“Neftçi”nin qeyri-peşəkarlığı YAZI
- 19 Yan 2020 17:00
- 1476
“Neftçi” baş məşqçisi Roberto Bordini istefaya göndərdi. Nəhayət aylardı bu yöndə istər mətbuatda, istərsə də futbol ictimaiyyəti arasında sürən müzakirələr öz sonluğunu tapdı. İlk baxışdan burda qeyri-adi heç nə yoxdur? Düzdür, mən iddia eləmirəm ki, Bordinin istefası üçün tutarlı səbəblər var. Əgər Antalyadakı yoldaşlıq görüşlərinə əsasən bu qərar qəbul olunubsa buna gülmək lazımdır. Çünki yoxlama görüşlərində qeydə alınan nəticəyə görə baş məşqçi istefaya göndərilmir. Yox, mövsümdəki çıxışlar nəzərə alınıbsa, o zaman da ani qərar veriləcək bir durum yoxdur. Komanda çempionatda 2-ci pillədədir və geri qaldığı komanda son illərin hegemonu “Qarabağ”dı. Bordindən əvvəl də “Neftçi” “Qarabağ”ın kölgəsində qalıb. Yəni 7 ildir belədir. Həm də nəzərə alaq ki, qarşıda hələ 2-ci dövrə var. Bəli, çətin ki, “Neftçi” aradakı fərqi qapadıb çempion olsun. Amma “bu mümkün deyil və olmayacaq” deyə bir iddia ilə çıxış etmək də yalnışdı. Futbolda hər şey mümkündür. Yəni məsələyə rəsmi yanaşsaq Bordin ehtimal üzərindən verilən qərarla istefaya göndərilib.
Gəlirəm əsas məsələyə. Deyək ki, rəhbərlik (müşahidə şurası filan boş şeydi və heç inandırıcı deyil ki, bu məsələdə şuranın hansısa söz səlahiyyəti olsun) Bordinin işindən və nəticələrindən narazıdır, onunla yolları ayırmağa qərar verib. Niyə məhz indi? Komanda Antalyaya toplanışa gedib və toplanışın yarısı da artıq geridə qalıb. Özünə peşəkar deyən hansı klub toplanışın ortasında məşqçini istefaya göndərir? Komandanın Bordinlə ciddi uğurlar qazana bilməyəcəyi hələ Bakıdan məlum idi. Belə fikir var idisə, bunu Türkiyəyə getməmişdən qabaq etmək daha doğru olmazdı? Bordin toplanışın planını cızır, komanda ilə Antalyaya gedir, iki yoxlama oyunu keçirilir, futbolçular sınaqdan çıxardılır və toplanışın bitməsinə 1 həftə qalmış istefaya göndərilir. Bundan sonra nə olacaq? Yeni məşqçi gəlsə onun hansısa nəticəyə görə üzərinə məsuliyyət götürəcəyi mümkünsüzdür. Kim olsa deyəcək ki, mənim komandam deyil, bu heyəti mən yığmamışam və s. Ənənəvi söhbətlər. Bir sözlə, mövsüm qış bitməmiş itkiyə verildi.
Yayda “Bney Yehuda” ilə Bakıdakı matçdan sonra “Neftçi” rəhbərliyinə dəstək xarakterli yazı yazmışdım. Çünki o vaxtkı tənqidlər fonunda rəhbərliyin buna layiq olmadığını və onlara inanıb dəstək verilməsinin vacibliyini qeyd etmişdim. Çünki komanda uzun fasilədən sonra avrokuboklarda iki mərhələ keçmiş və “Arsenal” (Tula) kimi komandanı mübarizədən kənarlaşdırmışdı. Lakin indiki halda eyni rəhbərliyin addımını qeyri-peşəkarlıqdan başqa heç nəyə bağlaya bilmirəm. Heç olmasa yeni məşqçi gətirib problemləri ikiqat artırmayın. Şans yaradın Füzuli Məmmədov mövsümün sonuna kimi komandanın başında olsun. Bir ona inanıram ki, Füzulinin meydançaya çıxaracağı komanda ən azı Bordinin komandasından zəif olmayacaq.
Anar XANLAROV