"Neftçi"dən "Qarabağ"la oyun sonrası mətbuat konfransında yaranan qalmaqala münasibət
- 15 Sen 2021 17:00
- 652
“Neftçi” - “Qarabağ” matçından sonra qalmaqal yaşandı. Belə ki, rekord.az saytının baş redaktoru Kənan Məstəliyev operatorların jurnalistlərin önündə dayanmasına etiraz edərək, mətbuat konfransında iştirak etmədi. Həmkarımız şəxsi “feysbuk” hesabında da status yazaraq məsələni ictimailəşdirdi. Əksəriyyət bunda “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevi və oyunun AFFA nümayəndəsi Məmmədəli Məmmədovu günahkar sayır. Problemlə bağlı dünən hər iki şəxslə əlaqə saxladıq.
Rüstəm Allahverdiyev:
“Həmin vaxt baş məşqçimiz “CBC Sport” telekanalına fləş-münasibə verdiyinə görə onun yanında idim. Samir Abasovun yanında olarkən Kənan Məstəliyev bu haqda mənə məlumat verdi. Fləş-müsahibə bitən kimi konfrans otağına yollandım. Təəssüf ki, Qurban Qurbanovun mətbuat konfransı başlamışdı. Bu səbəbdən də müdaxilə edə bilmədim. Mətbuat konfransı davam edə-edə operatorlara necə deyə bilərdim ki, öz yerlərlərinə keçsinlər? Bəli, konfrans zalımızda operatorlar üçün ayrılan yerlər var. Təəssüf ki, normal kadrlar götürmək üçün önə gəlirlər. Özünüz də dəfələrlə şahidi olmusuz ki, hər dəfə operatorla bu məsələ ilə bağlı problem yaşanır, iradlarımız olur. Bu dəfə də bildikləri kimi davranıblar. Bəhanələri də belə olub ki, özləri ilə mikrofon naqilini gətirməyi unudublar. Buna görə də məcbur olduqları üçün ön sıralarda dayanıblar. Təbii ki, hadisədən sonra onlara iradımızı bildirdik. İstəməzdik ki, belə hal baş versin. Bundan sonra konfranslarda bu məsələyə xüsusi diqqət yetirəcəyik”.
Məmmədəli Məmmədov:
“Bu məsələdən xəbərdaram. Amma bizim öhdəliyimiz yoxdu ki, konfransda mütləq iştirak edək. Hesabat verəndə ancaq baş məşqçilərin tədbirə qatılıb-qatılmadığını qeyd edirik. Bu da bəs edir. Məni bu məsələdə niyə günahkar sayırlar? Öz işimi görmüşəm. Niyə başqa etdiklərimizi demirlər? Məsələn, fasilədə polislərlə azarkeşlər arasında problem yaşandı. Asayiş keşikçilərinin rəisindən xahiş etdim ki, fanatları sərbəst buraxsınlar. Onları tənbeh edib, stadiondan uzaqlaşdırsınlar. Yenə deyirəm, bu məsələyə görə mən günahkar deyiləm, klub məsuliyyət daşıyır”.