İndoneziyanın "Cakarta" klubunu çalışdırmış voleybol üzrə azərbaycanlı məşqçi Ziya Rəcəbov uzun müddət sonra vətənə geri dönür. "Rekord.az" xəbər verir ki, son mövsümü İndoneziyada keçirən  təcrübəli mütəxəssis artıq bu ölkədən çıxıb.

Gənc məşqçi saytımıza açıqlamasında aylar sonra vətənə dönmək imkanı əldə etdiyi üçün çox sevincli olduğunu bildirib: "Artıq iki gün sonra evə qayıdıram. Əvvəlcə Balidən Cakartaya, oradan da İstanbula gəldim. Ayın 9-da saat 19:00-da İstanbul-Bakı reysi ilə Azərbaycana gələcəm inşallah. Karantin başlayandan evə dönə bilmirdim. Nəhayət ki, 4 aydan sonra vətənə qayıdacağım üçün çox şadam. Şükürlər olsun hər şey yaxşıdır".

Qeyd edək ki, Ziya Rəcəbov son mövsümdə İndoneziyanın qadın voleybolçulardan ibarət "Jakarta Energy" klubunun baş məşqçisi postunda çalışıb. O, bu komandanı İndoneziyanın müntəzəm çempionatının qalibi edib və növbəti mərhələyə yüksəldib. Lakin koronavirus səbəbindən digər ölkələrdə olduğu kimi, bu ölkənin də çempionatı yarımçıq dayandırılıb. Xal üstünlüyünə malik "Cakarta" isə ölkə çempionu elan edilib.