“Neftçi”yə qalib gəldiyimiz üçün xoşbəxtik” - “Kəpəz”in qapıçısı
- 10 Okt 2024 19:00
- 142
zərbaycan çempionatının 9-cu turunda "Neftçi"yə qalib gəldiyimiz üçün xoşbəxtik.
Rekord.az xəbər verir ki, bunu "Kəpəz"in qapıçısı Rojerio Santos klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Qolkiper Azərbaycan Premyer Liqasının 9-cu turunda "Neftçi" ilə oyunda qazandıqları qələbə (4:3) ilə bağlı təəssüratlarını bölüşüb:
"Çempionata istədiyimiz kimi başlamadıq. Ardıcıl oyunlarda uduzduq. Vəziyyətdən çıxmaq üçün “Neftçi” ilə oyun son şansımız idi. Qələbə qazanmaq istəyirdik, buna da nail olduq. Komanda yoldaşlarım meydanda can qoydular. Bacardığımızdan bəlkə də artığını etdik. Uşaqların oyundan öncə də əhval-ruhiyyəsi yaxşı idi. Bu da qələbədə rol oynadı".
25 yaşlı portuqaliyalı qapıçı seyvləri ilə bağlı danışıb:
"Həmin iki zərbə oyunun taleyini dəyişə bilərdi. Şükürlər olsun ki, yaxşı reaksiya verib zərbələri dəf etdim. Açığı, qapıda durmaq, zərbələri dəf etmək mənim işimdir. Öz işimi görmüşəm. Fövqəladə bir şey etməmişəm. Hamı öz işini layiqincə yerinə yetirməlidir ki, nəticə olsun. Hamımız bir ailə kimiyik. Klub rəhbərliyi, məşqçilər, futbolçular və azarkeşlər birləşmişik".
O, çempionatda yaranan fasilənin komandanın xeyrinə ola biləcəyini söyləyib:
"Əlbəttə, yaxşı mənada təsir edəcək. Çünki yaxşı hazırlaşmaq üçün çox vaxtımız olacaq. Mövsümə uğursuz start vermişik. Amma artıq toparlanmışıq. Düşünürəm ki, bizim üçün vəziyyət dəyişib. Uğurlu nəticənin davamı gəlməlidir".
Gəncə təmsilçisinin "1 nömrə"si qarşıdan gələn “Qarabağ”la oyun haqda da fikirlərini bölüşüb:
"Bizi güclü rəqib ilə çətin oyun gözləyir. Onların gücünü hamı bilir. Amma futbol proqnozu sevmir. Hər şey ola bilər. Çox çalışmalıyıq. Məşqlərdə səylə işləməliyik ki, oyuna tam hazır ola bilək".
Qeyd edək ki, "Kəpəz" 9 turdan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.