Nuriyev yığmamıza dəvət almasından danışdı
- 16 Mar 2021 16:20
- 602
Ukraynanın “Minay” klubunun hücumçusu Anatoli Nuriyev Azərbaycan milli komandasına dəvət almasından danışıb.
Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu Ukrayna mətbuatına açıqlamasında bunları söyləyib:
“Yeni çağırışları sevirəm. Əvvəlcə “Minay”ın heyətində ilk dəfə Ukrayna kubokunun yarımfinalına çıxdıq, daha sonra isə Premyer Liqaya vəsiqə qazandım. İndi də Azərbaycan milli komandası ilə beynəlxalq arenada növbəti sınaq var. Artıq iki dəfə yığmanın baş məşqçisi Canni De Byazi ilə görüşmüşəm və mənə güvəndiyini söyləyib. Onun bu etimadı mənə ilham verir. Onu və azarkeşləri məyus etməməyə çalışacağam.
Martın 21-də İtaliyada Azərbaycan yığmasına qoşulacağam. 3 gün sonra Turində Portuqaliya yığması ilə oyun var. Ümid edirəm ki, beynəlxalq arenada qazanacağım təcrübə irəliləməyimə kömək edəcək”.
Martın 24-də Turində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisi 3 gün sonra Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq görüşünə çıxacaq. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv martın 30-da isə Bakı Olimpiya Stadionunda Serbiya ilə qarşılaşacaq.