“Turan Tovuz” – “Səbail” matçı üçün Tovuz səfərimiz zamanı fürsətdən istifadə edib Tovuz futbolunun canlı əfsanələrindən biri, “Cəfər” ləqəbli Nizami Sadıqovla da söhbətləşdik. Rekord.az hazırda “Turan Tovuz”un futbol akademiyasında çalışan veteran qapıçı ilə müsahibəni sizə təqdim edir:

 

 

 

- Öncə elə “Turan Tovuz” – “Səbail” matçından başlayaq. Birlikdə izlədiyimiz oyunda “Turan Tovuz” xal itirdi. Səbəb nə oldu sizcə?

- İlk hissə ilə ikinci hissə arasında fərq var idi. İlk hissədə ərazi üstünlüyümüz oldu və bunun nəticəsində qol epizodları yaradıb qollar vurduq. Amma ikinci hissədə fərqli oldu. Bu fərqin səbəbini yəqin ki, baş məşqçi daha yaxşı bilər. Həm də zədə futbolçuarın olması, onlardan bəzilərinin meydançanı erkən tərk etmələri də sözünü dedi. Buna baxmayaraq, 6 xallıq bir oyunda ən azı uduzmadıq və xal götürə bildik.

- “Turan Tovuz”un bu mövsümkü potensialı hansı yerə ümid verir?

- Bilirsiniz, 10 illik fasilədən sonra komanda Premyer Liqaya qayıdıb. Bu mənada əsas məsələ elitada möhkəmlənməkdi. Təbii ki, ümumi planda gələcək üçün görüləcək işlər çoxdur.

- Ayxan Abbasovun işini necə qiymətləndirirsiniz? Yeri gəlmişkən, Tovuzda ona böyük dəstək var. Məsələn, Gəncədə əksər futbol veteranları qəti tələb irəli sürür ki, Gəncədə ancaq gəncəli işləməlidir. Amma Tovuzun futbol veteranları əksinə, bu tip məsələyə normal yanaşır və onlar da Abbasova dəstək verir...

- Ayxan Abbasov bizim üçün qıraq adam deyil ki (gülür). O da bizim bir futbolçumuz olub, indi də məşqçimizdir. Özü də çox istədiyimiz məşqçidir. Sıfırdan komanda qurur, çox işlər görür və görüləsi işlər də çoxdur.

- Hazırda Tovuzun futbol akademiyasında çalışırsınız. Akademiyada vəziyyət necədi, işlər necəgedir? Etiraf edək ki, son illər həm Tovuzda, həm, ümumiyyətlə, Qərb bölgəsində əvvəlki kimi futbolçu yetişmir...

- İşlər normaldı. Bizim əsas məqsədimiz əsas komandaya və Azərbaycan futboluna yaxşı futbolçular qazandlrmaqdı. Aşağı yaş qruplarından ibarət komandalarımızda yaxşı futbolçular, eyni zamanda U-15, U-16 və U-17 komandalarımızdan milliyə dəvət alanlar da var. Bunun davamlı olması üçün təbii ki, daha çox işləmək lazımdır.

- Amma razılaşaq ki, qısa müddətdə bunun olması çətindir. Çünki özünüz də qeyd etdiniz ki, Tovuz 10 il elitadan kənar qalıb. Bu amil özü də yəqin ki, uşaqlarda futbola maraq təsir edib...

- Təbii ki, 10 müddətində itirdiklərimizi az müddətdə qaytara bilmərik. Amma zaman özü nə vaxtsa bu boşluğu dolduracaq. Bizim hədəfimiz, istəyimiz istedadlı uşaqları daha tez üzə çıxarmaqdı.

- İndiki dövrlə, sizin dövrün çempionatlarını müqayisə etsək, hansı fərqlər üzə çıxır?

- İndiki futbolla bizim dövrün futbolu arasında təbii ki, fərqlər var. Taktiki-texniki, sistem və s. Amma futbolçuların ustalıq səviyyəsini götürsək, bizim dövrün futbolçularının ustalığı daha yüksək idi.

- Bəs o dövr stadionlarda olan ajiotajı indi yaşaya bilirikmi? Məsələn, bir neçə tur öncə Tovuzda Qərb derbisi oldu. Sizin dövrün “Turan” – “Kəpəz”, “Kəpəz” – “Turan” derbilərində yaşanan ajiotajı görə bildiniz?

- Bildiyiniz kimi, Gəncənin özündə də xeyli müddət idi böyük futbol yox idi. Bu mənada dediyiniz ajiotajı qaytarmaq, əvvəlki əzəməti yenidən qazanmaq üçün zaman lazımdır. İlk növbədə o dövrün futbolçularını yenidən qazanmaq lazımdır. Son illər Qərb futbolunda əvvəlki futbolçu axını yoxdur. Amma inanıram ki, yaxın illərdə o futbolçular yenidən olacaq. Gərək həmin futbolçular yetişsin, oynasın ki, biz də əvvəlki dediyiniz ajiotajı görək.

- Etiraf edək ki, dövr tək Tovuzda və Gəncədə yox, əksər bölgələrədə yerli futbolçular daha çox üstünlük təşkil edirdi. Məsələn, “Kəpəz”də daha çox gəncəlilər, “Turan”da daha çox tovuzlular oynayırdı ki, bu da oyunlara xüsusi maraq, ajiotaj, rəqabət qazandırırdı...

- Mən sizə bir söz deyim. Təbii, hamısı bizim öz uşaqlarımızdı, azərbaycanlılardı. O dövr biz çempion olanda komandamızda qeyri-tovuzlular da var idi. Amma əsas fərq ondadır ki,o vaxt rəqabət, prinsipiallıq daha çox idi. Heç bir komanda qəti şəkildə uduzmaq istəmirdi.

- Hətta dava-dalaşlar da olurdu...

- O heç, dava-dalaş dünyanın istənilən çempionatında olur. “Fənərbağça” – “Qalatasaray” oynayanda da o dava-dalaş olur.

- Amma indi o prinspiallıq yoxdur. Yəni sizin dövrün “Turan” – “Kəpəz” prinsipiallığını indi görmürük.

- Bəli, o hay-küy yoxdur. Bayaq da dedim ki, bunun üçün Qərb bölgəsindən futbola olan axını bərpa etməliyik,o futbolçular yetişməldir. Hansı ki, həmin azartı, prinsipiallığı geri qaytarsın.

- Sizdən müsahibə götürüb Azərbaycan futbolundakı mövcud qapıçı probleminə toxunmamaq düzgün olmaz. Kamran Ağayevdən sonra ölkə futboluna istedadlı yerli qapıçı axını da dayanıb. Bu gün milli komandada da bu sıxıntını yaşayırıq. Niyə yeri qapıçı yetişmir?

- Bunun əsas səbəbi kimi son illər yerli qapıçıların klublarda az oynamasını görürəm. Əksə klublar legioner qapıçılara üstünlük verir.

- Yerli qapıçı yoxdur deyə oynatmırlar, yoxsa, var, sadəcə klublar bunda maraqlı deyil?

- Mən daha çox bir neçə il qabağa qayıdıram, futboldakı pullu dövrü. Etiraf edək ki, həmin dövrdə klubların 70 faizi legioner qapıçı oynayırdı. O da bizim yerli qapıçıların qarşısını kəsirdi. Son illər yerli qapıçılar şans qazanmağa başlayıb. Amma yenə də elə yerli qapıçı yoxdur ki, klubunda daimi olaraq, əsas heyətdə dayanır, əsas heyətin dəyişməz üzvüdür. Ona görə bunun üzərində də xüsusi işləmək lazımdır. Çünki istedadlı qapıçılarımız var. Mən özüm də öz akademiyamızda bunu görürəm. Onları Azərbaycan futboluna qazandırmaq üçün də zaman lazımdır.

 

Anar XANLAROV, Tovuz