Fransa çempionu PSJ futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Atalanta”nı (İtaliya) məğlub edərək, yarımfinala yüksəlib.

Rekord.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə Paris təmsilçisinin futbolçusu Neymar yeni rekorda imza atıb. Bu barədə “Who Scored” portalı məlumat yayıb. Braziliyalı futbolçu Çempionlar Liqasında bir oyunda ən çox uğurlu driblinq edən futbolçu olub. O, “Atalanta”yla matçda 16 uğurlu driblinq edib.

Bundan əvvəlki rekord “Barselona”nın futbolçusu Lionel Messi və “Napoli”nin yarımmüdafiəçisi Lorenso İnsinyeyə aid idi. Hər iki futbolçu ÇL-də bir oyunda 11 uğurlu driblinq etmişdi.

PSJ isə 25 illik həsrətə son qoyub. Paris təmsilçisi 25 il idi ÇL-də yarımfinala vəsiqə qazana bilmirdi. Fransa təmsilçisi sonuncu dəfə 1994/95 mövsümündə yarımfinalda oynayıb və “Milan”a uduzub.