"Neftçi"nin qazandığı uğur niyə birmənalı qarşılanmır?
- 11 May 2020 16:00
- 780
Sovetlər birliyinin yüksək liqası Avropanın ən güclülərindən sayılırdı. Çempionat elə səviyyədə idi ki, futbolçular qitənin ən yaxşısı adına, "Qızıl top"a sahib olurdular. Belə bir yarışda çıxış etmək, nəticə qazanmaq hər komandaya, hər futbolçuya nəsib olmurdu. Ustalığı olmayanlar güclülər dəstəsinə yaxın düşə bilməzdi.
Bəlli rejim qaydalarına görə yığma komanda çempionatda çıxış edən futbolçulardan formalaşırdı. Müxtəlif illərdə Avropa, olimpiya çempionluqları qazanılır, dünya, qitə miqyasında mükafatçılar sırasında olurdu. Yeniyetmə, gənclər arasındakı çempionluqlar, finallar da öz yerində...
60-cı illərin ortalarından "Neftçi" sayılıb-seçilən klublar sırasına qoşuldu. Ümumiyyətlə Azərbaycan futbolu çiçəklənmə dövrünü yaşayırdı. Gəncəlilər yuxarılara can atır, ikinci liqada komandalarımızın sayı çoxalır, istedadlı oyunçular yetişirdi...
Klub/komanda tək 11 futbolçudan ibarət olmur.
Rəhbərlik, məşqçilər korpusu, tibb personalı, inzibati heyət... Peşəkar futbolda bunların hər biri önəmlidir. Boris Arkadyevin başladığı, karyerasını bitirdikdən sonra Ələkbər Məmmədovun öz nüfuzu ilə futbolçuları toparladığı illərdən sonra komanda daha da püxtələşirdi...
Kollektiv bir günə, bir aya formalaşmır, əziyyət, bacarıq, nüfuz tələb edir. Rəis Şövkət Orduxanov, kluba yeni gətirilən işgüzar həkim Boris Xetaqurov və nəhayət gənc və iddialı baş məşqçi Əhməd Ələsgərov futbolçularla birgə "Neftçi"ni yeni zirvələrə daşımalı idilər...
Uzun illər keçməsinə baxmayaraq "Neftçi"nin qazandığı bürünc medallar birmənalı qarşılanmır. Böyük futbol elmi dərin təhlillərə söykənməlidir. O dönəmi, ölkə futbolunu, futbolçuların potensialını analiz etdikdə, komanda növbəti 5-10 ildə daha böyük nailiyyətlər qazana bilərdi.
Dövrün aparıcı klubları ilə müqayisə öz yerində, Azərbaycan futbolu, "Neftçi"nin özü obyektiv olaraq təhlil edilməli, dəyərli oxuculara çatdırılmalıdır. Həqiqətənmi komandanın potensialı daha artığını etməyə qadir idi, yoxsa üçüncülük maksimum nəticə sayılmalıdır.
Paytaxt təmsilçisini ikincilikdən 2 xal ayırdı. Bu, çox da önəmli deyil. O vaxtlar UEFA klublar turnirlərinə yeni qatıldığı üçün SSRİ 2 komanda ilə təmsil olunurdu: çempion və kubokun sahibi. Qısa müddətdə reytinq xalları yığıldıqdan sonra kvota artdı. Bakılıların bu sarıdan da bəxti gətirmədi və Avropada rəsmi debüt edə bilmədi...
Əgər əksər futbolçuların qürub çağlarında, son nəfəsləri ilə qazandıqları bürünc olsaydı, bu maksimum göstərici sayıla bilərdi. "Neftçi"də heyətin son dərəcə gənc olması gələcəyə böyük ümidlər verirdi.1-2 futbolçunu çıxmaq şərtilə, təcrübəlilərin belə meydanda at oynadan vaxtları idi...
Futbol ölkədə o qədər cılızlaşdırılıb ki, bu gün "Bakı birinciliyi"nin piyada oyunlarındakı 23-25 yaşlılar gənc sayılır, xaricdən gətirilmiş daha yaşlılara millildə ümid çırağı kimi baxılır. Avropanın ən güclü liqalarından birində isə bürünc sahiblərinin şərəfini qapıda, müdafiədə, hücumda 20-22 yaşlı yerli gənclər layiqincə qoruyurdular...
20 yaşlı Serqey Kramarenko, Anatoli Banişevski, Yuri Stekolnikov, 21 yaşlı Mübariz Zeynalov, Vladimir Bruxti, Nizami Salahov, 22 yaşlı Nikolay Boqdanov, Vyaçeslav Şexov, S.Y. Melkumovlar, Nadir Eynullayev və 19 yaşlı Anatoli Oqirçuk və sifariş vərəqində olan Əli Rəhmanov, Rafiq Əlizadə kimi gənclər...
Hətta Yaşar Babayev, Kazbek Tuayev, Adil Babayev, Vyaçeslav Semiqlazov, Arif Rzayev, Valeri Hacıyev, Eduard Markarovun indiki futbol beyinləri düşüncəsi ilə yanaşsaq, 24-26 yaşlarında olan gənclər idilər. Ən əsası, hamısı Azərbaycan futbol məktəbinin yetirmələri idi...
Heyətin yarıdan çoxunun cavanlardan olmasına baxmayaraq, bürünc ilində evdə uduzmayan, qapısında ən az top görən yeganə komanda "Neftçi" olub. Hətta çempion "Dinamo" K. belə doğma meydanda məğlub olub. Bu, "Neftçi" adına fantastik göstərici idi. Komandanın ən zəif cəhəti, ənənəvi olaraq rəqib meydanda çıxışları idi.
Çox perspektivli heyətlə liderlərlər arasına adlamaq, ən azı yaxın gələcəkdə Neftçi"nin elitada aparıcılar sırasında olmasını, çempionluq, kubok, medallar uğrunda mübarizə aparacağını şərtləndirirdi. Yaddan çıxarmayaq, Banişevski yığmadakı çıxışlarına görə bürünc ilində "Neftçi"də heç 50% oynaya bilməmişdi.
Tahir SÜLEYMANOV