“Neftçi”nin büdcəsi 40 faiz azaldılıb
- 09 Sen 2020 20:00
- 701
“Bu gün deyirlər ki, “Neftçi” qrup mərhələsinə düşməlidir. Bunu biz də istəyirik. Mənim büdcəm 40 faiz enibsə, bunu necə edə bilərəm?”
Rekord.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin idman direktoru Ceyhun Sultanov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində deyib.
O bildirib ki, Avropa Liqasında yaxşı nəticə qazanmaq istəyirlər: "Nə dərəcədə alınacağını oyunlar göstərəcək. Hamı deyir ki, "Neftçi"də hər şey əladır, bunlar necə transferlərdir? Mənim büdcəm olsaydı, ən yaxşılarını seçib gətirərdim. Qabağıma qoyulub ki, büdcəmiz bu qədərdir".
Sultanov sabiq futbolçuları Baqali Dabo üçün ayrılan büdcəyə 4 futbolçu gətirdiyini etiraf edib: "Özünüz düşünün, bu, qrup mərhələsində oynamaq üçün yetərlidirmi? Amma qıraqda olan futbol "mütəxəssislər"i, yalnız öz xeyirlərinə danışanlar deyirlər ki, klubda hər şey var, bu, nə cür idarəçilikdir, bu, necə işdir? Hansısa mütəxəssis bu vəziyyətdə komandanı qrup mərhələsinə çıxaracaqsa, iki əlimlə razıyam, gəlsin, komandanı qrupa yüksəltsin. Bizim də istəyimiz var, lakin bundan da önəmlisi meydanda sərgilənən oyundur. Futbolçunun səviyyəsi büdcə tələb edir, hamısı ona bağlıdır. Hansısa mütəxəssis "Neftçi"də hər şeyin maliyyə cəhətdən əla olduğunu deyirsə, səhv düşünür".
"Kənardan baxan hamı görür ki, "Neftçi"də hücumçu problemi var. Mən də sizə açıq deyirəm, baş məşqçi Füzuli Məmmədov da bildirib ki, belə bir futbolçu ilə müqavilə bağlayacağıq. Bu, bir saatda da baş verə bilər, sizinlə verilişdə olanda da".
O bildirib ki, futbolda hər şey mümkündür: "Bunlar futbolçudurlar. Bu gün bir, sabah isə başqa söz deyə bilərlər. Ona görə son nöqtəni gözləyirik. Bu gün transfer edirsənsə, onunla danışırsan. Futbolçunun müqaviləsi ola bilər, bəzən yoldaşı da məsləhət verir, onun da razılığı ola bilər. Transferlər asanlıqla gerçəkləşmir. Milyonlar olsa, mən də rahat oturar, milyonu verər, oyunçu gətirərəm. Məhdud büdcə var ki, ona uyğun oyunçu gətirməliyəm. Hər bir komanda istəyər ki, top futbolçuları gətirsin".