“NTD-yə qarşı həqiqətən də çox pis oyun sərgilədik”
- 25 Yan 2025 16:40
- 92
“Naxçıvan”ın baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasının 12-ci turunda NTD ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, mütəxəssis komandasının müdafiədə çox zəif oynadığını bildirib:
“Bu gün həqiqətən də çox pis oyun sərgilədik. Həm müdafiədə, həm də hücumda matça köklənə bilmədik. Rəqibin 95 xalı da bunun bariz numunəsidir. Müdafiədə çox pis çıxış etdik. Təəssüf ki, ikinci dövrəyə yaxşı start vermədik. Ardıcıl olaraq həm “Neftçi”yə, həm də NTD-yə uduzduq. Halbuki komanda bundan öncə liderliyə də yüksəlməyi bacarıb. Ümid edirəm ki, “Sərhədçi” ilə matça daha yaxşı köklənərik. Çatışmazlıqları aradan qaldırıb növbəti görüşə qalib gəlmək üçün çıxmalıyıq. Bundan sonrakı qarşılaşmalarda xarakter nümayiş etdirməliyik. Bilirəm ki, bunu edəcək gücdəyik. Tezliklə özümüzə gəlməliyik”.
Bakı İdman Sarayında keçirilən A qrupunun “Naxçıvan” - NTD görüşündə qonaqlar 95:70 hesablı qələbə qazanıb.