“Xocalı” FK-da yeni təyinatlar baş tutub. 

Rekord.az xəbər verir ki, Azər Cabbarov klubun idman direktoru vəzifəsinə təyin edilib.

Karyerası ərzində "Xəzri" (Buzovna), "Fərid", "Bakılı", "Kəpəz", "Qarabağ", "MKT-Araz", "Qəbələ", "Karvan", "Muğan", "Abşeron" və "Neftçala" klublarının heyətində çıxış etmiş A kateqoriyalı 42 yaşlı mütəxəssis "Əlincə"nin U-13 komandasının baş məşqçisi olub, "Zirə" və "Neftçala"da isə köməkçi məşqçi vəzifələrində çalışıb.

Cabbarov bundan öncə sözügedən klubda baş koordinator vəzifəsini icra edirdi.

Novruz Əzimov isə “Xocalı”nın baş koordinatoru vəzifəsinə təyin olunub. 

"Kəpəz” , AZAL və "Neftçi" klublarında məşqçi kimi çalışmış PRO kateqoriyalı mütəxəssis "Bakı”nın baş məşqçisi və idman direktoru vəzifələrində çalışıb. Baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub (2011/2012).