“Neftçi”nin tarixindən daha bir seçmə: yüksəlişdən enişə YAZI
- 29 Mar 2020 19:00
- 1336
Tez-tez Azərbaycan futbolunun tarixindən bəhs edən yazıları sizing diqqətinizə təqdim edirik. Bu zaman futbolumuzun sovet dövründə keçditi yola da nəzər salmağı unutmuruq. Sovet dövründə futbolumuzun tarixi demək olar ki, “Neftçi” ilə bağlı olub. Bu komanda bir növü indiki milli komandanın statusunu daşıyıb. “Neftçi” SSRİ çempionatında ciddi uğur qazana bilməyib. Yalnız 1966-cı ildə qazanılan bürünc medalı qeyd etmək olar ki, bunu da böyük uğur adlandırmaq olmaz. Niyəsini dəfələrlə vurğuladığımızdan bir daha deyib təkrarçılığıa yol vermək istəmirik. Sadəcə indi sizə təqdim edəcəyimiz yazıda “Neftçi”nin uğur qazandığı pik nöqtəyə yüksəlişini və oradan uğursuzluqla geriləyib I dəstəyə düşməsini özündə əks etdirən tarixlə tanış olacaqsınız. 1960-cı illərin əvvəlləri komanda üçün heç də uğurlu keçmir. Bu isə rəhbərliyi narahat etməyə bilməzdi. “Neftçi”nin 1964-cü il mövsümündə 12-ci, bir il sonra isə 11-ci pilləylə kifayətlənməsi futbolçuların arxayınçılıqlarıyla izah edilir. Rəhbərlik 1965 mövsümünün birinci dövrəsindən sonra məşqçi dəyişikliyinə əl atsa da, (Məmmədovu Sokolov əvəz etdi), nəzərəçarpacaq "inqilab" baş tutmadı.
"Qızıl" il
Nəhayət, Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazılmış 28-ci SSRİ çempionatı başladı. Birinciliyin ilk iki oyununu Bakıda keçirməsinə baxmayaraq, təmsilçimiz Minskin "Dinamo" və Kuybışevin (indiki Samara) "Krılya Sovetov" komandalarıyla qolsuz heç-heçələrlə kifayətləndi. Debüt uğurlu alınmasa da, növbəti oyun tariximizə düşdü: SSRİ çempionatlarında ilk dəfə olaraq Moskva "Dinamo"su "Neftçi"ylə oyunda məğlubiyyət acısı daddı (0:1). 8 turdan sonra "Neftçi" artıq 3-cü pillədə idi: təmsilçimiz 4 qələbə və 4 heç-heçə əldə etmişdi. Həm də bu qələbələrdən biri tariximizə ən böyükhesablı kimi düşdü: Kutaisi "Torpedo"su Bakıdan 7 cavabsız qolla yola salındı. Lakin gözlənilmədən "Neftçi"nin heyətində eniş müşahidə olundu və növbəti 8 turda komandamız cəmi 5 xal topladı. Son nəticələr rəhbərliyi qane edə bilməzdi və komandanın baş məşqçisi Viktor Sokolov vəzifəsindən azad edildi. "Neftçi"nin baş məşqçisi gənc Əhməd Ələsgərov oldu. Çempionat sona yaxınlaşdıqca, flaqmanımızın sanki ikinci nəfəsi açıldı. Ardıcıl qələbələr futbolsevərlərimizi yenidən ümidləndirdi. Anatoli Banişevskinin SSRİ yığmasının heyətində İngiltərədəki dünya birinciliyində çıxışı "Neftçi"nin hücum xəttində müəyyən boşluqlar yaratsa da, Kazbek Tuayev bu missiyanı üzərinə götürməyi bacardı. Lakin çempionatın sonlarında "Banya" da sevimli klubuna qoşuldu. Karyerasının ən parlaq dövrünü yaşayan 20 yaşlı istedad, həlledici oyunda rusların sevimli komandası olan "Spartak"ı darmadağın elədi. Çempionatın son matçında təmsilçimizə bürünc medal qazanmaq üçün "xalq komandası" ilə oyunda heç-heçə də kifayət edirdi. Lakin Respublika stadionuna toplaşmış 40 min azarkeş "Neftçi"dən yalnız qələbə gözləyirdi. "Ağ-qaralar" 3:0 hesabıyla qələbə qazanaraq, tariximizdə ilk dəfə olaraq SSRİ çempionatının medallarını qazandı. Qolların ikisini Banişevski vurdu. Həmin mövsüm ölkə çempionu olmuş Kiyev "dinamoçular"ı ilə oyunlarda 3 xal qazanmış yeganə komanda "Neftçi" oldu. Ukrayna futbolunun flaqmanından sonra ən çox böyükhesablı qələbə qazanmış komanda "Neftçi" idi. Əhməd Ələsgərovun yetirmələrinin hesabında 6 belə qələbə var idi. "Əzmkar qələbə" mükafatına da bakılılar layiq görüldü. Təmsilçimiz "Kayrat"la birgə hesabda geri ola-ola ən çox qələbə əldə edən komanda oldu. Komandamızın bombardiri Kazbek Tuayev oldu. Onun aktivində 14 qol vardı. Bu nəticə çempionatda 6-cı göstərici idi. Banişevski çempionat oyunlarının yalnız yarısında iştirak etsə də, 12 dəfə fərqlənməyə macal tapdı. Hər iki futbolçu SSRİ-nin 33 ən yaxşı oyunçusu sırasına daxil edildi. Eyni zamanda SSRİ yığmasında "Neftçi" Sergey Kramarenkoyla da təmsil olundu. "Neftçi"nin heyətində "bürünc" medal qazananlar:
Qapıçılar: Sergey Kramarenko, Vyaçeslav Şexov;
Müdafiəçilər: Yaşar Babayev, Adil Babayev, Vyaçeslav Semiqlazov, Vladimir Bruxti, Nikolay Boqdanov;
Yarımmüdafiəçilər: Andrey Trofimov, Valeri Hacıyev, Anatoli Qryazev, Mübariz Zeynalov, Valeri Lyoqki;
Hücumçular: Anatoli Banişevski, Kazbek Tuayev, Ruslan Abdullayev, Eduard Markarov. Baş məşqçi: Əhməd Ələsgərov.
Eniş və…
1967-ci il mövsümünü Azərbaycan futbolsevərləri böyük həsrətlə gözləyirdi. Əgər Kiyevin, Tbilisinin və Minskin "Dinamo"ları, Moskvanın "Spartak"ı və digər bir neçə komanda sovetlər məkanında müsbət imic qazanmışdısa, "Neftçi" bu yöndə hələ ki ilk addımını atmışdı və indi təmsilçimizə yerini möhkəmlətmək üçün xeyli əziyyət çəkmək lazım idi. Digər tərəfdən futbolsevərlərimiz "bürünc il"indən sonra Əhməd Ələsgərovun yetirmələrindən daha yüksək əyarlı medallar umurdu. Son mövsümdə bürünc medal qazanmış komandayla oyunlarda hər bir kollektiv ikiqat əzmlə "vuruşur" və belədə, hər bir matçda "Neftçi" əzmkarlıq nümayiş etdirməli idi. "Sovetski sport" qəzetinin mövsümöncəsi ilk dəfə təsis etdiyi turnirdə "Neftçi" heç də pis nəticə göstərmədi. Komandamız yarımfinaladək irəliləməyi bacardı. Yarımfinalda "ağ-qara"ları Kutaisi "Torpedo"su gözləyirdi. Həmin "Torpedo" ki, son çempionatda Bakıda 0:7 hesablı məğlubiyyətə uğramışdı. Nəzərə alsaq ki, rəqib meydanında da "Neftçi" 1:0 hesablı qələbə qazanmışdı, Ələsgərovun komandasının qonşu respublikanın komandasına qarşı arxayın çıxdığını təxmin etmək çətin deyil. Məhz bu səbəbdən gürcülər oyunun əsas və əlavə vaxtında heç-heçəni qoruya bildi. Penalti seriyasında isə komandamız qeyri-dəqiqliyə yol verincə, yalnız 3-cülüklə kifayətlənməli oldu. Hər halda çempionatın startına bir neçə gün qalmış belə nəticə qənaətbəxş sayılırdı. Təəssüf ki, çempionatda "Neftçi"nin işləri o qədər də uğurlu alınmadı. Xüsusilə də, köhnə "xəstəlik" inkişaf etməyə başlamışdı: rəqib meydanında zəif oyun və bunun nəticəsində alınan məğlubiyyətlər. Çempionatın sonlarına yaxın "Neftçi"nin ilk onluğa düşəcəyi belə inandırıcı görünmürdü. Amma finişdə flaqmanımızın inanılmaz dönüşü bu düşüncələri alt-üst etdi. Son 5 turda qazanılan 5 qələbə "Neftçi"ni çempionatı 5-ci pillədə qapamağa imkan verdi. Növbəti mövsümdə də "Neftçi" eniş dövrünü davam etdirdi. Doğrudu, 1968-də Azərbaycan SSRİ çempionatında ilk (və sonuncu) dəfə 2 komandayla təmsil olunmuşdu. Amma nə Gəncə "Dinamo"su, nə də "Neftçi" tam potensialını aça bilmədi. Əgər gəncəlilərin qarşısına güclülər dəstəsində yerini möhkəmlətmək məqsədi qoyulmuşdusa, flaqman medallar uğrunda mübarizə aparmalı idi. Amma "Dinamo" elitanı tərk etdi, "Neftçi" isə yalnız 9-cu oldu. 1969-da 7-ci olan komandada 1970-ci ildə eniş başladı. Anatoli Banişevski artıq əvvəlki kimi güclü deyildi və böyük futbolu tərk etmişdi, Tuayev Orconikidze (indiki Vladiqafqaz) "Spartak"ına, Markarov isə "Ararat"a keçmişdi. Oqtay Atayevin "Ot "Proqress"a do "Neftçi" kitabında yazdığı kimi, rəhbərlik də artıq məsuliyyət hissini itirmişdi və futbolçularda həddən artıq arxayınçılıq yaranmışdı. Komanda mövsümün sonunu çox pis başa vuraraq, bir il əvvəlki ilə müqayisədə 4 pillə gerilədi. SSRİ Kubokunun yarımfinalınadək irəliləməyi bacaran "Neftçi" burada Tbilisi "Dinamo"suna 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırdı. Respublika rəhbərliyi baş məşqçi Əhməd Ələsgərov, məşqçi Valentin Xlıstov və rəis Rauf Adıgözəlov vəzifələrindən azad olundular. Ələkbər Məmmədov baş məşqçi təyin edildi, Tuayevlə Banişevski komandaya qayıtdı.
…düşüş
Buna baxmayaraq, 1971-ci ili uğurla başa vurmaq mümkün olmadı. Burada isə daha çox SSRİ Futbol Federasiyasının qeyri-obyektivliyi rol oynadı. Çempionata uğurla başlayan komandanın heyətində Anatoli Banişevski ilə Vitali Şevçenko SSRİ yığmasına cəlb olundu. İkinci dövrədə isə iki dəfə "Neftçi" hakimlərin qeyri-obyektivliyi ilə üzləşdi. Daşkənddə "Paxtakor"la və Rovtovda OİK-lə matçlarda hakimlər "Neftçi"nin qapısına oyundankənar vəziyyətdən vurulan qolları saydılar. Onların qeyri-obyektivliyindən əsəbləşən futbolçularımızdan Sergey Kramarenko, Rafiq Quliyev, Vyaçeslav Semiqlazov və Vladimir Bruxti diskvalifikasiya olundular. SSRİ Futbol Federasiyası və İdman Komitəsi "Neftçi"nin çempionatdan xaric edilməsi məsələsini qaldırıb. Hətta bu qərar qəbul edilsə də, sonda məmurlar fikirlərini dəyişiblər. 1972-ci il mövsümü isə məşqçi dəyişiklikləri və böyük uğursuzluqla yadda qaldı. Belə ki, Ələkbər Məmmədov işdən azad edildikdən sonra komandaya qısa müddət ərzində Anatoli Qryazev, sonra Jarkov başçılıq etdi. Amma bunlar da "Neftçi"ni birinci liqaya düşməkdən xilas edə bilmədi.