Norveç hökumətindən futbola “yaşıl işıq”
- 08 May 2020 13:21
- 595
Futbol üzrə Norveç çempionatında yeni mövsümə iyunun 16-da start verilə bilər.
Rekord.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyasının yaydığı məlumatda bildirilir.
Xəbərdə qeyd olunub ki, Norveç hökuməti ölkədəki koronavirusla bağlı karantin qaydalarını tədricən yumşaltmağa başlayıb. Ölkə rəhbərliyi hətta iyunun 16-dan etibarən futbol oyunlarının da keçirilməsinə razılıq veriləcəyini açıqlayıb. Bu üzdən də federasiya və yerli klublar yeni mövsümə məhz iyunun ortalarından etibarən start verməyə hazırlaşırlar. Yeri gəlmişkən, qarşıdakı mövsümün “yaz-payız” sistemi ilə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Norveçdə yeni mövsümə aprelin 4-də start verilməli idi. Amma koronavirus pandemiyası ilə əlaqədar əksər ölkələrdə olduğu kimi, Norveçdə də bütün idman yarışları təxirə salınıb.