AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev bu yaxınlarda azerisport.com saytına müsahibəsinə De Byazinin postunda qalmasına münasibət bildirib və bunu doğru addım hesab edib. Bundan başqa, yerli məşqçi namizədlər haqda danışarkən də deyib ki, hazırkı vəziyyətdə millidə çalışmağa hazır tək Qurban Qurbanovdu, o da “Qarabağ”da çalışır. Bir dəfə yığmada işlədi, onda “Qarabağ”da axsama oldu.

Tuayevin bu açıqlaması isə “Neftçi”nin tanınmış veteranı, 70-80-cı illərdə komandanın həm aparıcı futbolçularından, həm də kapitanı olmuş Asəf Namazovu qəzəbləndirib. Rekord.az-a açıqlama verən Namazov İK üzvünün açıqlamalarını sərt şəkildə tənqid edib:  “Kazbek Tuayev, bir neçə gün qabaq deyirdin ki, millidə azərbaycanlı məşqçi işləməlidir. İndi amma De Byazini dəstəkləyirsən. İngilis bayrağısan. Deyirsən Fuad Musayev sənə millidə uzun müddət işləmək imkanı vermədi. Halbuki Fuad Musayevin ən sevimli məşqçisi sən idin. Həmişə də o, nə deyirdi, deyirdin ki, “siz deyən düzdür”. Utanmırsan, o sözü deyirsən? Sənə yaradılan şərait müddətində hətta ayını da öyrətmək olardı. Sənin canın yanmır. Ancaq rəhbər şəxsləri tərifləyirsən. “Neftçi”də il yarımdan artıq işləyə bilməmisən. O il yarımın da 1 ilini azarkeşlər möhlət kimi sənə verib. Sən iş bilirsən ki?  Necə məşqçi olduğunu ən azı biz bilirik. Oyun günü səhər saat 11-də heyəti qururdun, bir saat sonra Fuad Musayev gəlib heyəti dəyişirdi. Deyirsən ki, Qurban Qurbanov iki yerdə işlədiyi üçün millidən getdi. Sizin vicdanınız olsa, özünüz şərait yaratmalıydınız ki, Qurban həm klubda, həm də millidə işləsin. Çünki onun “Qarabağ”dakı işi göz qabağındadır. Qurbanovun iki yerdə işləməyinin heç bir ziyanı olmayacaqdı. Onsuz da “Qarabağ”da mexanizm qurulub, orda hər kəs öz işini bilir. Nə var nə var, Elxan Məmmədov əcnəbi gətirir deyə, ona xoş gələn formada danışırsan. Əcnəbinin nə faydası olacaq? 250 min avro özü alacaq, özündən başqa gətirdiyi köməkçilər də bir ətək pul qazanacaq. 500 mini atacaqsınız havaya. 10 ildən çoxdur milyonları havaya sovurursunuz”.