Azərbaycan Premyer Liqasının XXVI turunun matçlarından sonra 4 futbolçu cəzalı duruma düşüb.

Rekord.az xəbər verir ki, "Qarabağ"dan Kevin Medina, "Neftçi"dən Mert Çelik, "Sabah"dan Filip İvanoviç və "Keşlə"dən Anatole Abanq komandalarının son oyunlarında sarı vərəqə gördükləri üçün XXVII turu buraxmalı olacaqlar.

Həmçinin "Sumqayıt"ın müdafiəçisi Cəmaləddin Xocaniyazov və "Sabah"ın məşqçisi Miloş Yevtiç də cəzalıdır.

"Sabah"la XXV tur matçında birbaşa qırmızı vərəqə gördüyü üçün 4 oyunluq diskvalifikasiya olunan Xocaniyazov bu mövsüm Premyer Liqa oyunlarında iştirak etməyəcək. O, yalnız "Keşlə"yə qarşı Azərbaycan Kubokunun final görüşündə forma geyinə bilər.

"Neftçi" ilə XXIV tur qarşılaşmasında təhqiredici jest etdiyi üçün 5 oyunluq cəza alan Yevtiç üçün isə mövsüm vaxtından əvvəl başa çatıb. Serbiyalı mütəxəssis qarşıdakı 2 oyunda da texniki zonada olmayacaq.

Premyer Liqanın XXVII turunda "Sumqayıt" "Neftçi"ni, "Qarabağ" "Keşlə"ni, "Qəbələ" "Sabah"ı, "Zirə" isə "Səbail"i qəbul edəcək. Bütün oyunlar mayın 14-də keçiriləcək.