“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 17-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:


"Bilirdik ki, rəqib pressinq edib, ikinci toplarda aktiv olan, meydanboyu mübarizə aparan komandadır. Bu komponentlərdə çox yaxşı idik, çox yaxşı mübarizə aparırdıq, intizamlıydıq. Rəqibə qol epizodu vermədik. Bilirdik ki, rəqibin heyətində təhlükəli oyunçular var və bir çox oyunlarda qol epizodları yaradıblar. Hücum xəttində daha effektiv oynayıb, nəticəni öz xeyrimizə çevirə bilərdik. Ona da "Turan Tovuz"un kompakt oyunu, müdafiə xəttinin inamlı oyunu imkan vermədi. Bir neçə təhlükəli qol epizodumuz oldu. Ona da qolkiperləri imkan vermədi. Hesab da bərabərə bitdi. Bizi növbəti həftə finala bərabər oyun gözləyir. Avrokuboklara namizəd rəqiblər bir-biri ilə oynayır. Biz də "ölüm-dirim" mübarizəsi aparan "Səbail"lə qarşılaşacağıq. Özü də səfərdə. "Səbail"lə oyun bizim üçün çempionatın bəlkə də ən vacib oyunu olacaq.


Futbolçular özləri də vəziyyəti başa düşür. Üç xalın bizim üçün nə qədər önəmli olduğunu anlayırlar. Ümid edirəm ki, maksimum konsentrasiya ilə oyuna hazırlaşacaqlar. Futboldur. Ola bilər ki, nəticə ürəkaçan, istədiyimiz olmasın. Ən azından oyuna yanaşmamız, meydandakı mübarizəmiz yüksək səviyyədə olmalıdır.


Daxili çempionatda hər bir komandada yaxşı futbolçu var ki, heyətində görmək istəyərsən. Bəzi mövqeləri gücləndirmək və rəqabəti artırmaq istəyərik. Bütün məşqçilər bunu istəyər. Xaricdə baxdığımız hansısa futbolçu yoxdur. Qış dönəmində hələ ki, planımızda transfer yoxdur”.