Bakı "İnter"nin sabiq prezidenti Georgi Nikolov "Futbol plus"a müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

- Aktual mövzudan başlayaq...
- Koronavirusdan? (gülür)
- Eynən. Bolqarıstanda vəziyyət necədi?
- Qarışıq vəziyyətdi, açığı, yoluxma sayı gah azalır, gah artır, baş açmaq olmur. İnsanlar müəyyən mənada rahatlaşıblar sanki. Əvvəlki hay-küy, qorxu hiss olunmur. Dünyada bəlkə də yeganə hadisədi ki, buna münasibət bildirməkdə çətinlik çəkirəm. Əsas odu, özüm və ailə üzvlərim sağ-salamatıq.
- Azərbaycandakı durumdan xəbərdarsız?
- Əlbəttə. Hər gün xəbər saytlarını oxuyuram. Aldığım məlumatlar hər gün məni üzür. Yoluxma və ölü sayı günü-gündən artır. Allah hər birinizə kömək olsun, özünüzü və yaxınlarınızı qoruyun. Bu elə şeydi ki, zarafat etmək olmaz. Dövlət rəhbərliyi sağ olsun, qadağalar qoyur, cərimələr tətbiq edir. Bilirəm, insanlar buna qarşıdı, hamı qəfəsdən çıxıb rahat yaşamaq istəyir. Amma ömürlük rahat yaşamaq üçün bir müddət qəfəsdə olmağa dəyər. Bizdə də müəyyən qadağalar var, amma Azərbaycandakı qədər sərt deyil. Məsələn, bizdə küçədə gəzəndə maska taxmaq tələbi qoyulmayıb. Amma qapalı məkana girirsənsə, mütləq taxmalısan. Hətta stadionlarda da maska tələbi qoyulub. Təsəvvür edin, ağzında maska var və sən qışqırırsan, komandanı qələbəyə səsləyirsən. Gülməli mənzərədi. Amma nə etməli?
- Ölkə çempionatı da davam etdirilir, eləmi?
- Bəli-bəli. Çümpionat bərpa olunub burda. Hətta mövsümün başa çatmasında bir neçə tur qalıb. Düzdü, çempionatın xüsusi mənası yoxdu. Sizdə “Qarabağ”dı, burda “Ludoqorets”. Bu komanda rəqibsizdi, növbəti çempionluğunu qeyd edəcək. Dünən (srağagün) isə ölkə kubokunun final qarşılaşmasıydı. Sevimli ÇSKA-mla Plovdiv “Lokomotiv”i qarşılaşırdı. Təəssüf ki, komandam penalti seriyasında məğlub oldu.
- Azarkeş çox idi?
- 45 minlik Respublika stadionuna 12 min adam buraxmışdılar. Sosial məsafə qorunmalıydı deyə, arenanın 1/4-nin dolmasına icazə vermişdilər.
- Getmişdiz?
- Xeyr.
- Nə əcəb?
- Oyun Sofiyadaydı, mən isə paytaxtdan çox uzaqdayam.
- Azərbaycan futbolunda başverənləri izləyirsiz?
- Mütləq və mütləq. Dünən bir xəbər oxudum, zarafatdı, yoxsa gerçək – bilmirəm. Roy Kinlə bağlı yazılmışdı, adı milliyə namizədlər arasındadı (gülür).
- Gerçəkdi, hətta məlumatı AFFA-dan təsdiqləyiblər də.
- (yenə gülür) Kinə qarşı hansısa narazılığım, etirazım yoxdu. Futbolçu kimi bəyəndiklərim arasında olub. Mübarizliyi, sərtliyi ilə yadda qalırdı həmişə. Meydanda ölərdi, amma təslim olmazdı, qısası, “9-cu tağım”. Amma məşqçi kimi heç nə etməyib axı. Səhv etmirəmsə, 2013-cü ildən məşqçilik edir, həmişə də köməkçi. Baş məşqçi kimi bir yığmanın “sükan”ını necə idarə edəcəyi mənə çox maraqlıdı. AFFA Roy Kinlə anlaşsa, olduqca mübahisəli qərar olacaq. Hətta ekzotik qərar deyərdim.
- Biabırçılıq da demək olar. Düz-əməlli futbolçusu olmayan yığmanın başına Roy Kini gətirmək...
- Mənim düşüncəmi bilmək istəyirsizsə, yerli mütəxəssisin tərəfdarıyam. Bunu həmişə demişəm, yenə təkrarlayıram. Azərbaycan yığmasına yerli mentallığı yaxşı bilən, futbolçuların psixologiyasına yaxından bələd olan məşqçi rəhbərlik etməlidi. Allaha şükür, özünüzdə təcrübəli və bacarıqlı mütəxəssislərin sayı o qədərdi ki. Kin Azərbaycan futboluna həm baha başa gələcək, həm də dadı şirin olmayacaq. Adamın əlinin altında “material” olmasa, yazıq oğlan özü də biabır olacaq, yığmanı də pis vəziyyətə salacaq. Məncə, bu seçim pul itkisindən başqa bir şey olmayacaq.
- “Ludoqorets”lə “Qarabağ”ı tərəzinin eyni gözünə qoymağınızdan belə başa düşdüm ki, ağdamlıların növbəti çempionluğu sizi təəccübləndirməyib.
- Təbii ki, yox. Çempionatın əvvəlində sonluğun necə olacağını hiss etmək çətin deyildi. Əsas rəqib “Neftçi” idi, onlar da mövsümə qeyri-sabit başlamışdılar. “Qarabağ”dakı sabitlik davam etsə, hələ bir neçə il bu cür davam edəcək. Büdcə, heyət, keyfiyyət, peşəkarlıq – hər şey sabitdi. Ona görə də hamıdan öndədilər.
- Çempionatın 20-ci turda başa çatdırılması da məqsədəuyğun idi?
- Azərbaycanda koronavirusla bağlı yaşananları, belə deyim, ciddi təhlükəni nəzərə alsaq, ən doğru qərar çempionatı başa vurmaq idi. Futbol yaxşıdı, razıyam. Hamımız oyunlara baxmaq, həyəcanı hiss etmək istəyirik. Amma ondan da vacib canımız, sağlamlığımızdı. Öz aramızdı, azarkeşsiz futbol kimin nəyinə lazımdı? Onsuz da ilkin qərarda qeyd olunmuşdu ki, çempionat bərpa olunsa, oyunlar azarkeşsiz keçiriləcək. Nəyə lazımdı? Kimə lazımdı? Bir azarkeşin sevdiyi komandanın oyununu televizor qarşısında izləməsindənsə, ümumiyyətlə, ona baxmaması 100 dəfə yaxşıdı.
- Bəs idman prinsipləri, medalçı və avrokubok iştirakçısı baxımından haqq-ədalət?
- Orası da düzdü. Dediyim kimi, sağlamlığımızı düşünürüksə, buna getmək lazım idi. Çempionatın bərpası risk olardı. Bu cür riskdənsə, ləğv qərarı daha yaxşıdı. Belə deyim, qoy idman prinsipləri pozulsun, amma insanlar sağlam qalsın.
- Bir də komandalarımızın oyun təcrübəsi olmadan avrokuboklara qatılmalarını təsəvvür edin.
- Bu da məntiqli yanaşmadı. Növbəti mövsüm üçün avrokubok matçlarının təşkil olunacağına inanırsız? Şəxsən mən inanmıram. Bu məsələdə pessimistəm. Düzdü, UEFA insanlara ümid verir, yarışların keçiriləcəyini bildirir. Ancaq mənə elə gəlir ki, bu il alınmayacaq. Alınsa belə, oyunlar azarkeşsiz keçiriləcək.
- Üstəlik, təsnifat mərhələsinin oyunları bir görüşdən ibarət olacaq.
- Bu barədə yazı oxumuşdum. Guya belə olması yaxşıdı? Bunun tək adı nonsensdi. Tutaq ki, “Qarabağ”ın “Barselona” ilə qarşılaşmaq şansı yaranıb. Püşk atılır və oyun “Nou Kamp”da baş tutur. Bu, kimə nə verəcək, qazandıracaq? Azərbaycanlı futbolsevərlər tanınmış futbolçuları canlı görmək şansını itirəcək, “Qarabağ” isə güclü rəqiblə onun meydanında oynamalı olacaq. Heç yaxşı şeyə oxşamır. Belə olmasındansa, olmaması yaxşıdı. Az öncə Azərbaycan çempionatı haqda dediyimin üstündə qalıram. Ölüm-itimdənsə, ləğv qərarı daha yaxşıdı. Çempionlar Liqasını azarkeşsiz, bir oyundan ibarət keçirməkdənsə, keçirməmək daha məntiqlidi.
- “Keşlə”dəki proseslərdən xəbəriniz var?
- Xeyr.
- Saytlarda oxumursuz?
- Saytlarda qarşıma bu adla bağlı xəbər çıxanda dərhal ötüb keçirəm. Xahiş edirəm, “Keşlə” ilə bağlı heç nə soruşmayın. Nədən istəyirsiz danışaq, amma onlardan yox.
- Niyə?
- Çünki “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur. Bu mənim üçün yaralı mövzudu, ona görə də heç nə danışmaq istəmirəm.