“Çempionata yaxşı hazırlaşmışıq, məşqçilərin verdiyi tapşırıqların öhdəsindən gəlmişik. Fiziki hazırlığımız yerindədir, son çalışmalarda taktiki-texniki məşqlərə üstünlük vermişik”.

Rekord.az xəbər verir ki, “Kəpəz”in kapitanı Əli Səmədov “sarı-göylər”in hazırlıq prosesləri haqda danışarkən belə deyib. 

Yarımmüdafiəçi bildirib ki, heyət güclənib, rəqabət artıb. Bu isə komandanın xeyrinədir: “Heç kim bəribaşdan əsas heyətdə yer alacağını deyə bilməz. Çünki böyük rəqabət var. Hamı əlindən gələnin ən yaxşısını etməyə çalışır ki, diqqəti cəlb etsin. Təcrübəli oyunçular kollektivə qoşulub. Komandaya kömək etmək üçün çox çalışırlar. Məncə, onların “Kəpəz”ə çox xeyri dəyəcək”.

Kapitan klub rəhbərliyinin komandanın qarşısında yüksək hədəflər qoyduğunu da əlavə edib: “Niyə də çempion olmayaq? Düşünürəm ki, bu məqsədə çata bilərik. Hamımızın niyyəti çempionluqdur. Hər şey öz oyunumuzdan və çempionatın gedişindən asılı olacaq. Çempion olmasaq belə ilk “3-lük”də yer almaq da pis nəticə sayılmaz. Amma bizim hədəfimiz var və ona çatmaq üçün əlimizdən nə gəlirsə, edəcəyik”.  

Əli Səmədov azarkeşlərə də səslənib: “Azarkeşlər həmişə pis və yaxşı günlərdə bizi dəstəkləyiblər. Xahiş edirəm ki, bu mövsüm də çalışdıqları qədər stadiondan komandaya dəstək olsunlar. Çünki birlikdə daha güclü olacağıq”.