“Neftçi” azarkeşlərindən Ağahüseyn Əzizov “feysbuk” profilində bu komandanın “Ararat” üzərində SSRİ çempionatının güclülər dəstəsində qələbə qazandığı son oyunun protokolunu paylaşıb.

Rekord.az xəbər verir ki, o, statusuna bu sözləri əlavə edib:

"…Arabir “Neftçi”nin SSRİ çempionatlarındakı oyunlarından protokollar paylaşıram. Budəfəki oyun isə 35 il əvvələ təsadüf edir. “Neftçi”nin “doğma divarlar” arasında “Ararat”ı məğlub etdiyi oyun. Bu komandalar arasındakı bütün oyunlar xüsusi prinsipiallığı ilə seçilib. “Ararat” demişkən, ermənilər bu komandaya da ad seçməkdə xroniki xəstəliklərinə sadiq qalıblar. Dağ Türkiyə ərazisindədi, özününküləşdirib adını Ararat qoyurlar...

Mətləbdən uzaqlaşmayım. Bu qarşılaşmada komandamız 1:0 hesabıyla qalib gəlməklə yerevanlılar üzərində sonuncu qələbələrini rəsmiləşdirdilər.

Sonrakı 7 oyunda isə “Neftçi” qələbəyə həsrət qaldı- əksər oyunlarda olduğu kimi. Əslində 1988-ci il mövsümündə Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar komandalar əvvəlcədən hər iki oyunun heç-heçəylə bitməsiylə bağlı razılığa gəldilər. Oyunlar da Kişinyov və Volqoqrad şəhərlərində keçirildi.

Konkret bu matçla bağlı maraqlı məqamları internet mənbələrindən əldə etdim. Məsələn, qol vurulandan sonra köçərilərin kapitanı, SSRİ yığmasının şərəfini qorumuş Xoren Ohanesyan meydanın mərkəzində dayanıb əl çalaraq vurulan qolu alqışlayır.

Oyundan sonra isə qonaqların paltardəyişmə otağında əlbəyaxa dava düşür. Bir qrup futbolçu oyunun satılmasında günahlandırılan Ohanesyanın müdafiəsinə qalxır. Aşot Saakyan məşqçi İştoyanın üzünə zərbə endirir. Dava-dalaşı baş məşqçi Nikita Simonyan səngidə bilir.

Oyundan sonra Ohanesyan və Saakyan komandadan kənarlaşdırılır. Məşqçilər heyəti istefaya göndərilir. Böhranlı vəziyyətdə olan komandanın “sükanı arxasına” Ermənistan Futbol İdarəsinin sədri Leonid Zaxarov keçir.

Bu şəxsin rəhbərliyi altında irəvanlılar həmin mövsümü 13-cü yerdə başa vuraraq, yüksək liqada yerlərini qorumağı bacarırlar. Ömürlük futboldan kənarlaşdırılan Ohanesyan isə bir neçə ildən sonra əfv edilir və Daşkənd “Paxtakor”unun heyətində peyda olur...

Bu oyunla bağlı “Neftçi”nin həmin oyundakı qapıçısı Vyaçeslav Çanov “Sport-Ekspress”ə verdiyi müsahibədə belə deyir: “Şuşa qırğınlarının 65-ci ilidi.

Bakı şəhər İcraiyyə Komitəsinin birinci katibi Musayev komandanı yığdi. Kütləvi iğtişaşlardan ehtiyat etdiyini bildirərək, oyunun təxirə salınmasını təklif etdi. Kapitan Cavadov dedi: “Oynamağımız məsləhətdi. Çoxdandı toplanışdayıq, oyuna da yüksək səviyyədə köklənmişik.”

Stadionun yaxınlığında ermənilərin kompakt halda məskunlaşdığı Ermənikənd məhəlləsi var. Oyunun sonlarına yaxın tribunalarda erməniləri talamağa və döyməyə çağıran vərəqələr paylanılırdı. Və bu məqamda Maşallah Əhmədov 88-ci dəqiqədə qol vurur - 1:0.

Azarkeşlər bayram edir, sevinclərinin həddi-hüdudu yoxdu. Bax beləcə həmin gün Bakı ermənilərinin bəxti gətirir - kütləvi iğtişaş baş vermir... Biz isə paltardəyişmə otağında taqətsizlikdən yerimizdə qalmışdıq. Cavadova dönüb deyirəm: “Hə, necəsən, İsgəndər?” – “Vay, Slava, məni evə çatdıran adam lazımdı...”