"Sabah" Misli Premyer Liqasının 31-ci turu çərçivəsində doğma meydanda "Səbail"i 3:2 hesabı ilə məğlub edib.

Rekord.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı ki, qalib gəldik. Xarakter göstərdik. Son dəqiqələrdə qol vurduq. Çoxdandır ki, bu bizdə çatışmırdı. Amma mənfi cəhət odur ki, iki qol buraxmışıq. Son matçlarda çox qol buraxırıq.

- Demək olar ki, bu dəqiqədən etibarən "Neftçi" ilə kubok oyununu düşünürsüz?
- Bəli, əlbəttə. Elə buna görə, bugünkü matçda çoxlu əvəzetmə etdik ki, futbolçular 90 dəqiqə oynamasın.

- Maqsud Adıgözəlov açıqlama vermişdi ki, kubokda finala çıxmasanız belə, sizi istefaya göndərməyəcəklər. Bəs, siz özünüz necə, finala vəsiqə qazana bilməsəz, istefa haqda düşünəcəksiz?
- Prinsipcə uğurlar və nəticələr olmadıqda mənim özüm üçün də bir yerdə qalmaq çətindir. Ancaq gələcəkdə nələrin necə olacağını bilmirəm. Amma vəziyyətə baxacağıq. İndi "Neftçi" ilə oyuna hazırlaşırıq. (Sportal)