
“Nərimana “Molde”dən rəsmi təklif gəldi, amma…” - Qurbanov
- 28 Mar 2025 22:13
- 124
“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 28-ci turunun açılış matçında “Turan Tovuz”un qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov 4:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Bəlkə də, ağır, gərgin keçən oyun idi. Oyuna yaxşı hazırlaşa bilməmişdik. Oyunçularımın çoxu milli komandada idi. Ümumən, bütöv komanda şəklində məşq edə bilməmişdik. Buna baxmayaraq, vacib qələbə qazandıq. Belə azarkeşlərin qarşısında oynamaq çox xoş idi.
Keyfiyyət baxımından istədiyimiz səviyyəyə çatmaq üçün hələ çox var. Çünki şərait uyğun deyil. Belə sıx qrafikdə oynamaq keyfiyyəti artırmağa imkan vermir. Amma belə, oyunçularımdan razı qaldım.
Bu gün akademiyanın açılışında iştirak etmədim, çünki oyuna hazırlaşırdıq. Komandanı qoyub gəlməyim uyğun olmazdı düşünürəm. Mənim üçün elə də önəmli deyildi.
Komandanı nə qədər sakitləşdirsək də, gərginliyin olduğunu düşünürəm. İstər-istəməz, bəzi komandalar var ki, onlara qarşı oyunlarda çətinlik çəkirsən. Amma ümumən, belə, yaxşı oynadıq. Hakimlikdən də elə də narazı qalmadım. Epizodlara imkan verirdi, oyunu ləngitməməyə çalışırdı.
Oyunçularıma həmişə bildirmişəm ki, milli komandaya gedəndə yaxşı mənada intizamlı olsunlar. Həmin oyunlardan sonra (Haiti və Belarusla oyunlar) nə Toral Bayramov, nə də Nəriman Axundzadə istəməzdi ki, aqressiv olsun. Bəzən jurnalistlərin sualları da oyunçularda müəyyən aqressiya yaradır. İstəmərəm ki, onların adı hallansın. Onların yanlışı yalnız zəif çıxışlarında ola bilər. Buna görə də kifayət qədər tənqid olunublar. Elvinin problemini inanın ki, nəinki mən, heç özü də bilmir (gülür). Baxırsan ki, qırmızı vərəqəni istənilməyən epizodlarda alır. Gözləyirik, bir-iki oyun düzəlir, amma sonra yenə… Amma ümumiyyətlə, diqqətli olmalıdır. Çünki belə vacib olan oyunlarda “qırmızı” alması yolverilməzdir.
Nərimana “Molde”dən rəsmi təklif gəldi, amma tərəflər şərtlərdə razılaşmadılar. Vaxt da qısa idi. Çünki qarşıda oyunlarımız var idi. Buna baxmayaraq, sevindirici haldır oyunçumuza real təklif olunub. Təkrar təklif etsələr, baxarıq”.