AFFA Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba 25 (iyirmi beş), Birinci Divizionda mübarizə aparan hər kluba isə 10 (on) ədəd top verilib. Bu, assosiasiya ilə "Nike" şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində reallaşıb. Verib verib də özləri bilər. Amma vacib idi? Premyer Liqada çıxış edən klubun federasiyanın verdiyi 25 topa ehtiyacı var yəni? Məncə, yoxdur. Deyək ki, “Qarabağ”ın topu yoxdur, yoxsa “Neftçi”nin? Heç “Sumqayıt”ın da top problemi yoxdur. Premyer Liqanı qoy qırağa, fikrimcə, I Divizionda çıxış edən komandalar da cırıq topun ümidinə qalmayıb. Onsuz da 90 faizi AFFA-dan maliyyələşir və hamısına hər mövsüm öncəsi geyim, forma, top paylanır. O topların bilirsiniz kimə ehtiyacı var? Bölgələrədə min zülümlə məşq keçən, futbolçu yetişdirməyə çalışan zəhmətkeş məşqçilərin. Həmin məşqçilərdən Masallıda da var, Göy göldə də, Cəlilabadda da, Qubada vəm yaxud Astarada da. Eləcə də adlarını çəkmədiyim yüzlərcə rayon, kənd və qəsəbələrimizdə. Hansı ki, köhnə topları yamayıb uşaqlara məşq keçirlər.Quru reklam, tərəfdaşlıq, saxta piar kimə lazımdı? Məhv etdiyiniz bölgələrdə uşaq futbolu acınacaqlı durumdadır. Top paylamaq kimi bir xobbiniz varsa, bunu Premyer Liqa klubları üçün yox, həmin bölgələrdəki uşaq komandaları üçün etmək lazımdır. Öz maraqlarınız üçün hətta orta məktəbdə bədən tərbiyəsi dərsində 45 dəqiqə futbol oynayan uşaqların da adını “ölkədə futbolla məşğul olan şəxs” kimi qeydə alıb süni statistik rəqəmlər ortaya qoyursunuz. Guya Azərbaycanda 100 mindən çox insan futbolla məşğul olur. Amma sabah hansısa bölgədən məşqçi gəlib 5 dənə top istəsə 5 cürə sənəd, ərizə, “metirka”, barmaq izi və s. tələb edəcəksiniz...

 

Anar XANLAROV