"Neftçi"nin müdafiə yükü YAZI
- 15 İyl 2021 17:00
- 985
"Neftçi" böyük əksəriyyətin gözlədiyi kimi, Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Tbilisi "Dinamo"nu mübarizədən kənarlaşdıra bildi. Bu qələbəni gözləyənlərdən biri də mən idim. Amma ona görə yox ki, "ağ qaralar" hazırda ideal formadadır. Heç ideal heyət də yoxdur. Baş məşqçi Samir Abasov özü də problemləri önə çəkirsə, deməli, həqiqətən də həyəcanlanmağa səbəb var. Şəxsi qənaətim budur ki, bakılıların əsas sıxıntısı müdafiə xətti ilə bağlıdır. Hələ ilk oyunun gedişində bunu sezmiş və sosial şəbəkə hesabımda yazmışdım. Etiraf edək ki, qələbə qazanmasına baxmayaraq, "Neftçi" Gürcüstan paytaxtında elə də yaxşı oynamamışdı. Elə ilk hissədə Aqil Məmmədovun rəqibin uzaq məsafədən təhlükəli sayılacaq 4-5 zərbəsini hansı çətinliklə və məharətlə dəf etdiyini hər kəs xatırlayır. Sadəcə, təcrübə son anda "Neftçi"nin dadına çatmışdı. Hansı ki, eyni təcrübə dünən də həlledici oldu. "Neftçi"nin təcrübəsi ilə paralel buna, gürcülərin təcrübəsizliyi də demək olar. Çünki təcrübəli komanda, təcrübəli müdafiəçi istər Tbilisidəki, istərsə də Bakıdakı penaltini rəqibə hədiyyə etməzdi. Bakılılar da təbii ki, həmin hədiyyələri geri çevirmədilər. Amma növbəti rəqib "Dinamo" Tbilisi deyil. Bu dəfə bizi daha güclü, daha təcrübəli və daha imkanlı "Olimpiakos" gözləyir.
Yunanıstan nəhənginin reytinqi, çəkisi, xüsusislə azarkeşləri haqda əlavə nə isə deməyə ehtiyac yoxdur. Üstəlik, ilk oyun Yunanıstandadır və "Neftçi"nin güclü basqı altında toparlanmamaq qorxusu var. Bunun baş verməməsi üçün start həyacanı boğulmalı, rəqibin erkən qoluna imkan verilməməlidir. Bu işdə isə müdafiəçilərin üzərinə böyük yük düşəcək. "Neftçi"nin hazırkı müdafiə xətti bu yükü qaldıra biləcək, bax bunu əminliklə deməyə adam çətinlik çəkir. Yuxarıda qeyd etdiyim kimi, "Dinamo" ilə oyunlarda "ağ qaralar"ın müdafiə xətti elə də etibarlı oynamadı. Söhbət tək buraxılan 2 qoldan yox, ümumiyyətlə, 180 dəqiqəlik oyunun analizi zamanı ortaya çıxan səhvlərdən gedir. Tbilisidəki oyunda müdafiəçilər rəqib futbolçulara uzaq məsafədən çox rahat şəkildə zərbə vurmaq imkanı yaradırdılar. Elə buraxılan qol da bunun üzündən oldu.
Bakıdakı oyunda isə tək mərkəz yox, cinahlarda da problem olduğu üzə çıxdı. Xüsusilə sol cinah. Elə ilk hissədə gürcülər "Neftçi"nin sol cinahından 3-4 dəfə təhlükəli hücum qurdular və bunların ikisi qapı önünə təhlükəli hava ötürməsi ilə yadda qaldı. Həmin ötürmələrin birində də rəqib az qala hesabı açacaqdı, amma Aqil qola imkan vermədi. Buraxılan qolda isə mərkəz müdafiəçilərin səhvi danılmazdı. Mbodj, ümumiyyətlə, Çempionlar Liqası səviyyəsində futbolçu deyil və onunla müqavilənin müddətinin uzadılması bu günə qədər anlaşılmaz qalır. Ola bilsin Samir Abasov o qiymətə oynayacaq daha səviyyəli müdafiəçi tapa bilməyib. Bu müdafiəçinin daha təhlükəli və sürətli yunanlar önündə necə duruş gətirəcəyi indidən maraq doğurur. Nəzərə alaq ki. digər mərkəz müdafiəçisi Stankoviç də hava toplarında üstün olsa da, sürət baxımından axsayır və çox ağırdı. Ömər Buludov da yetəri təcrübəyə malik biri deyil. Bütün bunları nəzərə alaraq "Neftçi"nin yunanlarla ilk oyuna kimi heç olmasa bir mərkəz müdafiəçisi transfer edəcəyinə inanmaq istəyirik. Çünki bu gün paytaxt klubunun təcrübəli, oyun quruculuğu qabliyyətinə malik mərkəz müdafiəçisinə ciddi ehtiyacı var.
Anar XANLAROV