“Neftçi”yə məğlub olduqdan sonra…” – Bayrami
- 31 Avq 2020 14:20
- 685
Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”yə məğlub olan “Şkupi”nin baş məşqçisi Muarrem Bayrami açıqlama verib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Makedoniya çempionatının 4-cü turunda “Pelister”i məğlub etdikləri (1:0) oyundan sonra fikirlərini bildirən Bayrami “Neftçi”yə uduzduqları görüşü də xatırlayıb:
“Avropa Liqasında “Neftçi”yə məğlub olduqdan sonra belə bir qələbə bizə yaxşı təsir etdi. Düşünürəm ki, qələbəyə layiq idik. Daha yaxşı şanslarımız da oldu, amma yararlana bilmədik. Düşünürəm ki, 4 turdan sonra 10 xal toplamaq yaxşıdır. Oyundan oyuna daha da inkişaf edəcəyik”.
“Şkupi” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”yə 1:2 hesabıyla uduzaraq, turnirdə mübarizəni erkən dayandırıb. Ötən gün isə komanda doğma meydanda “Pelister”i minimal hesabla məğlub edib. Azərbaycan yığmasının sabiq müdafiəçisi Elvin Yunuszadə bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.