"Neftçi"nin formasını cırmasından danışdı: "Ağasəlim Mircavadov məni buna məcbur elədi" MÜSAHİBƏ
- 01 Sen 2021 12:00
- 958
Orta və yaşlı nəslin nümayəndələri Elşən Qəmbərovu yaxşı xatırlayır. Azərbaycanda “Neftçi”, “Kəpəz” və “Turan” kimi klubların şərəfini qoruyan yarımmüdafiəçi karyerası ərzində Özbəkistanda, Qazaxıstanda, Rusiyada legioner həyatı yaşamağa da imkan tapıb.
Bir ara yığmaya da cəlb olunan veteran yarımmüdafiəçi artıq neçə illərdi ABŞ-da yaşayır. Bugünlərdə tanışların birindən Qəmbərovun Bakıya gəldiyini eşitdim. Fürsəti əldən verməyərək, vaxtilə ölkə çempionatının ən sürətli vingerlərindən sayılan biri ilə əlaqə saxlayıb, söhbətləşmək istədiyimi bildirdim. Elşən bəy də sağ olsun, təklifi qəbul etdi və Bakıdakı parkların birində bir araya gəldik.
- 2009-cu ildən Nyu-Yorkda yaşayırsan. Amerikaya ilk getdiyin vaxtlar məşqçi kimi “Çernomorets” klubunda çalışdığını bilirdik. İndi nə işlə məşğulsan?
- Yaxın dostum Oleq o klubun vitse-prezidenti idi. İkimiz də istəyirdik ki, klub böyüsün, inkişaf etsin, daha yaxşı şəraitə malik olsun. Ancaq klubun rəhbərliyi bunu istəmədi. Niyə? Çünki inkişaf etmək, böyümək üçün əlavə vəsait yartırtmaq lazım idi. Vəziyyətin belə olduğunu görüb Oleqlə birgə layihə hazırladıq. Onun yuxarı dairələrdə tanışları var idi. O həmin adamlarla danışdı, layihəmiz barədə ətraflı məlumat verdi. Yeri gəlmişkən, onu da bildirim ki, Oleqin Bruklin meri ilə yaxşı münasibəti var. Bunun sayəsində işimizi qurduq. “Çernomorets” rəhbərliyini qorxudan layihənin maliyyə tərəfi idi. İlkin olaraq 300 min dollar tələb olunurdu. Bundan başqa, məşqçilərə verilən maaşa görə vergi ödənilməliydi. İcarə haqqı bura daxil deyildi. Bu xərclər rəsmiləri bir qədər çəkindirdi. Onlardan səs çıxmadığını görüb özümüz hərəkətə keçdik və şükür Allaha ki, işimizi qurduq, bu gün hər şey istədiyimiz səviyyədə davam edir. Hər ay 55 min dollar icarə haqqı ödəyirik. Hazırda klubumuzda futbolla məşğul olan uşaqlar üçün normal şərait yaratmışıq. Məşqdən sonra duş qəbul edirlər, yaxında kafe fəaliyyət göstərir. 3 ildən artıqdı işləyirik. “Brıdgevıew Soccer Academy” adlanan klubumuzun təsisçisi Oleq və mənəm. Oleq daha çox sənədləşmə işləri ilə məşğul olur. Mənim günüm isə meydanda keçir.
- Akademiyada neçə yaş qrupu fəaliyyət göstərir?
- Bəlkə də inanmayacaqsız, ancaq bizdə təməl qrupu 2 yaşdan başlayır və ən böyük yaş qrupu 15-di.
- 2 yaşlı uşaqla necə məşq keçmək olar?
- Təbii ki, 2 yaşlı uşaq futbolun nə olduğunu anlamır. Ancaq valideynlər övladının evdə kompüter arxasında oturmağındansa, sağlam həyat tərzi keçirməsinə üstünlük verirlər. O yaşda uşaqlar üçün məşqlər əyləncə xarakteri daşıyır. Müxtəlif, rəngarəng oyunlarla uşaqları və valideynləri sevindiririk. Onu da deyim ki, azyaşlı uşaqlarla işləmək məndən çox enerji alır. 1 saatlıq məşqdən sonra özümü 5 saat dayanmadan məşq keçən məşqçi kimi hiss edirəm. Bizdə iş prinsipi necə bölünüb? Kim ki istəyir uşağı, sadəcə, sağlamlıq üçün idmanla məşğul olsun, həmin uşaqlar üçün ayrıca qrup yaradılıb. Ciddi hədəfləri olan, futbolla ciddi məşğul olmaq istəyənlər üçün isə ayrıca qrupumuz var. Əməkdaşlıq etdiyimiz başqa bir akademiya var ki, onlar “Milan”a aiddilər. Maldini, Kostakurta kimi ulduzlar dostlarımızdı. Bu il bizim yay düşərgəmiz Bruklindədi. Gələn il üçün Mayamini düşünmüşük. Bir də düşünürük ki, yay düşərgəsini İtaliyada edək. Bir ay bundan öncə Rusiya yığmasının sabiq qolkiperi Ruslan Niqmatullin qonağımız oldu. O da Amerikada məktəb açmağı planlaşdırır.
- Hazırda akademiyanızda neçə uşaq futbolun sirlərini öyrənir?
- Akademiyanın müxtəlif yaş qruplarında təxminən 400 uşaq var. Bruklində ən güclü futbol akademiyasıdı.
- Bu gün Azərbaycanda da ödənişli əsaslarla özəl futbol məktəbləri fəaliyyət göstərir. Sirr deyilsə, sizdə aylıq nə qədərdi?
- 250 dollar. Mənim ailəm hazıda Moskvadadı. Ötən il Moskvadan da ev almışam. Bu il məktəbə gedəcək qızım Rusiya paytaxtında əlbəyaxa döyüş növü ilə məşğul olur. Bunun üçün aylıq 500 dollar ödəyirəm. Yəni deməyim odu ki, 250 dollar heç də böyük məbləğ deyil.
- Komandalarınız hansısa turnirə qatılırlar?
- U-15 komandamız Orlandoda keçirilən və bütün ölkəni əhatə edən turnirdə birinci yeri tutub. Bizim komandalarımız Danimarkada, İsveçdə və İtaliyada keçirilən turnirlərin iştirakçısı olub. 4 futbolçumuz İtaliyada yeniyetmələr arasında keçirilən ən güclü turnirdə iştirak ediblər. Orda kimlər oynayıb? Del Pyero, Pirlo, Balotelli, Covinko kimi ulduzları skautlar orda kəşf ediblər. Həmin yarış daim skautların diqqət mərkəzində olur. Gələn il özüm də o turnirə yollanacam. Bu il vaxtım olmadığımdan təşkilatçıların təklifini dəyərləndirə bilmədim. Məşqçi kimi yetirmələrimi iş başında görmək istəyirəm.
- Akademiyanızda azərbaycanlı uşaqlar var?
- İlk başlayanda yox idi. Ancaq indi 10 yaşlı Ceyson Mövsümov var ki, gələcək adına çox böyük perspektiv vəd edir. Bu adı yadda saxlayın. Bir neçə ildən sonra bu uşaq adından söz etdirən futbolçulardan biri olacaq. Onun atası Oleq Mövsümov Bakıda doğulub, hazırda ABŞ-da fəaliyyət göstərən “Azərbaycanlı həmyerlilər” beynəlxalq fondunun prezidentidi. O istəyirdi Azərbaycanda turnir təşkil etsin və bizim komanda da ora qatılsın. Ancaq pandemiya səbəbindən alınmadı. Akademiyamızda Ukraynadan, Belarusdan olan uşaqlar var. Özbəklər daha çoxdu. Onların çox istedadlı uşaqları var. Onlardan savayı Albaniya və Çindən olanlar da futbolun sirlərini öyrənirlər.
- Karyeran ərzində Ukraynada, Rusiyada, Özbəkistanda, Qazaxıstanda top qovmusan. Orda topladığın təcrübə bu gün məşqçi kimi işinə yarayır?
- Əlbəttə. Müxtəlif ölkələrin mədəniyyəti ilə tanışam və bu gün həmin ölkələrdən olan ailələrin uşaqlarına məşq keçəndən artıq bilirəm ki, onlarla necə işləmək lazımdı. Hər millətin öz mentallığı var və təcrübəm hesabına onlarla işləyə bilirəm.
- Azərbaycanda məşqçi işləmək üçün lisenziya tələb olunur. Bəs ABŞ-da bu məsələ necə tənzimlənir?
- Orda da məşqçi işləmək üçün lisenziya lazımdı. Ancaq ilk növbədə dili bilməlisən. İngilis dilini bilməsən, PRO kateqoriyası belə işinə yaramaz.
- ABŞ-da iş adamları bu ölkədə o qədər də populyar olmayan futbola sərmayə yatırırlar?
- Bilirsiz ki, 2026-cı ildə təşkil olunacaq dünya çempionatına Kanada və Meksika ilə yanaşı, ABŞ evsahibliyi edəcək. Artıq indidən bu yöndə işlər gedir, futbola xüsusi diqqət ayırırlır. Yaxınlarda akademiyamızın qonağı olan Erik Adams Nyu-Yorkun meri olmağa əsas namizəddi. Aparılan sosioloji sorğuların nəticəsinə görə bu adamın mer olmaq şansı 95 faiz dəyərləndirilir. Çox sadə insandı. O da bizim akademiyaya xüsusi maraq göstərir.
- Özün həvəskar şəkildə olsa da, futbol oynayırsan?
- Bəli. Orda Latın Amerikası liqası var. Bu liqada Latın Amerikası ölkələrindən olan mühacirlər çıxış edirlər. Mən də Peru komandasının şərəfini qoruyuram. Çempionatların birində 52 qolla hətta bombardir də olmuşdum. Buna görə 1000 dollar mükafat verəndə istəmədim. Bildirdim ki, mənim üçün əsas futbol oynamaqdı. Liqanın qalibinə 50 min dollar mükafat verilir.
- Azərbaycan futbolunu izləyirsən?
- İmkan daxilində maraqlanıram. Ancaq bütün gün izləyirəm desəm, yalan olar. Orda həmyerlimiz Fərid Orduyev var. Bir ara bizimlə birgə işlədi, hazırda başqa şəhərdə radioda çalışır. Ara-sıra Azərbaycan futbolunda başverənlərlə bağlı xəbərləri mənə göndəririr. 5 gündü Azərbaycandayam. Dünən (srağagün) “Neftçi” və “Qarabağ”ın Konfrans Liqasında pley-off matçlarına baxdım. Qurban Qurbanova və komandasına “afərin” düşür. Növbəti dəfə bizi sevindirdilər. Təəssüf ki, “Neftçi” xalqımızı məyus etdi. Çox danışmaq istəmirəm. Deyəcəklərimi başqa cür yoza bilərlər. Ancaq “Neftçi”nin baş məşqçisinin mətbuat konfransında söylədiklərini heç cür başa düşə bilmədim. Samir Abasov uğursuzluğa görə özündən başqa hamını günahkar bildi. Belə olmaz. Ümumiyyətlə, “Neftçi” barədə çox danışmaq istəmirəm. Vaxtilə bu komandanın şəəfini qorumuşam, çempionluq sevinci yaşamışam. İndi deyirlər ki, Elşən komandanın formasını cırdığı üçün kluba qarşı hörmətsizlik etdi. Ancaq çoxları həmin ərəfədə komanda daxilində nələrin yaşandığını bilmirlər. Ağasəlim Mircavadov bilərəkdən məni bu hərəkəri etməyə məcbur etdi... Deyiləsi çox şey var. Ancaq istəmirəm keçmişə qayıdım, yaşananları bir daha yada salım. Kimlər mənim 40 min dollarımı “yedi”, kimlər mənə qarşı haqsızlıq etdi...
- Budəfəki gəlişində futbol adamlarından kimlərlə görüşmüsən?
- Demək olar ki, heç kimlə. Vaxtım azdı, avqustun 31-də Moskvaya uçmalıyam. Qızım birinci sinfə gedəcək deyə onların yanında olmalıyam. Ancaq çox istərdim ki, vaxtilə bir yerdə oynadığım bəzi dostları bir yerə yığım, oturaq, ötən günləri yada salaq. Bu gün həyatda, demək olar, hər şeyim var. Zəhmətim hesabına buna nail olmuşam. Vaxt az olduğundan daha çox atamla anamın yanında olmaq istədim. İnşallah, növbəti gəlişimdə dostları başıma yığacam. Fikrim var, bir futbol matçı təşkil edim, ondan sonra isə ziyafət olsun və dostlarla masa arxasında əyləşək. Bugünlərdə ancaq Mehman Allahverdiyev və İqor Getman ilə telefonla danışmışam. Danışa və görüşə bilmədiklərimə qəzetiniz vastəsi ilə salamlarımı göndərirəm. İnşallah, yaxın vaxtlarda görüşərik. ("Futbol plus")