18 may 1992-ci ildə ermənilər tərəfindən işğal edilmiş Laçın rayonu nəhayət 28 il sonra 1 dekabr 2020-ci ildən etibarən yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir.

 

Laçın rayonundan olan futbol adamı deyiləndə ilk ağıla gələn tanınmış mütəxəssis Novruz Əzimovdur. 

 

Doğma rayonunun işğaldan azad edilməsi münasibəti ilə Əzimovu həm təbrik etdik, həm də Laçın rayonunun futbol tarixi ilə bağlı məlumat öyrənməyə çalışdıq. 

 

Rekord.az xəbər verir ki, Novruz bəy fanat.az-a açıqlamasında bildirdi ki, Laçın rayonunda nə SSRİ dönəmində, nə də işğala qədərki vaxtlarda futbol ənənəsi olmayıb: 

 

"Bizim Laçın rayonunda, ümumiyyətlə, komanda olmayıb. Xatırladığım qədərilə, Zəngilanda vardı. SSRİ dönəmində Azərbaycan çempionatının II dəstəsində çıxış edirdi. Hətta yadımdadır ki, Eldar Əzimzadə orada hakimlik edirdi. Ağdamda isə futbol klubu həmişə olub. "Məhsul" adı ilə də, başqa adla da çıxış edib. SSRİ çempionatında II dəstənin 9-cu zonasında iştirak edib. Ağdam klubu hətta SSRİ birinciliyində də mübarizə aparıb. Bir də Xankəndindən komanda vardı. Ancaq ondan başqa klublar olmayıb". 

 

Maraqlıdır ki, futbol ənənəsi olmayan rayondan necə olub ki, Novruz Əzimov futbola gəlib sualına isə, mütəxəssis, "Mən 1 yaşımdan Mehdiabadda yaşamışam. Ailəmiz o vaxtdan bura köçüb. Mən də futbolla elə Mehdiabadda məşğul olmuşam", deyə cavab verib. 

 

Novruz Əzimovla söhbətimizdə, AFFA-nın bir neçə gün öncə yaydığı "İşğaldan azad olunan rayonlarda futbol klubları yaradılacaq və Region Liqasında çıxış edəcəklər" bəyanatını xatırladıq və bu rayonlarda futbol klubları yaradıldıqdan sonra orada gedib işləmək istəyərmi deyə soruşduq.

 

"Onu indi yox, 27 il əvvəl demişəm. "Futbol+" qəzetinin arxivində yüz faiz var. Mənim ən böyük arzularımdan biri olub ki, orada futbol klubları yaransın və mən də bir futbol adamı kimi gedim əlimdən gələni edim. Bu arzu var, amma onu da qeyd etməliyəm ki, AFFA çox söz deyir, lakin verdiyi hər sözü yerinə yetirmir.

 

Çox güman ki, dövlət proqramı olacaq və dövlətimizin qarşısına qoyduğu planların həyata keçirilməsi üçün futbol mütəxəssisləri lazım olacaq. Ancaq AFFA-dakılar yenə gedib "qaqulya"larını, dostlarını gətirib futbol funksioneri edəcəklər. Gedib Qarabağda da pul silməklə məşğul olacaqlar, vəssalam. Ancaq elə olmamalıdır. İstəsələr, Azərbaycanda futbol inkişaf edər. Amma hazırki AFFA rəhbərliyi bunu istəmir. 

 

Şükürlər olsun ki, müharibə qələbəmizlə başa çatdı. Bundan sonra da sözsüz ki, futbol sahəsinə də diqqət artacaq. Bu sahədə də islahatlar aparılacaq və futbolumuzun bu gündə olmasının səbəbkarlarını futboldan rədd edəcəklər", deyə Əzimov qeyd edib. 

 

Novruz Əzimov 19 mart 1960 Laçın rayonunun Alıqulu kəndində anadan olmuşdur. Amma Mehdiabad qəsəbəsində böyüyüb. 1982-1992-ci illərdə "Neftçi" klubunun heyətində çıxış edib. Bu müddət ərzində 146 oyunda meydana çıxıb 5 qol vurub.

 

1992-ci ilin martında könüllü olaraq, cəbhəyə yollanıb. Mayın 2-si, ya 3-ü Bakıya ezamiyyətə gəlib. Şuşa alınan gün, 1992-ci il may ayının 8-də ilk milli çempionatın açılış turunda Sumqayıt "Xəzər"inə qarşı "Neftçi" klubunun formasını geyinib. Səhərisi isə tək öz maşını ilə Laçına yollanır. O vaxtlar Arif Paşayevin rəhbərlik etdiyi 811-ci Laçın alayının tərkibində döyüşüb.