“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının yarımfinalında “Şəki”yə qarşı keçirdikləri iki oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, qələbə qazandıqları matçla bağlı bunları söyləyib:


“Qələbəyə görə şadam. Əla oynadıq. Sonuncu periodda artıq hər şey məlum idi. Səfərdə oynamığımıza baxmayaraq, təmkinli çıxış etdik. Nəticə və sərgilənən oyun bizi qane edir. Finalda rəqibimizi gözləyirik. Rəqib komandanı da yarımfinalda yaxşı mübarizəyə görə təbrik edirəm”.


Xatırladaq ki, paytaxt təmsilçisi yarımfinal mərhələsinin ikinci oyununda səfərdə "Şəki"ni 96:72 hesabı ilə üstələyib. Bakı klubu ilk görüşdə də qalib gəlmişdi - 86:73.


İkinci yarımfinal qarşılaşmasında "Neftçi" və "Abşeron" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun saat 19:00-da başlayacaq. İlk matç "ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.