"Neftçi"nin böhrandan çıxış yolu
- 04 Avq 2024 10:05
- 2612
Dünənki qarşılaşma zamanı “Nefçi Arena”nın qazonuna ürək ağrısıyla baxdıq. Qarşısına dağlardan böyük hədəflər qoyan, keçmişin və gələcəyin onun olduğunu iddia edən, özünü zirvədə hesab edən “Neftçi”nin durumu həqiqətən də faciəvidir. Rəhmətlik Böyükağa Hacıyev “Neftçi”nin halına ağlamağa əlində dəsmal olan iki qadın arzulayırdı. İllər keçib, vəziyyət daha da pisləşib. Hacıyev sağ olsaydı, qadınların sayının çoxaldılmasının vacibliyini deyəcəkdi.
Klub rəsmilərinin dediyinə görə, qazonun sulanmış örüşə bənzəməsinin səbəbi havaların isti keçməsidir. Bəli, illərdir eşitdiyimiz bəhanələrdəndir. Yayda isti olur, qışda da soyuq. Ara yerdə stadionlarımızın qazonu yanır. Bakının havasına öyrəşib, bu cür problemləri bir dəfəlik həll edə bilmirlər. Səbəbi sadədir. Paytaxt klubunun başında dayananlar hamısı əcnəbilərdir. İdman direktoru İsveçdən, baş icraçı direktoru Türkiyədən, baş məşqçisi də Ukraynadandır. Bu gedişlə qazona qulluq etməyə, onu yayı istisindən, qışın da soyuğundan qorumağa da xaricdən mütəxəssis gətirəcəklər. Bu beynəlmiləl kadrlar “hə-hü” edib bizim havamıza, suyumuza, futbolumuza öyrəşənə qədər bir mövsüm də boşa gedəcək. Sonra onların da təzminatını verib, yola salacaqlar. “Neftçi” azarkeşləri də mətbuatı günahkar çıxara-çıxara yeni macəralar izləməkdə, yeni məğlubiyyətlərə üzülməkdə olacaqlar.
“Turan Tovuz”la oyunun nəticəsini bir kənara qoyar, meydanda futbol adına ciddi nəsə görmək də mümkün olmadı. Müdafiənin cinahında “milliləşdirilmiş” iranlı Höccət Haqverdinin ləngliyi, səhvləri göz oxşayırdı. Digər “milliləşdirilmiş” xorvat Filip Ozobiç 34 yaşın içində olduğunu hiss etdirir, xeyli yorğun görünürdü. Kapitan Emin Mahmudovun nə statusuna, nə də müqaviləsinə yazılan məbləğə layiq oyun sərgiləmədiyinə artıq vərdiş etmişik. Asiyadan əli ətəyindən uzun qayıdan Ramil Şeydayevin heç Türkiyənin aşağı liqası səviyyəsində hücumçu olmadığını son proseslər göstərdi. “Neftçi”nin “Çernomorets”ə təzminat ödəyib heyətinə qatdığı Andrey Ştoqrin də qol ümidinə bənzəmirdi. Meydanda olduğu 79 dəqiqə ərzində “88” nörmə bircə dəfə də olsun təhlükəli həmlə etmədi, qapıya doğru normal zərbə endirə bilmədi.
Siyahını uzatmaq, ayrı-ayrı fərdlərin üzərində çox dayanmaq olar. Amma dəyişən heç nə olmayacaq. Ümimi mənzərənin bərbad olduğu göz qabağındadır. Belə bir məlumat eşitmişəm ki, “Neftçi”nin türkiyəli baş icraçı direktoru Cenk Sümer vəziyyətdən çıxış yolu tapıb. Klubda çalışan köhnə kadrların hamısı işindən azad edilib. İllərini “Neftçi”yə verən, bunun qarşılığında evinə bir tikə çörəkpulu aparan azərbaycanlı texniki işçilər, inzibatçılar, mühafizəçilər, süpürgəçilər, sürücülər heç bir xəbərdarlıq edilmədən, təzminat ödənilmədən işindən azad edilib. Deyəsən, Sümer bəy mövhumata inanır, “Neftçi”nin uğursuzluqlarının səbəbini meydandan kənarda axtarmağa çalışıb və gözünə sadə zəhmətkeşlər dəyib. Düz yolda deyilsiz, cənablar. Səhvi başqa adamlarda axtarın.