Niyaməddin Paşayev 2023-cü il üçün hədəflərini açıqladı
- 26 Yan 2023 17:30
- 452
“Ötən ilin dekabrında bütün yaş qrupları üzrə Azərbaycan çempionatları və birincilikləri keçirildi. Bu yarışın yekuna əsasən yığmaların heyəti müəyyənləşdi. Artıq yeni ilə yenilənmiş komanda ilə start vermişik”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətinə müsahibəsində vitse-prezident Niyaməddin Paşayev deyib.
ATF rəsmisinin sözlərinə görə, əsas hədəf idmanın bu növünün daha da inkişafı, bölgələrdə kütləviləşməsi və populyarlaşması ilə yanaşı, iştirak edəcəkləri bütün yarışlarda Azərbaycan adını daim uca tutmaqdır. Ötən il taekvondoçuların 101 medal əldə etdiyini xatırladan dünya çempionu 2023-cü ildən də gözləntilərinin yüksək olduğunu deyib: “Bu il bizim üçün çox məsuliyyətli bir il olacaq. Çünki qarşıda komandalarımızı mötəbər yarışlar gözləyir. Kişi və qadınlardan ibarət yanvarın 5-dən təlim-məşq toplanışına start veriblər. Turnirlərdə taekvondoçularımız uğurlu iştirak etmək üçün demək olar ki, istirahət etmədən hazırlıqlarını səylə davam etdirirlər. Beynəlxalq yarışlarda mübarizəyə fevral ayından başlayacağıq. Kişilərdən ibarət milli komanda qardaş ölkə Türkiyənin açıq çempionatında, həmçinin İstanbulda təşkil olunacaq “Prezident kuboku”nda iştirak edəcək. Sumqayıt Olimpiya İdman Kompleksində hazırlıq keçən qadın taekvondoçularımız isə fevralın 10-da toplanışın ilkin mərhələsini bitirəcəklər. Onlar ardınca Cənub Koreyada hazırlığa başlayacaq, sonra bu ölkənin açıq çempionatında güclərini sınayacaqlar. Hədəflərimiz və istəklərimiz yüksəkdir. Çalışırıq ki, həmişə olduğu kimi ölkəmizi layiqincə təmsil edib, daim üçrəngli bayrağımızı yüksəklərdə dalğalandıraq”.
Paşayevin sözlərinə görə, bu il qadın taekvondoçularımızdan yeni uğurlar gözləyirlər. Əvvəllər də Azərbaycan millisində işləmiş Sun Mi Parkın yenidən əsas komandaya baş məşqçi təyin edilməsi məhz bu səbəbdəndir: “İnanıram ki, xanım taekvondoçularımız onun rəhbərliyi altında daha yüksək nəticələr qazanacaqlar. Komandanın daha uğurlu çıxışı üçün lazımı şərait yaradılıb və bu il bunun nəticəsini yenidən görəcəyimizə ümid edirik”.
Vitse-prezidentin sözlərinə görə, kişilərdən və qadınlardan ibarət millilərdə nəsildəyişmə prosesi gedir. Hər iki komandaya gənc və perspektivli taekvondoçular cəlb olunublar və bu, yığma tam komplektləşənə qədər davam edəcək: “Məqsədimiz beynəlxalq turnirlərdə onları sınamaq və əsas rəsmi yarışlar üçün bütün çəkilərdə ən güclünü müəyyənləşdirməkdir”.
Paşayev böyüklərdən ibarət yığmalarla yanaşı, aşağı yaş qrupları üzrə milli komandalara da xüsusi diqqət yetirildiyini vurğulayıb. O bildirib ki, uğura gedən yol məhz yeniyetmə idmanından başlayır: “Təbii ki, aşağı yaş qruplarına cəlb olunan idmançılar taekvondomuzun sabahıdır. Biz də sabahımızı daha işıqlı etmək üçün onlara xüsusi diqqət yetirir, təməlin daha möhkəm olması üçün federasiyadan asılı olan hər şeyi edirik. İnanırıq ki, ötən ili rekordlarla başa vuran yeniyetmə və gənc taekvondoçularımız böyük yaş qruplarında da uğurlarını davam etdirəcəklər”.
ATF rəsmisi paratekvondoçularımızın da il ərzində layiqli çıxış edəcəklərinə inam ifadə edib. O vurğulayıb ki, idmançılarımız əla formadadırlar və iştirak edəcəkləri yarışlarda sözlərini deyəcəklərinə inanır.
Vitse-prezident vurğulayıb ki, bu ili gərgin və məsuliyyətli edəcək səbəblərdən biri də Bakıda keçiriləcək dünya çempionatıdır: “Mundiala çox az vaxt qalıb. Bu yarış bizim üçün xüsusi önəm kəsb edir. Məsuliyyətli, eyni zamanda gərgin qrafiklə işləyəcəyik. Məşqlərin bəhrəsini dünya çempionatında görəcəyimizə, taekvondoçularımızın Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Ardınca isə Paris-2024 Yay Olimpiya Oyunlarında bu uğuru davam etdirməliyik”.