Normal futbol oynayın!
- 08 Sen 2024 11:59
- 258
Bu gün milli Slovakiya ilə oynayır.
Mən "yenə gürcülər filan hesabla uddu", "ermənilər filankəsə qalib gəldi" kimi söhbətləri xoşlamıram, məcbur olmasam misal gətirmirəm. Çünki əhəmiyyəti yoxdu. Əksər hallarda bilərəkdən qeyd etdiyim qonşularımızın nə matçlarına tam, nə də icmalına baxmıram. Mənim Qafqazda futbol (idman) barədə ayrı bir fikrim, baxış bucağım var, bunu bir dəfə ətraflı yazmışam da. Bunun bir tərəfi də budu ki, AFFA-da uzun illər bilərəkdən, ya bilməyərəkdən aparılan yanlış siyasət milli düşüncəmizdə aşınmaya gətirib çıxarıb, bu da komandaya sirayət edib. Uzun məsələdi, ayrıca müzakirə edilməlidi.
Qarşıma Mikautadzenin dünən Çexiyaya vurduğu qol çıxdı (paylaşa bilmirəm, çünki müəllif hüquqlarına görə feysbuk silir). Qapıçıdan başlayıb, paslaşaraq rəqibin pressinqi altından çıxıb, sonra topu hücumçuya qədər itirmədən gətirib toru silkələmələri mənə təsir etdi. Belə qollar klublarda vurulur, görəndə də ağlımıza ilk gələn "Barselona" olur. Klubda mümkündü, çünki heyət daima bir yerdə olur, bir həmləni dəfələrlə edib məntiqi sonluğa çatdırmağın yolunu daha tez tapırlar. Millidə isə bunu etmək üçün xüsusi əməyə ehtiyac var. Ayda-ildə bir dəfə 2-3 günlük toplaşan komandaya sən təzə nəsə öyrədə bilməzsən. Bu işi yığmada bu formada görə bilməyin sadə izahı var: komanda ruhu, futbol sevgisi və yüksək futbol səviyyəsi (ki, verilən tapşırığı tez yerinə yetirməyi bacarasan). Bizdə bu 3 şeydən hansı var?
"Gürcülər futbolda güclüdülərsə, biz də güclü olmalıyıq, gedib dünya çempionu olmalıyıq" deyə bir tələbim yoxdu. Hərə bir sahədə güclü ola bilər. Mənim tələbim heç olmasa orta səviyyəyə gəlib çıxmaqdı ki, ordan sonrasını da istəməyə dilimiz olsun. Mənim tələbim futbola düzgün yanaşmaqdı. Mənim tələbim planlı, məqsədyönlü bir iş görmək, vicdanlı davranmaqdı. Bunlar olsa, nəticə də olacaq, gürcülər də bizə həsəd aparacaq, ermənilər də, başqaları da. Necə olur ki, adamlar Mikautadzeni milliyə cəlb edir, biz Şeydayevi, Höccəti, daha bir neçə yarımfabrikatı? Necə olur ki, biz hər dəfə məşqçi seçimində yanılırıq? Necə olur ki, biz həmişə müdafiədə boşluq veririk, hücumda da dişsizik? Necə olur ki, biz həmişə uduzuruq, amma onlar udurlar?
Axşam Slovakiya ilə oynayırıq. Qələbə olmasa da olar, normal futbol oynayın, bəsimizdi. Heç olmasa bundan başlayaq.
Kənan Məstəliyev