Nikola Yurçeviç: "Ehtiyacım olmasa da, hakimin üzrxahlığını qəbul etdim"
- 15 Okt 2019 19:00
- 971
"Daha əvvəl belə hadisə ilə qarşılaşdığımı xatırlamıram. Hakim dərhal əlini göstərdi və qolu qeydə almadı. Halbuki futbolçumuz təmiz qol vurmuşdu".
Rekord.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Nikola Yurçeviç deyib. Ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin Macarıstanla səfər oyununda (0:1) baş hakim Dennis Hiqlerin qərarına münasibət bildirib.
53 yaşlı çalışdırıcı hollandiyalı referinin matçdan sonra ondan üzr istədiyini, ancaq bunun heç nəyi dəyişmədiyini söyləyib: "Oyundan sonra yaxınlaşıb üzr istədi və səhv etdiyini bildirdi. Hiqler gənc və yaxşı hakimdir. Buna ehtiyacım olmasa da, onun üzrxahlığını qəbul etdim. Heç-heçə qrupdakı mövqeyimizə təsir etməsə də, 1 xal qazanmaq istəyirdik. Düşünürəm ki, oyunumuzla buna layiq idik".
Yurçeviç hakim səhvinin qrupdakı vəziyyətə də təsir etdiyini bildirib: "Heç-heçə Xorvatiya millisinə də kömək edə bilərdi. İndi isə hər şey çətinləşdi. Ancaq əminəm ki, xorvatlar Slovakiya ilə matçda mümkün olan hər şeyi edəcək və final mərhələsinə vəsiqə qazanacaq. Onlar əvvəlki kimi favoritdirlər".
Təcrübəli məşqçi seçmə mərhələdə gələn ay Uelslə ev, Slovakiya ilə isə səfər matçlarına da toxunub: "Püşkdən sonra hamı bizi asan rəqib kimi görürdü. Bütün gücümüzlə davam edirik. Xorvatiyadan xal götürdük, Macarıstanla görüşdə də bunu etmək istəyirdik. Hər oyun bizim üçün yeni ssenaridir. Son 180 dəqiqədə Uels və Slovakiyanı da təəccübləndirməyə çalışacağıq".