"Neftçi"nin və millimizin futbolçusu Anton Krivotsyuk Ukraynadan təklif alması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, futbolçunun xidmətində maraqlı olan klubun adı da məlumdur.

Söhbət "Vorskla"dan gedir. Bu haqda məlumatı isə sport24.az saytı yayıb.

Məhz Poltava klubunun 23 yaşlı müdafiəçiyə maraq göstərməsi təsadüfi deyil. Belə ki, bu komandanın baş məşqçisi "Keşlə"ylə Azərbaycan Kubokunun qalibi olmuş Yuri Maksimovdu. Təcrübəli ukraynalı mütəxəssis millimizin üzvünü komandasında görməkdə maraqlıdı.

Üstəlik, Antonun "ağ-qaralar"la müqaviləsi cari mövsümün sonunda bitdiyindən, "Vorskla" onu sərbəst futbolçu kimi heyətinə qata bilər. Sadəcə, burda əsas məqam odur ki, UEFA qaydalarına əsasən futbolçunu yetişdirmiş klub olaraq "Neftçi" Krivotsyukun keçəcəyi istənilən komandadan kompensasiya alacaq. "Ağ-qaralar"ın da saxlamaqda maraqlı olduğu müdafiəçi hazırda təklifləri götür-qoy edir və qərarını mövsüm bitəndə verəcək. 

Xatırladaq ki, Ukraynanın paytaxtı Kiyevdə anadan olan Anton 2016-ci ildə ölkəmizə gələrək milliləşdirilib. O, həmin vaxtdan "Neftçi"də çıxış edərək, bütün yaş qruplarından ibarət  yığmalarımızda da forma geyinib.