Millimizin sabiq futbolçusu, "Neftçi”nin 14 yaşadək komandasından çıxarılmış məşqçi Ədəhim Niftəliyev oxu.az saytına müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir: 

 

 

- "Neftçi”nin rəsmi saytı klubdan ayrıldığınızı yazıb. Səbəb nədir?

 

- Saytda yazılıb. Amma mənim hələ müqaviləmin bir ayı qalır.

 

- Saytda o da yazılıb ki, həmin bir ayın maaşı ödənilməklə beş məşqçi ilə yollar ayrılıb.

- Bu ayın maaşını almışam. Ceyhun müəllimin (klubun idman direktoru Ceyhun Sultanovu nəzərdə tutur - red.) mənə dediyinə əsasən, klubdaxili iclas olmalıdır, onu gözləyirəm. Həmin iclasda ya deyəcəklər ki, get özünə komanda tap, ya da qal işlə. 90 faiz ehtimalla yola salınacağam. Klubun saytı bunu boşuna yazmaz.

 

- "Neftçi”nin U-14 komandasında kimin köməkçisi idiniz?

- Eldəniz Məmmədovun köməkçisi idim. Əslində, mövsümə U-16-da başlamışdıq. Amma Akademiyanın direktoru Mik Benet bizi U-14-ə təyin etdi. Tək bizi yox, digər məşqçiləri də... Çempionatda da yaxşı yerdə idik. "Qəbələ” ilə eyni xalla birinci yeri bölüşürdük. Amma çempionat koronavirusa görə ləğv olundu, oynaya bilmədik.

 

- Birinci yerdə gedən komandanın məşqçisini niyə işdən çıxarırlar?

- Bizdə belədir. Beş dəfə "Neftçi” ilə köməkçi məşqçi kimi çempion olmuşam.

 

- Eldəniz Məmmədovu işində saxlayıblar. Bəlkə o, sizin işinizdən narazılıq edib?

- Yox, burada Eldəniz müəllimlik heç nə yoxdur. Onunla heç bir problemim olmayıb. Neçə il bir yerdə işləmişik.

 

- Belə vaxt işsiz qalmaq çətin məsələdir. Bildiyimizə görə, siz məşqçiliyə yazılmaq üçün bankdan 1500 manat kredit də götürmüşdünüz...

– Hamısı mənim belimdədir (gülür). Yavaş-yavaş ödəyirəm. Çox qalmayıb.

 

- Hələ də məşqçi kimi B kateqoriyası ala bilməmisiniz?

- Kasıb oğlanam, Mingəçevirdənəm. "Daydayım” yoxdur deyə, hər dəfə imtahandan məni kəsirlər. O vaxt futbol oynayırdım, futbolçu olduğum üçün mənə hörmət edirdilər. İndi futbolçu olmadığım üçün heç kimə lazım deyiləm. Aslan Kərimovla 10 il millidə birgə oynamışam. İndiyədək onunla "salam”ı kəsməmişəm.

 

Məni üç dəfə yazılı imtahandan kəsib. Yəqin ki, uşaqlara lövhədə yox, meydanda futbol öyrədəcəyəm. İngilis, türkiyəli Azərbaycan dilində yaza bilməsə də, kateqoriya alır, mən isə yox. Desinlər ki, futbol biliyim zəifdir, uşaqlarla kobud danışıram. Amma elə deyil axı. Ümumiyyətlə, uşaq futboluna yazılı imtahanın dəxli yoxdur.

 

- Hər dəfə qeydiyyat üçün nə qədər pul tələb olunur?

- 1000 manat.