Meksikanın “Monterrey” klubunun hücumçusu Vinsent Yanssendə koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə niderlandlı futbolçu sosial şəbəkə hesabında məlumat paylaşıb:

“Covid-19 testimin nəticəsi pozitiv çıxdı. Hazırda evimdəyəm, özümü yaxşı hiss edirəm. Ən qısa zamanda komanda yoldaşlarımın yanında olacağam”.

Qeyd edək ki, Yanssen 2017/18 mövsümündə Türkiyənin “Fənərbaxça” klubunda da oynayıb. O, İstanbul klubunda 16 oyuna 4 qolla yadda qalıb. Niderland yığmasının üzvü “Fənərbaxça”dan öncə “Almere Siti”, “AZ Alkmaar” və “Tottenhem” klublarının da şərəfini qoruyub.