Nurlan İbrahimovun cəzası bir neçə ilə endirilə bilər
- 08 Okt 2021 19:00
- 490
“Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsindəki (CAS) prosesi yekunlaşdı. Gözlənildiyi kimi, gərgin keçdi. Hakim sağ olsun, bizi və qarşı tərəfi eyni vaxtda dinlədi və fikrimizi eşitdi. Sonda Nurlanın ayrıca çıxış etməsini istədik. Buna da şərait yaradıldı”.
Rekord.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev İdman Arbitraj Məhkəməsində (CAS) UEFA-ya qarşı şikayət ərizəsi əsasında keçirilmiş məhkəmə prosesi barədə danışarkən deyib.
O, qərarın noyabrın 25-dək açıqlanacağını bildirib: "Hakim heyəti müşavirəyə getdi. Qərar ən geci noyabrın 25-dək açıqlanacaq. Öz xeyirimizə də məqamlar oldu. Qarşı tərəf arqumentlər gətirsə də, hakim heyəti bizim fikrimizi də eşitdi. Prosesin gedişatından şikayətimiz yoxdur. Bu baxımdan, hər şey qaydasındadır".
Haqverdiyev qarşı tərəfin italyan əsilli vəkillə təmsil olunduğunu vurğulayıb: "O, İsveçrədəki hüquq şirkətindən idi. Vəkillə birlikdə UEFA-nın iki nümayəndəsi iştirak edirdi. Ümumulikdə 3 nəfərdən ibarət tərkibdə təmsil olunurdular. Onların başlıca arqumenti o idi ki, Nurlan İbrahimov həddindən artıq ağır sözlər işlədib və bunlar qəbuledilməz çağırışdır. Bu səbəbdən, sanksiya qüvvədə qalmalıdır. Bizim də əks arqumentimiz ondan ibarət idi ki, bu, affekt vəziyyətində yazılıb və cəza verilərkən emosional durum nəzərə alınmayıb. Əsas araşdırma mövzusu statusun yazılma tarixi, əsaslandırmalar və həmin vaxt baş verən hadisələr idi. Məhkəmədəki qarşılıqlı müzakirələr bu cür gedirdi".
Vəkil UEFA-nın feysbukda yazılan statusu ciddi qəbul etdiyini diqqətə çatdırıb: "Onların fikrincə, "Qarabağ" klubunun Mətbuat katibi həmişə göz qabağındadır, azarkeşlər onu hər zaman izləyir. Avrokuboklarda çıxış edən klubun nümayəndəsinin profilini müxtəlif sosial şəbəkələrdə izləyirlər. Onların qənaətinə görə, status dünyada yayılmışdı. Bu səbəbdən, məsələyə ciddi yanaşırdılar".
Hüquq müdafiəçisi prosesin nəticəsi ilə bağlı nə isə deməyin tez olduğunu söyləyib. O, qənaətbəxş nəticəyə ümid etdiklərini dilə gətirib: "Yekunda qərarın bizim xeyirimizə olacağına ümidvarıq. Çox təəssüf ki, əvvəlcədən fikir bildirmək olmur. Amma dinlənilməyimiz və Nurlanın fərdi şəkildə dinlənilməsi müsbət məqamdır. Ümid edirəm ki, nəticə bizim istədiyimiz kimi olacaq. Hakimlər heyətinin hansı qənaətə gələcəyini bilmirik. Ola bilər, heyət düşünsün ki, ömürlük cəza həddindən artıq ağırdır. Futboldan ömürlük kənarlaşdırılma cəzasını bir neçə illə əvəzləyə bilərlər. Həm də o qənaətə gələ bilərlər ki, cəza bir ildən çox çəkilib və əlavə cəza olmasın. Ancaq yekunda hansı qərarın verildiyini görə biləcəyik".
Haqverdiyev noyabrın sonunadək yeni prosesin gözlənilmədiyini deyib: "Bu, ilk və sonuncu dinləmə idi. Heyət qərara gəlsə ki, əlavə şahidlər dindirilməlidir və nələrsə dəqiqləşdirilməlidir, növbəti proses keçirilə bilər. Amma açığı, bu, real görünmür. Çünki onların bütün sualları cavablandırılıb və narahat qaldıqları məqamlar aydınlaşdırılıb. Hər iki tərəfin də mövqeyini alıblar. Ona görə də əlavə iclasın keçirilməsi gözlənilmir. Ola bilər ki, yazılı şəkildə dəqiqləşdirmələr istənilsin. Bu da çox aşağı ehtimaldır. Noyabrın 25-dək olan vaxt maksimal müddətdir. İclasdan əvvəl bu vaxtın qərar üçün son tarix olduğu müəyyənləşib. CAS-ın qaydalarına əsasən yekun qərar, araşdırıldıqdan sonra verilməlidir".
Vəkil UEFA-nın məsələyə çox ciddi yanaşdığını bildirib: "Nurlan İbrahimovun dediyi kimi, onları təmsil edən şəxs İsveçrənin və dünyanın ən güclü 5 hüquqi şirkətlərindən biridir. Bu da Avropa futbol qurumunun işə nə dərəcədə önəm verdiyini göstərir. Hamıya bəllidir ki, məsələnin siyasi tərəfi də var. Şikayətin UEFA-ya və geniş auditoriyaya təqdim olunmasında mənfur qonşularımızın da böyük rolu olub. Prosesdə birbaşa təzyiq görünmədi. Tərəflərə bərabər imkan yaradıldı və çıxış üçün kifayət qədər vaxt verildi. Biz sərbəst suallar verə bilərdik. Öz mövqeyimizi müdafiə edirdik. Məhkəmədə qarşı tərəfdən və heyətdən hansısa müdaxilə yox idi".
Hüquq müdafiəçisi prosesə sədrlik edən hakimin Almaniya, digər hakimlərin isə Polşa və İngiltərə vətəndaşları olduqlarını söyləyib: "Onlar müəyyən fikir bildirmirdilər. Çünki neytrallıqlarını qorumalıdırlar. Müxtəlif suallar verirdilər və qarşı tərəflərin fikirlərini öyrənirdilər. İndiki mərhələdə onların adlarını açıqlaya bilmərəm. Yalnız iş bitəndən sonra məlumat verilə bilər".
Vəkil CAS-ın məhkəmələrinin bir qayda olaraq qapalı keçdiyini vurğulayıb: "Bütün dinləmələr ictimaiyyətə qapalı olur. Yekun qərar isə CAS-ın əmri ilə açıqlanır".
Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.