"Neftçi"nin qapıçısı Murova sovqat göndərdi, maşınını orduya təhvil verməyi tapşırdı
- 08 Okt 2020 13:00
- 774
Sportinfo.az xəbər verir ki, Azərbaycan ordusu Qarabağda əks-hücum əməliyyatlarını davam etdirir.
Ölkədə qismən səfərbərlik elan olunub, qanvermə aksiyaları keçirilir, həmçinin Silahlı Qüvvələrə yardım fondu yaradılıb.
Bugünlərdə hər kəs - döyüşə yollanan hərbi qulluqçulardan sadə vətəndaşlara qədər hamı əlindən gələn köməyi etməyə, ordunun uğurlu hərbi əməliyyatlarına arxa cəbhədən yardım etməyə çalışır.
Bu vəziyyətdə idman ictimaiyyəti də səssiz qalmır. Artıq bir neçə idmançı və jurnalist səfərbərlik çağırışına əsasən ordu sıralarına qoşulub, azarkeş qrupları maddi yardımlar edir.
Arxa cəbhədən orduya kömək edənlərdən biri də "Neftçi"nin qapıçısı Aqil Məmmədovdu. Təcrübəli qolkiper ordu üçün sovqat göndərib. Detalları öyrənmək üçün onun dostu Asif Musayevlə əlaqə saxladıq.
Əlaqə saxlayarkən yolda olan - cəbhə bölgəsinə yollanan həmsöhbətimiz bunları söylədi: "Bütün təşkilatçılığı Aqil etdi. Fikirləşdi ki, özü döyüşə gedə bilmir, amma belə yardım etsin.
Düzdü, ordumuzun heç nəyə ehtiyacı yoxdu. Sadəcə, dedi ki, dözə bilmirəm, nəsə etmək istəyirəm. Məndən xahiş etdi ki, nəyə ehtiyac ola bilərsə, alım yığım maşına, apar. Hətta belə bir cümlə işlətdi ki, orda maşını belə istəsələr, ver getsin.
Dedi ki, maşına ehtiyacları olsa, sual belə vermədən ver, özün taksiyə otur qayıt. Mən də öz dostumla birlikdə yola çıxdım. Su, meyvə, siqaret, şirniyyat, bir sözlə, əsgərlər üçün nə lazımdısa, hamısını almışıq. Murova gedirik".
Asif bəy onu da əlavə etdi ki, futbolçu özü də cəbhə bölgəsinə yollanmaq, sovqatı aparmaq istəyib: "İnanırsız, bu gün səhər dedi ki, mən də gedirəm.
Sadəcə, sabah komandanın "Zirə" ilə oyunu var, ona görə gedə bilmədi. Amma əvvəldən danışmışdıq ki, birlikdə gedək.
Çox güman, özü də tezliklə bölgəyə yollanacaq, çünki qala bilmir. Onun əlacı olsa, döyüşlərə də yollanar. Danışanda deyir ki, getmək istəyirəm. Bir adam ki deyir, vətəni canımdan çox istəyirəm, nələr hiss etdiyini siz düşünün". (Futbol+)