marketinq, pərakəndə satış və turizm, lizinq və bir
çox başqa sahələrə sərmayə üzrə ixtisaslaşan çox sayda şirkətlərin toplusudur,
onları idarə və inkişaf etdirir. Şirkət BƏƏ, Yaxın Şərq, Asiya, Afrika, Avropa
və ABŞ-da işləyir, bazardadır, kontingenti 7 minə yaxın işçidir. Bir sözlə, nəhəng
bir layihədi.
Nəhəngliyi rəqəmlərdə də görünür.
Məşhur “Forbes” nəşri IHC-nin 2024-cü ildəki gəlirini 17,3 milyard, toplam
aktivlərini 92,2 milyard, xalis mənfəətini isə 8,1 milyard dollar həcmində qiymətləndirib.
IHC bazar dəyərinə görə dünyanın 43-cü ən böyük şirkətidi. Şirkətin bazar dəyəri
isə 239,5 milyard dollar civarındadır!
İnanılmaz rəqəmlərdi.
Bu böyüklükdə şirkətin Azərbaycana
gəlişi təsadüfi, daha doğrusu, spontan ola bilməz. Buna ən yuxarı səviyyədə
icazə verilməlidi. Bu məqama qayıdacağıq, hələliksə, sahədən danışaq.
“Neftçi”nin stadionu,
bazasına adını verəcək “Palms Sports” IHC-nin idman üzrə qoludu, şirkətin bu
istiqamətdəki sərmayələrini yerinə yetirir, idarə edir. Rəhbəri Fouad Dərviş (FouadDarwish) olan bu qurum 2011-ci ildə ciu-citsu dərsləri təşkil etməklə başlayıb.
Hazırda onlarla idman növündə 20-dən çox idman proqramı (layihəsi) həyata keçirən
“Palms Sports” idmanla məşğul olan 200 mindən çox adamı öz “qanadı altına” ala
bilib. Daha çox döyüş növlərinə yönələn şirkətin məşhur tərəfdaşları arasında Həbib
Nurməhəmmədov var ki, bu UFC əfsanəsinin əlavə təqdimata ehtiyacı yoxdur.
“Palms Sports”un ötən ilin
iyununda Misirin məşhur “Əl Əhli” klubu ilə bağladığı müqavilə haqda da danışmaq
lazımdı. BƏƏ ilə Misir dövlətləri arasındakı əməkdaşlıq çərçivəsində həyata
keçirilən bu layihədə klub faktiki qeyd olunan şirkətin idarəetməsi altına keçib.
Bu haqda dünən mətbuat konfransında Fouad Dərviş də məlumat verdi, bunu “Neftçi”
mövzusu üçün nümunə kimi göstərdi. Elə orada da klubun əsas idman komplekslərinə
bu şirkətin adı verilmiş, təmtəraqlı təqdimat mərasimi təşkil edilmişdi.
Ərəb şirkətinin “Neftçi”yə
ödəyəcəyi məbləğ kiçik deyil. Klubun baş icraç direktoru Cenk Sümer bu barədə
verdiyim suala “büdcənin 30 faizə qədəri” cavabını verdi ki, bu da təxminən 10
milyon manat deməkdi. Çox ciddi rəqəmdi. Bu məbləğ hazırda Premyer Liqada çıxış
edən azı 2 klubun illik büdcəsi deməkdi ki, sərmayənin böyüklüyünü göstərir. Təbii
ki, bu pulun hamısı əsas komandaya xərclənməyəcək, klubdan bu barədə açıq
bildirildi. Klubun stadionundakı problemlər aradan qaldırılacaq, “Neftçi Futbol
Mərkəzi”nin 2-ci və daha yuxarı mərtəbələri təmir ediləcək, təhvil veriləcək, bir
hissəsi uşaq futboluna da yönəldiləcək. Burda “büdcənin 30 faizə qədər” ifadəsinin
açılışı da xüsusi rol oynayır. “Neftçi” dövlət klubu olduğundan, onun səhmləri
satılmır (satılacaqsa, bu, ayrı söhbətin mövzusu olacaq), bu da o deməkdi ki, həmin
10 milyon ümumi büdcəyə əlavə olunacaq. Bu isə “Neftçi”nin illik büdcəsini 40
milyon manata qədər yüksəldəcək ki, bu da əsas rəqib – “Qarabağ”dan təxminən 40
faiz çoxdu. Klubun infrastrukturunun böyüdülməsi öz yerində, ancaq bu, futbol meydanının
özündə də ciddi üstünlük yaradacaq, rəqabəti ən üst səviyyəyə qaldıracaq. Artıq
Ağdam təmsilçisinin narahatlığına ciddi rəvac var.
Bir sözlə, bu vəsait doğru
idarə olunsa, əvvəllər olduğu kimi boş, yersiz işlərə xərclənərək dağıdılmasa, “Neftçi”
ən qısa zamanda ayağa qalxaraq əzəmətini geri qaytara biləcək. Pulun çoxluğu
yox, onun düzgün istifadəsi əhəmiyyət daşıyır. Bu klubun əvvəllər də maliyyə
problemi olmayıb, ancaq yanlış idarəetmə bu pulun sadəcə rəqəm olmasına gətirib
çıxarıb. “Palms Sports”un rəhbəri Fouad Dərvişin çıxışından belə anlaşıldı ki,
şirkət “Neftçi”yə günlük layihə gözü ilə baxmır, taktiki yox, strateji tərəfdaş
kimi davranılmasını istəyir. Zatən müqavilənin 5 illik olması da bunu təsdiqləyir.
Qalır, “Neftçi” və onun idarəetməsinin bu şansdan maksimum yararlanması, ciddi,
düşünülmüş, bu günü yox, sabahları əhatə edəcək addımları atması. Bunlar
olarsa, biz ən yaxın gələcəkdə “BÖYÜK NEFTÇİ” böyük addımlarını eşidəcəyik.
Yazının əvvəlində də qeyd
etmişdik ki, “Neftçi”nin nəhəng bir əcnəbi şirkətlə həyata keçirilən çox ciddi layihənin
bir hissəsinə çevrilməsi təsadüfi deyil. Bu, xüsusi bir mesaj rolunu da oynaya
bilər. Təbii ki, İHC və onun idman qolu olan “Palms Sports” bilavasitə təmsil
etdikləri dövlət deməkdi və bu layihə iki dövlət – Azərbaycan və Birləşmiş Ərəb
Əmirlikləri arasında razılaşdırılan bir sərmayə hadisəsidi. “Neftçi”nin də
birbaşa dövlətdən maliyyələşdiyini bilirik, o səbəbdən də belə bir layihənin məhz
bu kluba yönəldilməsi təsadüfi deyil. Böyük ehtimalla, “ağ-qaralar”ın dövlətin
strateji postlarında yer alan böyükləri bu işdə çevik davranıblar.
Maraqlı olan məqam bu layihənin – böyük ərəb sərmayəsinin Azərbaycana gəlişinin bir dəfəlik addım olub-olmamasıdı. IHC kimi başqa şirkətlər də ölkəmizə dəvət olunacaq və AFFA-nın Strateji İnkişaf Planına dəstək məqsədilə xərc çəkməsi təmin olunacaq, yoxsa iş elə “Neftçi” ilə yekunlaşacaq? Əsas sual budu. IHC o qədər böyük imkanlara malikdi ki, ölkə futbolunun axarını kökdən dəyişə, inqilabi addımlar ata bilər. Bəs bu addımı atacaqlarmı? Bu gün üçün görünən odu ki, məhz IHC layihəsi sırf “Neftçi” ilə yekunlaşacaq. “Turan”a gətirilən sponsorluq, Adnan Əhmədzadə ilə start verilən “Mingəçevir” məsələləri isə işin başlanğıc nöqtəsidi. Ölkə futboluna nəhəng investorların “buraxılması” prosesinə start verildiyi görünür. Gedişatdan belə çıxır ki, bu proses davam etdiriləcək, kənar maliyyə yüksək rəqəmlərə çatdırılandan sonra hazırda dövlətdən klublara verilən illik 3 milyon manatlıq dəstək dayandırılacaq (yaxud daha aşağı liqalara yönəldiləcək). Bu, ilk baxışdan qorxulu görünsə də, əslində olması gərəkən bir şeydi. Normal futbol ölkələrindən dövlətin hansısa klubu birbaşa maliyyələşdirməsi nonsensdi, yolverilməzdi. Bu, həmin klubların təməl güc nöqtələri zəiflədir, “ələbaxan”laşdırır, tapşırıq qulu edir, müstəqil siyasət yürütmək, öz unikallığını, identikliyini qurub qoruyaraq inkişaf etdirmək imkanlarını məhdudlaşdırır. Bunun olmaması üçün isə fərqli maliyyə mənbələrinin formalaşdırılması gərəkdir ki, bu da yaxın-uzaq gələcəkdə təmin edilə bilər. Buna ancaq sevinmək olar.
Kənan Məstəliyev, “Rekord.az”
Yazar haqqında
![Kenan](https://www.rekord.az/storage/uploads/avatars/5d9a487e22b55.jpg)