"Neftçi"nin Almaniyada yaşayan veteran qapıçısı: "Kazbek Tuayevin azərbaycanlıları görməyə gözü yox idi"
- 03 Noy 2019 12:00
- 1466
Elxan Rəsulov - bu ad gənc nəsil futbol azarkeşlərinə nəsə demir. Rekord.az xəbər verir ki yaşlı və orta nəslin nümayəndələri isə "Neftçi"nin veteran qapıçısını yaxşı xatırlayır. 1978-82 və 1991-ci il mövsümlərində “ağ-qaralar”ın heyətində ümumilikdə 112 matç keçirmiş, Polşa və Ukrayna çempionatlarında oynamış Rəsulov 20 ildən çoxdur Almaniyada yaşayır. Sportinfo.az gələn ilin martında 60 yaşını tamamlayacaq veteran qapıçı ilə söhbətləşib. Elxan Rəsulovun “futbol hekayəsini” elə öz dilindən təqdim edirik.
**
AZƏRBAYCAN
“20 ildən çoxdur Almaniyada yaşayıram. Təəccüblənirsiz ki, ana dilimi unutmamışam? Azərbaycan dili mənim üçün sanki ana südüdür, mənim qanımdadır, beynimdədir, ürəyimdədir. Vətəni, ana dilini necə unutmaq olar? Mən Azərbaycanda doğulmuşam, böyümüşəm, boya-başa çatmışam. Oraları, dostlarımı, qohumları unutmamışam. Maddi vəziyyətim imkan verdikcə Bakıya gəlməyə çalışıram. Ya Novruz bayramında, ya da ad günlərimdə gəlirəm ki, dostlarla, qohumlarla görüşüb qeyd edək. Son dəfə mart ayında olmuşam. Təəssüf ki, o vaxt Azərbaycan milli komandasında oynamağım alınmadı. Bunun da səbəbkarı o vaxtkı baş məşqçi Kazbek Tuayev oldu. Tuayevin azərbaycanlıları görən gözü yox idi. Səbəbini bilmirəm. Kazbek AFFA-nın o zamankı prezidenti Fuad Musayevə demişdi ki, guya mən 3 otaqlı ev, nə bilim, Bakının yarısını istəyirəm, filan. Ona görə Fuad Musayev məndən incimişdi. Bu söhbət dəqiq xatırlamıram, ya 1983-də, ya da 1991-ci ildə - Tuayev "Neftçi"nin baş məşqçisi işləyərkən olmuşdu. O vaxtlar hələ AFFA olmasa da, Fuad Musayev faktiki Azərbaycan futboluna rəhbərlik edən şəxs idi. Həmin məsələdən sonra Bakıda mənə qarşı münasibət heç yaxşı olmadı. Musayev artıq məni görəndə salam belə vermirdi. Sonradan Azərbaycandan təklifi yalnız keçmiş komanda yoldaşım Vaqif Sadıqovdan aldım. O, millinin baş məşqçisi idi, mən isə “Karpatı”nın heyətində Ukrayna çempionatında oynayırdım. Sadıqov məni milli komandada qapıçılarla işləməyə dəvət edəndə dedim ki, hələ futbol oynayıram. Həm də oynamağa yox, məşqçilik etməyə çağırmalarından incidim. Axı, həmin vaxt hələ karyeramı bitirməmişdim. Həm də millidə olmağımı mümkünsüz sayırdım. Çünki AFFA prezidenti Fuad Musayevin mənə münasibətini bilirdim".
**
UKRAYNA
1991-ci ildə “Neftçi”dən gedəndən sonra bir müddət Polşada oynadım. Sonra yenidən Lvova – “Karpatı”ya qayıtdım. 1994-dən 1998-ci ilə qədər fasiləsiz bu komandada çıxış etdim. Ukrayna çempionatının bürünc medallarını qazandım, Sergey Rebrov, Andrey Şevçenko, Aleksandr Şovkovski kimi məşhur futbolçulara qarşı oynadım. 1998-ci il mövsümü bitəndə baş məşqçimiz Miron Markeviç mənə dedi ki, qal, köməkçi-məşqçim ol. Onunla çox gözəl, ailəvi münasibətlərimiz var idi. Amma futbolçu olarkən daha çox qazanırdım deyə, məşqçi kimi 300-400 dollarlıq maaş məni qane edə bilməzdi. Köməkçi məşqçinin maaş elə də çox olmadığı üçün razılaşmadım. Bəlkə də o vaxt səhv elədim, Markeviçlə qalsaydım, daha yaxşı olardı. Sonradan Miron “Metallurq” “Anji”, “Metallist”, “Dnepr” kimi məşhur klublarda işlədi. Mən də “Karpatı”dan ayrılıb Ternopol “Niva”sına keçdim. Amma mövsümün əvvəlində Lvovda 1 rəsmi oyun keçirdiyimə görə “Niva”da adımı sifariş ərizəsinə daxil edə bilmədilər. “Niva”nın məşqçilər korpusunda yer alanlardan 1-2 nəfərin almanlarla, isveçlilərlə əməkdaşlığı vardı. Mən də artıq yavaş-yavaş futbolu bitirməyə doğru gedirdim, 38 yaşım vardı. “Niva”dakı həmin o məşqçilərdən biri dedi ki, Almaniya variantı var, hardasa bir mövsüm oynaya bilərsən. Getdim, yarım mövsüm Regional Liqada “Xerforder”də çıxış elədim. 2003-cü ildə futbolla vidalaşdım.
**
ALMANİYA
“1998-ci ildən Almaniyada yaşayıram. Getdiyim ilk illərdə həm başqa sahədə işləyər, həm də həvəskarlardan ibarət komandada oynayan-məşqçilik edirdim. Son zamanlar gördüm ki, çatdırmıram. Komandanın məşqlərinə belə gedə bilmirdim. Həm də həvəskar futbolda qazanılan pul Almaniyada normal həyat qurub yaşamaq üçün kifayət etmirdi. Ona görə 2003-cü ildə qərar verdim ki, futboldan birdəfəlik uzaqlaşım. O vaxtdan zavodda işləyirəm”.
**
“NEFTÇİ”
“1977-ci ildə, 18 yaşımda “Neftçi”yə gəldim. Məni ora rəhmətlik Ruslan Abdullayev dəvət etmişdi. O, əvəzedici heyətin baş məşqçisi idi. Əsas komandada isə o vaxt baş məşqçi Yuri Bondarenko idi. “Neftçi”də güclülər dəstəsində (keçmiş SSRİ-nin əsas futbol liqası belə adlanırdı - red) ilk rəsmi oyunum İqor Nettonun dövürndə oldu – 1979-cu ildə. Moskva “Dinamo”suna qarşı matçda debüt etdim. O zaman komandada əsas qapıçılar təcrübəli Yuri Romenski ilə Sergey Kramarenko idi. 1981-1982-ci illərdə “Neftçi” ilə güclülər dəstəsində ümumilikdə 66 oyun keçirdim. İkinci mövsümdə yalnız 2 matçda oynamadım. Komdandan getdməyimə də səbəb mənə lazım olan şəraitin yaradılmaması idi. “Neftçi”də oynayan futbolçuların əksəriyyətinə yaxşı imkanlar yaradırdılar, Kiməsə maşın, kiməsə ev...Amma mənə çatanda “gözlə” deyirdilər. Həmin ərəfədə həm də əsgərlik vaxtım çatmışdı, hərbi xidmət keçmək üçün Ukraynaya - Lvova göndərildim. Həmin şəhərin OİK (Karpatı) klubuna keçdim. Əsgərliyimi futbol oynamaqla keçirdim. Həm də “Neftçi”də qazanmadıqlarımı Lvovda əldə etdim. Ev, maşın və.s. Lvovda mənə dəyər verirdilər. “Neftçi” rəhbərliyi sonradan məni çağırdı ki, gəl, oyna, özünü göstər. Mən isə artıq özümü çoxdan sübut eləmişdim. 1991-ci ildə "Neftçi"yə dönsəm də, mövsümün ortasında komandadan ayrıldım. Bununla da Azərbaycanı birdəfəlik tərk etdim".
**
MƏŞQÇİLƏR
“Çox tanınmış məşqçilərlə işləmişəm, onlardan çox şey öyrənmişəm. Komandada 30-35 insan işləyir. Təbii ki, məşqçi onların hamısı üçün yaxşı ola bilməz. İnsanı qiymətləndirmək üçün, gərək, onu şəxsən tanıyasan. Şəxsən mənim üçün Ruslan Abdullayev yaxşı kişi, yaxşı adam idi. Yuri Bondarenko və Əhməd Ələsgərov haqqında isə hərə bir cür danışırdı. Ukraynalı Valentin Xodukini “Karpatı”dan tanıyıram. Onun Azərbaycanda işləməyindən, Bakı “İnter”inin baş məqşçisi olmasından xəbərim var. Mən onunla tanışlığım Lvovdan başladı. “Karpatı”da 4-5 məşqçidən biri idi, onun nəzəriyyələrini oxuyub öyrənirdim. Lakin sonra futbolu atdım, lazım olmadı".
**
SERGEY KRAMARENKO
“Sergey Kramarenko ilə rəqabətdə qalib gəlməyimin tarixçəsi belədir: Soçidə mövsümqabağı toplanışda Kiyev “Dinamo”su ilə oynayırdıq. Həmin yoxlama matçında Sergey Kramarenko qapısından 5 cavabsız top buraxdı. 2 ay sonra start götürən çempionatın ilk turunda da rəqibimiz kiyevlilər idi. Oyundan bir gün qabaq Kramarenko komandanın həkimi Boris Xetaqurova dedi ki, beli ağrıyır. İynə-dərmanın xeyiri olmadı və həmin oyunda qapını mənə həvalə etdilər. Bir gün əvvəl də əvəzedicilərin oyununda qapıda dayanmışdım. Fikrimcə, Kramarenko 2 ay əvvəl "Dinamo"dan 5 top buraxmağın psixoloji sarsıntısını yaşayırdı, ona görə belini bəhanə edib kiyevlilərə qarşı oynamaq istəmədi. Beləcə, Kiyevdəki görüşdə qapını mən qorudum və ağır səfər matçından 1:1 hesablı heç-heçə ilə döndük. Bundan sonra Əhməd Ələsgərov qapını birdəfəlik mənə həvalə etdi. Kramarenko isə həmin mövsümün ortasında karyerasını başa vurdu.
**
AZƏRBAYCAN FUTBOLU
Azərbaycan futbolunda çox şey dəyişilməlidir. Futbola cavabdeh olan insanlar yaxşıca fikirləşməli, hər şeyi sıfırdan qurmalıdırlar. Yeni bünövrə qoyulmalıdır. Ordan-burdan futbolçu gətirib 2-3 klubu gücləndirmək, müvəqqəti uğur əldə eləmək olar. Amma əsaslı uğurlar qazanmaq üçün köklü dəyişikliklər vacibdir. Əvvəla, klublar idarəçilik baxımından müstəqil olmalıdır. Bölgələrdə lazım olan infrastruktur yaradılmalı, akademiya-klublar olmalıdır, federasiya klub saxlamalı deyil. Məsələn, heç olmasa, 15 rayonda komanda olsa və işlər düzgün qurulsa, milli komanda da futbolçu qazanar. Bununla yanaşı, xaricdəki azərbaycanlıların, Azərbaycana bağlılığı olanların milli komandalarımıza dəvət olunmasının əleyhinə deyiləm. Ancaq futbolu oynaya bilən, istedadlı uşaqlar olmalıdır. İstənilən halda özümüz futbolçu yetişdirməyik. Ordan-burdan gəlmələrlə çox uzağa getmək olmaz.