SSRİ çempionatının 1991-ci il mövsümü yeni başa çatmışdı. İmperiya dağılsa da, çoxları hələ də növbəti çempionatın baş tutacağına ümidli idi.

Rekord.az xəbər verir ki, arxada qalan mövsümün sonuncu olmamasına inananların ümid yeri isə Vyaçeslav Koloskov idi. SSRİ Futbol Federasiyasının prezidenti FİFA-nın vitse-prezidenti kimi nüfuzundan istifadə edərək MDB çempionatını təşkil etmək istəyirdi.

Doğrulmayan ümidlər
Qeyri-müəyyənlikdə taleyini gözləyənlər sırasında Azərbaycan komandaları da yer alırdı. 1991-ci ildə 24 təmsilçimiz müxtəlif liqalarında qüvvəsini sınayırdı. Ən yaxşı klubumuz həmin illərdə faktiki Azərbaycan millisi funksiyasını yerinə yetirən, bütün komandaların ən güclülərini özündə toplayan “Neftçi” ardıcıl 3-cü dəfə 1-ci dəstədə mübarizə aparırdı. Onların qarşısına güclülər dəstəsinə qayıtmaq vəzifəsi qoyulsa da, 22 komanda arasında yalnız 15-ci olmağı bacardı. Qələbəyə görə 2 xalın verildiyi yarışda toplanan 39 xal fonunda müsbət top fərqi yalnız təsəlli idi. Bu da hərəyə 16 qolla yarışın bombardirləri siyahısında 8-ci yerə şərik olan Yunis Hüseynovla Vəli Qasımovun məhsuldarlığı sayəsində mümkün olmuşdu. Mövsümün gedişində baş məşqçi postunda Ruslan Abdullayevi Əhməd Ələsgərovun əvəzləməsi də 22 komanda arasında 15-ci yerdən yuxarı qalxmaq üçün yetərli olmadı.

I dəstə

15

Neftçi

42

17

5

20

60-58

39

II dəstənin bufer zonalarından birində çıxış edən Azərbaycan klublarının nəticələri də tam ürəkaçan deyildi. Nizami Salahovun baş məşqçi kimi göstərildiyi, amma mövsümün əvvəlində komanda rəisi kimi Əhməd Ələsgərovun çalışdığı “Dinamo”nun (indiki “Kəpəz”) da vəzifəsi çempionluq və 1-ci dəstəyə vəsiqə idi. Şahin Diniyevlə Mehman Allahverdiyevin hərəyə 11, Əfqan Talıbovun 10 qolu da bu məqsədə çatmaq üçün yetərli olmadı. Qərb zonasında 3-cü olan gəncəlilər qalibdən 3, ikinci pillədən 1 xal geri qaldı.

“Qarabağ” bu səviyyədə debüt mövsümündə 11-ci oldu. Ağasəlim Mircavadovun yetirmələrinin bu nəticəsi qənaətbəxş də sayıla bilər. Qarabağdakı döyüşlər üzündən əksər oyunları baş tutmayan komanda nəticədə cəmi 20 qol vurdu. Mehman Alışanov 5, Təbriz Həsənovla Arif Zərbayılov hərəyə 4 topla komandanın bombardirləri oldu.

Mehdi Salmanovun çalışdırdığı “Göyəzən” isə yalnız Qrodno “Ximik”ini arxada qoya bildi. Elçin Həsənovun 9 qol vurduğu komandada digər respublikalardan cəlb olunan futbolçular da uğur üçün kifayət etmədi.

II dəstə, bufer, Qərb zonası

3

Dinamo

42

26

4

12

48-48

56

11

Qarabağ

42

20

2

20

20-47

42

21

Göyəzən

42

13

2

27

29-61

28

“Xəzər” – çempion, Əliyev-İsayevin tandeminin benefisi
Azərbaycanın digər komandaları isə 2-ci dəstənin 3-cü zonasında mübarizə aparırdı. Bakının 4 təmsilçisi ilə paytaxtdan kənardan 16 klub iki dövrədə qeyri-rəsmi respublika çempionatına qüvvəsini sınayırdı. Hər halda, bu zonanı Azərbaycan birinciliyi kimi də qəbul etmək olardı. İlboyu aşkar üstünlüyünü nümayiş etdirən Sumqayıt “Xəzər”i zonanın çempionu adını qazandı. Sabir Əliyevin yetirmələrinin zəfərində “Neftçi”nin sabiq üzvləri Vaqif Sadıqovla Yaşar Vahabzadənin, həmçinin bombardir tandeminin əvəzsiz rolu oldu. 1990-cı ildə olduğu kimi yenə də 3-cü zonada Nazim Əliyev 1-ci, Azər İsayev 2-ci oldu. Sonradan müstəqillik illərində də qollarını sıralayan cütlük iki mövsümə 99 dəfə fərqləndi. 1990-cı ildə Nazim 28, Azər 25, son SSRİ çempionatında isə müvafiq olaraq 26 və 20 qola imza atdılar. Bakı “İnşaatçı”sı gümüş, Yevlax “Avtomobilçi”si bürünc medal qazandı. Bərdə “Pambıqçı”sı isə son turlarda “üçlük” arzusu ilə vidalaşdı.

II dəstə, III zona

1

Xəzər (Sumqayıt)

38

28

5

5

112-24

61

2

İnşaatçı (Bakı)

38

22

10

6

82-32

54

3

Avtomobilçi (Yevlax)

38

21

10

7

76-28

52

4

Pambıqçı (Bərdə)

38

22

7

9

60-34

51

5

Kür (Mingəçevir)

38

18

11

9

67-33

47

6

Araz (Bakı)

38

16

14

8

48-33

46

7

Gənclik (Nəvahi)

38

18

7

13

61-47

43

8

Daşqın (Zaqatala)

38

20

2

16

69-63

42

9

Avey (Ağstafa)

38

18

4

16

48-42

40

10

Viləş (Masallı)

38

14

10

14

54-53

38

11

Xəzər (Lənkəran)

38

17

3

18

45-54

37

12

Şahdağ (Qusar)

38

15

7

16

52-57

37

13

Aqrofirma (Quba)

38

15

7

16

44-53

37

14

İnşaatçı (Şamaxı)

38

14

6

18

49-59

34

15

Azəri (Bakı)

38

12

10

16

51-54

34

16

İnşaatçı (Sabirabad)

38

14

4

20

37-69

32

17

MSOP-Dinamo (Bakı)

38

10

10

18

35-41

30

18

Şirvan (Kürdəmir)

38

10

6

22

33-86

26

19

Plastik (Salyan)

38

3

6

29

24-98

12

20

Badamlı (Naxçıvan)

38

2

3

33

20-107

7

Püşk atıldı
Azərbaycan futbolu “Neftçi”nin MDB çempionatına qatılacağını gözlədiyi vaxtda digər komandaların taleyi qeyri-müəyyənlikdə idi. Onların zona turnirində, yoxsa ölkə çempionatında oynayacağı da bilinmirdi. Artıq olmayan ölkənin – SSRİ-nin futbol federasiyası isə öz çempionatına komanda yığırdı. Hələ 1991-ci ildə yarışa qatılmayan Gürcüstan, Litva və Estoniyaya daha iki ölkə də qoşuldu. Latviya və Ukrayna da MDB çempionatında oynamaqdan boyun qaçırdı. Sonuncuları müxtəlif yollarla çempionata cəlb etməyə çalışan federasiyanın səyləri nəticəsiz qaldı. Belə olan halda, Rusiya, Belarus, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Moldova komandalarının qatılacağı yarışın tam tərkibi dəqiqləşdi. Düzdür, Moldovanı tanınmayan Dnestryanı təmsilçisi “Tiliqul” təmsil edirdisə, Gürcüstandan tanınmamış Abxaziyanın “Suxumi” komandası çempionata salınmışdı. Ermənistanın da son anda yarışdan çəkilməsi ilə Özbəkistanın 3-cü təmsilçisi “Novbahor”da “22-liy”ə düşdü. Püşkatmada iştirakçılar hərəsində 11 klub olan iki qrupa bölündü. Azərbaycan təmsilçisi “Neftçi” A qrupunda mübarizə aparmalı idi.

A qrupu: “Pamir” (Düşənbə, Tackisitan), “Neftçi” (Fərqanə, Özbəkistan), “Alqa” (Bişkek, Qırğızıstan), “Kopetdağ” (Aşqabad, Türkmənistan), “Neftçi” (Bakı, Azərbaycan), “Spartak”, “Dinamo”, “Lokomotiv” (hamısı Moskva, Rusiya), “Tiliqul” (Tiraspol, Moldova), “Zenit” (Sankt-Peterburq), “Lokomotiv” (Nijni-Novqorod, hər ikisi Rusiya)

B qrupu: “Paxtakor” (Daşkənd), “Novbahor” (Nəmənqan, hər ikisi Özbəkistan), “Kayrat” (Almatı, Qazaxıstan), “Dinamo” (Suxumi, Gürcüstan), “Spartak” (Vladiqafqaz), “Rotor” (Volqoqrad), “Uralmaş” (Yekaterinburq), “Rostselmaş” (Rostov), MOİK, “Torpedo” (hər ikisi Moskva, hamısı Rusiya), “Dinamo” (Minsk, Belarus).

Moskva klublarından alqışlanası addım
Artıq hər şey SSRİ çempionatının varisi olan MDB birinciliyinə doğru gedirdi. Lakin birdən-birə Moskva klubları coşdular. “Spartak” digər klubları – “Dinamo”, “Lokomotiv, MOİK və “Torpedo”nu öz binasında qəbul etdi. Tərəflər Ukrayna komandalarının da olmadığı çempionatda zəif rəqiblərlə oynamaq, uzaq səfərlərə xərc çəkməkdən narazılıqlarını bəyan etdilər. Paytaxt klubları bu ideya ətrafında deyil, Rusiya çempionatında birləşməyə qərar verdilər. Fevralın 25-dək davam edən müzakirələr, toplantılardan sonra moskvalıların istədiyi baş tutdu. 20 klubun qatılacağı Rusiya çempionatının güclülər dəstəsinin tərkibi müəyyənləşdi. MDB çempionatına çağırılan digər ölkə təmsilçiləri qovulmuş vəziyyətinə düşdülər. Təbii ki, həmin ölkələrin hər biri tez öz müstəqil çempionatını təşkil etmək üçün səfərbər oldu.

Moskva klublarının imtinası olmasaydı, Azərbaycan və digər ölkələrin çempionatları 1992-ci ildən başlamayacaqdı. Təbii ki, MDB çempionatı uzunömürlü ola bilməzdi. Amma müstəqil futbolumuz bir neçə il də gecikmiş olacaqdı. 1992-ci ilin soyuq fevralında Azərbaycan futbolunun qeyri-müəyyənlikdə qalması bunun bir neçə il sonra “doğulmasından” daha yaxşı idi. Çempionatlarımızın da məhz 28 il öncə start götürməsində Moskva “beşliy”inin xüsusi rolu danılmazdır.

Məcburi startda 26 komanda
Gözlənilmədən qeyri-müəyyənliyə atılan Azərbaycan klublarının taleyi bir anlıq zülmətə düşdü. Ölkədə hələ yeni futbol federasiyası da yox idi. Belə bir vaxtda tələsik bir araya gələn futbol ictimaiyyəti martın 26-da AFFA-nı təsis etdi. Qurum tam təşkilatlanmağa, digər vacib prosedurlara başlamadan öncə prioritet kimi qarşısına çempionat təşkil etmək vəzifəsi qoydu.

Son SSRİ çempionatını əbəs yerə xatırlamadığımızı yəqin ki, başa düşdünüz. Öz çempionatını keçirmək məcburiyyətində qalan Azərbaycanın 1991-ci ilin sonunda 24 komandası var idi. Yeni yaranan AFFA-nın da əlindəki yeganə variant bu 24 komandanı ya eyni, ya bir neçə liqada bir araya gətirmək idi.

Amma hər şey kağız üzərindəki qədər asan deyildi. Bakı klubları “Araz” və “Dinamo” tarixin yaddaşına köçdü. “Aqrofirma” da eyni taleyi yaşadı. Lənkəran “Xəzər”inin varlığı ilə yoxluğu bilinmirdi. Ölkə çempionatı üçün SSRİ-dən miras kimi 20 komanda qalırdı.
Qısa zaman kəsiyində “Dinamo” və “Araz”ın futbolçularından təşkil olunan “Tərəqqi”nin yaradılması, futbol ənənələrinə malik bölgələrdə yeni klubların “Turan” (Tovuz), “Çıraqqala” (Siyəzən), “Energetik” (Şirvan), “Kürmük” (Qax), “Ümid” (Cəlilabad) yaradılması iştirakçı sayını 26-ya yüksəltdi.

AFFA bu komandaları hansısa prinsip əsasında iki dəstəyə bölməyə ehtiyac duymadı. Çempionatın əsasnaməsini və formatını müəyyənləşdirən assosiasiya yarışın mayın 3-də başlamasına qərar verdi. Hələ birinci dəstə barədə düşünməyən və bunun üçün nə vaxtı, nə komandası olan qurum güclülər dəstəsində (yüksək liqa) iki mərhələli mübarizəyə üstünlük verdi.

Hələ qələbəyə görə 2 xalın verildiyi dövrə təsadüf edən çempionatın ilk hissəsi hərəsində 13 komanda olmaqla 2 qrupda keçirilməli idi. Hər qrupda ilk 6 yeri tutanlar final mərhələsində 1-12, digərləri 13-26-cı yerlər üçün mübarizə aparacaqdı. Komandalar final mərhələsinə ilkin raundda toplanan xallarla başlayacaqdı. Hər komanda final mərhələsində yalnız digər qrupdan olan rəqiblərlə görüşməli idi. Mövsümün sonunda 18 komandanın güclülər dəstəsində qalacağı perspektivdəki birinci liqadan ikisinin gələcəyi düşünülürdü.

Püşkatmada komandalar bu tərkibdə qruplara bölündü:
A qrupu
“Avtomobilçi” (Yevlax), “Çıraqqala” (Siyəzən), “Energetik” (Şirvan), “Gənclik” (Nəvahi), “İnşaatçı” (Bakı), “Kür” (Mingəçevir), “Neftçi” (Bakı), “Şahdağ” (Qusar), “Şirvan” (Şamaxı), “Ümid” (Cəlilabad), “Viləş” (Masallı), “Xəzər” (Lənkəran), “Xəzər” (Sumqayıt).

B qrupu
“Avey” (Ağstafa), “Azəri” (Bakı), “Daşqın” (Zaqatala), “Göyəzən” (Qazax), “İnşaatçı” (Sabirabad), “Kəpəz” (Gəncə), “Kürmük” (Qax), “Pambıqçı” (Bərdə), “Plastik” (Salyan), “Qarabağ” (Ağdam), “Şirvan” (Kürdəmir), “Tərəqqi” (Bakı), “Turan” (Tovuz).

Artıq çempionatın startı üçün hər şey hazır idi. AFFA yaranmasının 38-ci günündə ilk çempionatın ilk turuna start verəcəkdi. Hamı mayın 3-nü gözləyirdi...

Klublar qəbiristanlığında ilk məzar
Lakin ilk ölkə çempionatı start götürməmiş iştirakçılardan biri fəaliyyətini dayandırıb. Püşkatmaya qatılan və B qrupuna düşən “Badamlı” (Naxçıvan) çempionatdan da çıxıb. Bu, müstəqillik dövründə klublar qəbiristanlığına düşən ilk komanda olub. Ondan əvvəl eyni taleyi yaşayan və yuxarıda bəhs etdiklərimiz isə keçid dövrünün qurbanları idi. Sonradan bir neçə dəfə bərpa olunub, yenidən fəaliyyətini dayandıran, “Araz” da adlanan Naxçıvan təmsilçisinin ilk süqutunda maliyyənin də rolu olub. Müstəqilliyin ilk illərində təyyarə ilə digər bölgələrdəki oyunlara gəlib-getməyin çətinliyi onları çempionatdan kənar qoyub.

Bu, AFFA-nı da seytnot vəziyyətə salıb. Assosiasiya “siftə”si gerçəkləşmədən bir komandanı itirməklə çempionatdakı iştirakçı sayının təklənməsinə biganə qalmayıb. Qurum SSRİ çempionatında iştirak etmiş, lakin üzvlük haqqı və digər məsələlər üzündən püşkatmadan kənar qalan Lənkəran “Xəzər”ini yarışa cəlb edib. Cənublular qısa müddətdə heyəti toplayıb yarışa qatılmağa imkan tapıblar. Bununla da təşkilatçılar hər qrupda 13 komandanın qalmasını təmin ediblər.

Sovet sxemi və ilk təxirə salma
AFFA çempionatın keçirilməsində dairəvi sistemin klassik növünü deyil, SSRİ birinciliklərinin aşağı liqalarından qalan cütlərin çarpaz oyunlarda üz-üzə gəlməsinə üstünlük verdi. Yəni ərazi baxımından cüt təşkil edən 2 komanda ardıcıl turlarda digər qonşularla üz-üzə gəlir. Məsələn, “Neftçi” və “İnşaatçı” öncə müvafiq olaraq “Kür” və “Avtomobilçi” ilə görüşürsə, növbəti turda cütlər rəqiblərini dəyişirdi. Məhz buna görə də bəzi turlardakı oyun sayı da fərqli, bəzən 5, bəzən 6 alınırdı. Bu o demək idi ki, 13 komandalı turnirin hər dövrəsi 13 deyil, 14 turdan ibarət olacaqdı.

Mayın 3-dəki start turunda hər qrupda 6 görüş keçirilməli idi. Lakin 12 matçdan biri təxirə salındı. Bakı “İnşaatçı”sı İran səfərində olduğundan “Neftçi” ilə görüşü sonraya təxirə düşdü. Nəticədə çempionat 11 oyunla başladı.

Dörd şəhərdə start fiti
İlk turun 11 qarşılaşmasından dördü digərlərindən tez start götürüldü. Ölkənin 4 müxtəlif şəhərində verilən start fiti Azərbaycan futbolunda yeni tarixin başlanğıcı oldu. Rüstəm Rəhimov Ağdamda “Qarabağ” – “İnşaatçı” S, Füzuli Qasımov Sumqayıtda yerli və Lənkəran “Xəzər”inin, Novil İsmayılov Bakıda “Tərəqqi” – “Kürmük”, Gülağa Cabarov Masallıda “Viləş” – “Şahdağ” matçının başlamasına işarə verdi. Onlardan yalnız biri İsmayılov qarşılaşmanı qolsuz bitirməli oldu.

Ümumiyyətlə, ilk turda, ilk oyun günündə ölkənin 10 müxtəlif şəhəri futbol həyəcanı yaşadı. Yalnız Bakıda 2 qarşılaşma baş tutdu.

İlk qol və iddia
Ölkə çempionatları tarixinin ilk qolunun bu 4 matçdan birində vurulması gözlənilən idi. Məhz belə də oldu. Ağdamdakı qarşılaşmanın 4-cü dəqiqəsində Sabirabad “İnşaatçı”sının qapısına yol tapan Mehman Alışanov təkcə “Qarabağ”ın deyil, bütün ölkə çempionatları tarixinə düşdü. O, həmin vaxt ilk qolun müəllifi üçün təsis olunan xüsusi pul mükafatına da sahib çıxmalı idi. Lakin ilk çempionatın ilk turundakı bu qol ilk qalmaqala səbəb oldu. Bir saat gec başlayan oyunun 2-ci dəqiqəsində “Pambıqçı”nın veteran futbolçusu Əli Quliyev Kürdəmir “Şirvan”ının qapısına yol tapdı. 39 yaşlı veteranın bu topu turun ən erkən qolu idi. Bəli, məhz erkən qol. Amma ilk qol Alışanova məxsus idi.

Lakin beynəlxalq təcrübə və qəbul olunan qaydalarla barışmayanlar ilk qolun məhz daha gec başlayan matçda vurulduğunu iddia etməyə başladı. Əsassız iddialar idi. Erkən qolla tez vurulan qol arasında fərqi qarışdıranlar ciddi narazılıqlara səbəb oldu. Lakin bu məntiqsiz iddialar təbii ki, əsassız da qaldı. Tarixə isə həqiqətən ilk qola imza atan Mehman düşdü. Amma çempionatlar tarixinə ilk narazılıqlardan biri, bəlkə də birincisi kimi qaldı.

Bombardir-şou
1991-ci ildə 3-cü zonanın qalibi olan və qeyri-rəsmi respublika çempionu sayılan Sumqayıt “Xəzər” ilk turdan favoritlərdən olduğunu təsdiqlədi. Sabir Əliyevin yetirmələri bir neçə günə toplanan Lənkəranın “Xəzər”ini 5 cavabsız qolla darmadağın etdi. Respublika çempionatlarının az qala əvəzolunmaz bombardiri olan Nazim Əliyev 22 dəqiqəyə üç qol vurmaqla ilk het-trik müəllifi kimi tarixə düşdü. Hücumçu bununla müstəqillik çempionatında da bombardir adına iddiasını ortaya qoydu. Əsas favorit “Neftçi”nin və son respublika kubokunun sahibi “İnşaatçı” ilə yanaşı, Şamaxı “Şirvan”ının da meydana çıxmadığı A qrupunun ilk turu ümumilikdə sensasiyasız başa çatdı. “Kür” “Ümid”ə, “Avtomobilçi” sonradan çempionatdan çıxacaq “Gənclik”in qapısına 2 qol vuraraq qələbə qazandı. Qonaqlardan yalnız “Ümid” bir dəfə fərqləndi. “Energetik” də “Çıraqqala” ilə görüşdə doğma meydanda 2 xala sevindi. Səfərdən xalla dönən yeganə komanda “Şahdağ” oldu. Qusar təmsilçisi Masallıda “Viləş”lə qollu sülhə imza atdı.

Sensasiyayla start
Turun sensasiyaları B qrupuna təsadüf etdi. Son SSRİ çempionatında bufer zonasının iştirakçısı olan “Qarabağ” hesabı açdığı matçda uduzdu. Bu sensasiyanın müəllifi Sabirabad “İnşaatçı”sı oldu. Uzun illər Azərbaycanın ikinci komandası sayılan “Kəpəz” qalib gəlsə də, üzləşdiyi çətinlik sensasiya sayıla bilərdi. Bir neçə ayın komandası olan “Turan” güclü rəqiblə başabaş oynamaqla mükafatlara iddiasını ortaya qoydu. Bufer zonasındakı üçüncü təmsilçimiz də çətinliklə üzləşdi. “Göyəzən” o qədər də güclü olmayan “Plastik”i minimal fərqlə məğlub etdi ki, bu da Qazax təmsilçisinin favoritlərdən olmayacağına bir işarə idi.

B qrupunun startı da darmadağınsız ötüşmədi. “Pambıqçı” 3 cavabsız topla Kürdəmir “Şirvan”ını autsayder imici ilə barışmağa vadar etdi. Paytaxt klubları turu qol buraxmadan başa vurdu. “Azəri” “Daşqın”ın müqavimətini ikinci hissədəki qollarla qıra bildisə, “Tərəqqi” – “Kürmük” matçı çempionatlar tarixinin ilk qolsuz görüşü kimi yadda qaldı. Bu turda B qrupunda “Avey” istirahət etdi (apasport.az).

I mərhələ, I dövrə
1-ci tur, 3 may

A qrupu
“Xəzər” S – “Xəzər” L - 5:0
V.Sadıqov, 8, A.İsayev, 51, N.Əliyev, 62, 78, 83
“Kür” – “Ümid” - 2:1
B.Sadıqov, 14, Z.Qarayev, 25 - N.Əsədov, 8
“Avtomobilçi” – “Gənclik” - 2:0
Ə.Cəfərov, 15, Ş.Əhmədov, 30
“Viləş” – “Şahdağ” - 1:1
K.İlyasov, 12 - A.Vasilyev, 79
“Energetik” – “Çıraqqala” - 1:0
Z.İbişov

B qrupu
“Göyəzən” – “Plastik” - 2:1
P.Eyyubov, 53, 70 - Ç.Əzimov, 85
“Qarabağ” – “İnşaatçı” S - 1:2
M.Alışanov, 4 - N.Rzayev, 40, M.Quliyev, 46
“Pambıqçı” – “Şirvan” K - 3:0
Ə.Quliyev, 2, Fəq.Hüseynov, 65, M.İbrahimov, 69
“Tərəqqi” – “Kürmük” - 0:0
“Azəri” – “Daşqın” - 2:0
Ə.Ağamalıyev, 60, M.Soltanov, 76
“Kəpəz” – “Turan” - 2:1
C.Əhmədov, 21, Ə.Talıbov, 68 - V.Hüseynov, 15