“Neftçi”nin qəflət yuxusu
- 2019-10-23 12:04
- 2300
Əminəm ki, stajlı “Neftçi” azarkeşləri yaxşı xatırlayır. 2013-2014-cü il mövsümü “Neftçi” üçün gərgin keçdi. Klub rəhbərliyinin üzərində böyük təzyiq vardı. “Xalq komandası” Nikosiyada APOEL-in dizlərini yerə gətirib, Avropa Liqasının qrupuna vəsiqə qazanandan sonra planlar işə düşmüşdü. Məqsəd “Neftçi”yə rəhbərlik edənlərin artan nüfuzunu zədələmək, ölkənin ən qocaman klubunu nəzarət altına almaq idi. Pərdəarxasında gedən oyunlardan xəbərsiz olan azarkeşi isə bu oyunlar, onların fəsadları maraqlandırmırdı. Onlara “yaşıl meydanlar”dakı oyunlar, orda qazanılmalı olan qələbələr lazım idi.
Bütün məhrumiyyətlərə rəğmən “Neftçi” Avropa Liqasında uğurlu çıxış etdi. “Ağ-qaralar” pley-off mərhələsinə qədər yüksəldi, rəqib isə köhnə tanış “Partizan”. Səfərdəki oyunda üstünlüyü qorumaq mümkün olmadı. Denis Silva ilə Elvin Yunuszadənin öz qapımıza vurduğu qollar 2:3 hesablı məğlubiyyəti gətirdi. Bu hesab belə “Neftçi”yə sərf edirdi. Yetərdi ki, doğma meydanda minimal hesabla qalib gələk. “Neftçi” doğma divarlar önündə serbləri yenəcək gücdə idi. İmkan vermədilər. Sapı özümüzdən olan baltalar “xalq komandası”nın yolunu kəsdilər. “Bakcell Arena”dan qovulan “Neftçi”ni “Tofiq Bəhramov”a göndərildi. Yararsız ot örtüyü qum karxanasını xatırladırdı, futbolçular topa zərbə vuranda yerdən qum sovrulurdu. Texnikalı oyuna üstünlük verən, qol vurması vacib olan “Neftçi” məğlubiyyətə məhkum edildi.
Azarkeşlər də qəzəbli idi, mətbuat da. Çünki eyni gündə meydana çıxan “Qarabağ” Hollandiyada sərfəli nəticə qazanmış, ilk dəfə qrup mərhələsinə yüksəlmişdi. “Neftçi” də bacarsaydı, tariximizə yeni səhifə yazacaqdıq, qruplarda iki təmsilçimiz olacaqdı. Elə həmin günlərdə telefonuma “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin zəngi gəldi. Məlum oldu ki, klubun prezidenti Sadıq Sadıqov idman mətbuatının aparıcı simaları ilə “qalstuksuz görüş” keçirmək istəyir. Görüş hansısa bahalı restorana, yaxud da gizli məkana yox, elə Sadıqovun iş otağına təyin olunmuşdu. Kimlərin iştirak edəcəyini soruşdum, aldığım cavabdan sonra əmin oldum ki, hansısa gizli sövdələşmədən, yaxud da hədə-qorxu gəlmək həvəsindən söhbət gedə bilməz. Çünki dəvət alanlar sırasında bu cəhdlərlə “yola gətirilməsi” mümkün olan isim yox idi.
Getdik, biz sözümüzü dedik, Sadıq bəy dinlədi. Sonra da o danışdı, biz qulaq asdıq. Səmimi fikir alış-verişi apardıq. Bilmədiyimiz mətləblərdən xəbərdar olduq, o da bizim haqlı tənqidlərimizlə razılaşdığını dedi. Bu görüş haqda heç vaxt, heç yerdə nə yazmamışam.
Amma bu gün “sirri pozdum”. Üstündən beş il keçəndən sonra heç hansısa sirrin əhəmiyyəti də qalmır. O görüşü ona görə xatırladım ki, bu günkü “Neftçi” rəhbərliyi “qəflət yuxusu”ndan oyansın. Adamlar özlərindən elə razıdılar ki, nə mətbuatın haqlı tənqidlərini eşidirlər, nə də azarkeşlərin etirazını. Sanki hər şey elə bu cür də olmalıdı. Aylardı ortada uğursuzluq var. Legionerlər ürəkləri istəyəndə oynayır, istəməyəndə meydanda ayaq sürüyür. Çempionluq iddiasıyla yaşayan komanda liderdən 8 xal geridədi. Fanatlar uğursuz transferlərə görə hesabat, özündənrazı Bordinin istefasını tələb edir. Klubun hələ mayda açılmalı olan bazasından xəbər-ətər yoxdu. Uşaq komandaları pərən-pərəndi. Görün ortaya çıxıb, hesabat verən kimsə varmı?! Əmin olun ki, son 3 turda qazanılan qələbə aldadıcıdı. Bir gün mütləq “yuxu”dan ayılacaqsız. Tez ayılın ki, sonra gec olmasın!